Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Şuranın mətbuat xidmətinin rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevlə bağlı Xətai Rayon Məhkəməsində aparılan məhkəmə prosesi davam edir. Sentyabrın 23-də növbəti məhkəmə prosesi keçiriləcək.
Məlumat
üçün qeyd edək ki, O.Gülalıyevin azyaşlı övladı Əli Gülalıyev xuliqanlıqda
ittiham olunur. O, 2013-cü ilin sentyabrında təhsil aldığı 165 saylı məktəbdə
davada iştirakda təqsirləndirilir. O.Gülalıyev isə hesab edir ki, həmin davada
ciddi xəsarət alan Ə.Gülalıyevin təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb
edilməsi baş verənlərin siyasi sifariş olduğunu göstərir.
“Oqtay Gülalıyevin övladına
qarşı irəli sürülən ittiham absurddur”
Məsələyə
münasibət bildirən siyasilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin bir çoxu baş
verənlərin O.Gülalıyevin siyasi fəaliyyəti ilə bağlı olduğunu və “yuxarıların”
məlum olaydan hüquq müdafiəçisinə təzyiq məqsədilə istifadə etdiyi qənaətindədir.
Onların fikrincə, hakimiyyət O.Gülalıyevin hüquq müdafiəçisi və siyasi fəal
kimi aktivliyini neytrallaşdırmaq, onu öz mövqeyindən geri çəkilməyə vadar etmək
üçün Milli Şra üzvünə övladı vasitəsi ilə təzyiq göstərməyi daha məqsədəuyğun
hesab edir.
Bununla
bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən sabiq millət vəkili,
Milli Şura üzvü Gültəkin Hacıbəyli də baş verənlərin O.Gülalıyevin siyasi fəaliyyətindən
qaynaqlandığı qənaətindədir. G.Hacıbəylinin sözlərinə görə, baş verənlərin
arxasında siyasi motivin dayandığı aydındır və bunun məxsusi şərhə ehtiyacı yoxdur:
“Baş
verənlərin siyasi mahiyyət daşıdığı birmənalıdır. O.Gülalıyevin övladına qarşı irəli sürülən ittihamlar əsassız
və absurddur. Əslində Oqtay müəllimin özünə qarşı hücum olmuşdu. Ona çox ciddi
xəsarət yetirilmişdi. Ə.Gülalıyev bıçaqlanmışdı və bu gün də onu bıçaqlayan şəxslər
müəyyənləşdirilməyib. Həmin şəxslər məsuliyyətə cəlb edilməyib. Oqtay bəyin
oğluna dəyən ziyan ödənilməyib. Bütün
bunlar həyata keçirilmədiyi təqdirdə
Oqtay müəllimin övladına saxta ittihamla ”“məktəbdə uşaqlarla dava etməkdə,
yəni xuliqanlıq hərəkətləri törətməkdə ittiham edirlər”.
“Məktəbdə uşaqlar arasında dava qeyri-adi hərəkət
deyil”
Sabiq millət vəkilinin qənaətincə,
Ə.Gülalıyevlə bağlı baş verən olayın Bakı Şəhər Baş Polis İdarəsi səviyyəsinə
qaldırılmasının özü də absurddur:
“Birincisi, məktəbdə
uşaqlar arasında dava qeyri-adi hərəkət deyil. Əgər bu hadisə baş veribsə belə
buna ilk növbədə məktəbin pedaqoji kollektivi, məktəbin müdriyyəti müdaxilə
edir. Əgər bu davalar ictimai asayiş
üçün ciddi təhlükəyə çevrilirsə, o zaman sahə müvəkkilinə müraciət olunur. Yəni
məktəbdə şagirdlər arasında dava olanda ilk növbədə bu addımlar həyata
keçirilir. Oqtay bəyin oğluyla bağlı məsələdə belə bunların heç biri həyata
keçirilməyib. Məktəbdə heç bir araşdırma aparılmadı. Heç sahə müvəkkili də
problemin həllinə cəlb edilmədi. Birdən-birə Bakı Şəhər Baş Polis İdarəsinə
Oqtay bəyi dəvət etdilər və ona övladının xuliqanlıq hərəkəti törətməsi ilə
bağlı məlumat verirlər”.
“Baş verənlər Oqtay bəyin siyasi fəaliyyətinə bir
cavabdır”
O.Gülalıyevin öz siyasi fəaliyyəti,
habelə yüksək insani keyfiyyətləri ilə cəmiyyətdə böyük hörmət və ehtiram
qazandığına diqqət çəkən G.Hacıbəyli, hüquq müdafiəçisinin övladının da öz mədəniyyəti
və əxlaqı ilə müsbət mənada diqqət çəkdiyini vurğuladı:
“Mən hesab edirəm ki,
bütün bunlar Oqtay bəyin siyasi fəaliyyəti ilə bağlı ona edilən təzyiqdir. Oqtay
bəy çox mənəviyyatlı, əxlaqlı, mədəni bir insandır. Məhz buna görə də onu həm
Milli Şura üzvləri, həm vətəndaş cəmiyyəti tənmsilçiləri ona yüksək dəyər verir,
yüksək səviyyədə qiymətləndirirlər. Oqtay bəyin oğlu da çox mədəni bir uşaqdır.
Düşünürəm ki, bu təzyiq Oqtay bəyin siyasi fəaliyyətinə bir cavabdır”.
“Oqtay Gülalıyevi bu cür təzyiqlərlə sıradan
çıxartmaq mümkün deyil”
Sonuncu məhkəmə prosesində
iştirak etdiyini bildirən G.Hacıbəyli, qarşı tərəfin öz iddiasından imtina edəcəyinə
ümidvar olduğunu qeyd etdi:
“Mən sonuncu məhkəmə
prosesində iştirak etdim. Prosesdə zərərçəkən tərəf iştirak etmirdi, necə ki,
bundna öncəki prosesə də gəlməmişdi. Lakin buna baxmayaraq hazırlıq iclası baş
tutdu. Bu prosesə də zərərçəkən tərəf gəlməmişdi. Hər şeydən görünür ki, əslində
heç kim bu hadisədən zərər çəkməyib. Mən ümid edirəm ki, Oqtay bəyə qarşı bu
addımı atan, onu azyaşlı övladı, 17 yaşlı uşağı ilə sınağa çəkən insanlarda az
da olsa sağlam məntiq baş qaldıracaq və bu mənasız iddianı geri çəkəcəklər”.
G.Hacıbəylinin sözlərinə
görə, O.Gülalıyevi bu cür vasitələrlə geri çəkilməyə vadar etmək mümkün deyil və
əgər kimsə buna ümid edirsə, öz gözləntilərində yanıldığını tezliklə
anlayacaqdır:
“Oqtay bəyi bu cür təzyiqlərlə
sıradan çıxartmaq mümkün deyil. Onu bununla Milli Şuradan uzaqlaşdırmaq
imkansızdır. Ikincisi, öz övladı olan, öz övladını düşünən insan gərək başqalalarının
övladına qarşı bu qədər vicdansızlığa yol verməsin. Mənim düşüncəm bundan ibarətdir”.
Seymur Əliyev