Paytaxtın ən bərkgedən pediatiriya müəssiusəsi- Qarayev adına uşaq xəstəxanasında üzləşdiyi eybəcərliyə etiraz edən Aytən Səfərova Moderator.az vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etmək qərarına gəlib və fikirlərini olduğu kimi təqdim etməyimizi xahiş edib:
“Hörmətli redaksiya!
Müraciətimi səhiyyə naziri, çox hörmətli Oqtay
Şirəliyevə olduğu kimi yönəltməyinizi xahiş edirəm.
İki gün öncə qızımı çox tanınmış uşaq xəstəxanalarından
birinə apardım. Qocaman həkim, gözəl insan Fərhad həkim bizi analizləri vermək
üçün tibb bacılarına yönəltdi. Gənc tibb bacısı analizləri götürdü və utanmadan
30 manat istədi. Mən eşitdiyimə inanmadım. Ancaq neynəmək olardı, pulu ödəyib
çıxdıq, "bir saatdan sonra yaxınlaşarsınız" deyə qız arxamızca səsləndi...
“UZİ” adlanan müayinə otağına yaxınlaşdıq və
növbəmizi gözləyib içəri keçdik, orta yaşlarında olan həkim xanım qızımı şirin
dili ilə söhbətə tutaraq müayinə etdi, əvvəlki mənzərədən sonra bu mənzərə məni
təəccübləndirdi, özümü saxlaya bilməyib həkim xanıma laboratoriyada başımıza gələni
danışdım. UZİ həkimi də problemi təsdiqlədi: "Bəli, laboratoriyadan çox xəstələr
şikayət edirlər".
Çıxdıq və bir valideynin də laboratoriyada qan analizi üçün 50 manat ödədiyini eşitdik, o valideyn də təəccüblənirdi ki, "axı özəl klinikada mən bu qədər pul ödəməmişəm, bu nə biabırçılıqdı?". Analizlərin vaxtına hələ vardı, buna görə laboratoriyanın qarşısında durub, "analiz bazarını" xeyli izlədim və artıq təəccüblənmirdim. Çünki buranın laboratoriya yox, açıq səhiyyə bazarı olduğunu öz əməlləri ilə sübut edən tibb işçiləri çəkinmədən açıq-aşkar öz işlərində idilər...
Nəhayət, cavabları almaq üçün laboratoriya
müdirəsinin otağına daxil oldum, xanım o qədər bər- bəzəkli, dəbdəbəli bəzənmişdi
ki, bir an düşündüm ki, görəsən həkimdir, ya başqa sənət sahibi...?
Nə isə,
analizlərin cavabını mənə izah edəndən sonra təşəkkürümü bildirdim və sual
verdim: "Xanım, bu laboratoriyada qan analizi, yaxud ümumiyyətlə, analizlərin
qiyməti haqqında məlumat istəyə bilərəmmi?". Həkim guya təəccüblənirmiş
kimi "nə olub ki?" dedi. Dedim, heç özəl xəstəxanada mən analiz üçün
30 manat pul ödəmədim, ödəniş cədvəlinizi mənə təqdim edə bilərsinizmi?
"Siz çıxın, mən indi o tibb bacısı ilə danışaram"- deyə məni yola
saldı. Qəribə haldır, “tibb işçiləri yox, yaxşı aktrisalar olar bunlardan” deyə
komediyanın axırını izləməyə qərar verdim...
Çox keçmədən analiz götürən gənc xanım mənə yaxınlaşıb, 5 manat uzatdı. "Bu nədir" deyə sordum. "Bizim xəstəxanada qiymətlər belədir, ambulator xəstələrdən az alırıq, belə xəstələrinsə qiyməti budur" dedi. "Aydındır, sizin bu qiymətlər cədvəlini mənə göstərə bilərsiniz" soruşdum və "xeyr" cavabı aldım, çünki qanunsuz işlər görürlər. Xanım uzaqlaşdı və nəhayət, həkimin otağına daxil olduq, həkim çox diqqətlə analizlərə baxaraq, yenidən özü müayinə etdi, lazım olan dərman preparatlarını və hansı qidalar qəbul edə biləcəyini yazdı, izah etdi.
Və mən Qarayev adına uşaq xəstəxanasının həkimi olan Fərhad həkimə təşəkkürlərimi bildirirəm. Yaxşı ki, hələ belə həkimlərimiz var, yoxsa xəstələnsək də həkimə müraciət etmək istəmərik. Bu xəstəxanada daha bir neçə gözəl insan, həqiqi həkimlərin adlarını qeyd etmək istəyirəm - baş həkimin müavini Eldar həkim və pediatr Şəhla xanım. Elə bu ilin qış fəslində internat məktəbinin iki körpəsini tamamilə təmənnasız müalicə etdilər və lazım olan bütün preparatlarla təmin etdilər.
Sonda bunu qeyd etmək istəyirəm: çox hörmətli səhiyyə işçiləri, çox hörmətli səhiyyə nazirimiz, hər birimiz bilirik ki, özəl klinikaların çoxu ancaq pul yığmaqla məşguldular, heç olmasa dövlət xəstəxanalarındakı bazara son qoya bilərsinizmi...?
Aytən Səfərova