Moderator.az xəbər verir ki, sentyabrın 13-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bu il qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.
Akademiyanın rəisi, polis
general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açaraq müdavimləri salamlayıb, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil
Usubovun təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Ulu
öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid
olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət
himni səslənib.
Sonra müdavimlər tağımlarla sıra meydanında öz yerlərini tutub və Polis andını qəbul ediblər.
Valideynlər adından çıxış
edən Mədət Məmmədov bildirib ki, bu gün birinci kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri
sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə
seçilən Polis Akademiyasında təhsil
almaq çox qürurverici və şərəflidir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ali
hakimiyyətə qayıdışından sonra gənclərə dövlət qayğısı daha da gücləndirilib.
Ümummilli liderimizin bu sahədəki siyasəti hazırda möhtərəm Prezident cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirə yekun vuran polis
general-mayoru Nazim Əliyev əminliklə qeyd edib ki, bu gün həyatlarının ən xoşbəxt
günlərindən birini yaşayan Polis Akademiyası müdavimlərinin bu müqəddəs yerdə
and içmələri onların yaddaşına əbədi həkk olunacaq. Akademiyanın rəisi Polis
andını qəbul etmiş müdavimlərə dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi
bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyyə
edib. Andiçmə mərasimini təntənəli keçidlə başa çatdırdıqdan sonra müdavimlər
Dövlət Bayrağı Meydanının Muzeyi ilə də tanış olublar.