Bugünlərdə Ukrayna prezidenti Petro Poroşenko NATO-nun artıq ölkəsinə hərbi yardım göstərməyə başladığını bildirib. Məlumat üçün qeyd edək ki, NATO-nun Ukraynaya dəstəyi gözlənilsə də, bəzi siyasi ekspertlər bu dəstəyin formal xarakter daşıyacağını və proseslərə ciddi təsir göstərməyəcəyi qənaətində idi. Fəqət bugünlərdə alman tanklarının Ukrayna ərazisinə daxil olması ilə bağlı yayılan informasiyalar NATO-nun Rusiya təlükəsi qarşısında Ukraynanı təkbaşına buraxmaq niyyətində olmadığını göstərir.
“Zaman Ukraynan xeyrinə,
Rusiyanın əleyhinə işləyir”
Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri,
politoloq İlqar Altayın fikrincə, artıq bundan sonra Ukrayna ilə bağlı məqsədlərini
reallaşdırmaq Rusiya üçün ikiqat çətin olacaq. Politoloqun fikrincə, Rusiyanın
işğalı üçün ən əlverişli zaman Maydan inqilabından sonrakı dövr idi, hansı ki,
həmin vaxt Ukraynanın yoparlanması müəyyən zaman və güc tələb edirdi. Bu gün isə
artıq o imkan itirilib:
“Rusiya-Ukrayna
hərbi münaqişəsi sonu görünmür. Fəqət bu da sirr deyil ki, indiki münaqişədə
zaman Ukraynan xeyrinə Rusiyanın əleyhinə işləyir. Putin Maydan inqilabından
sonrakı Ukraynanı hakimiyyətsiz, ordusuz, iqtisadiyyatı dağılmış qonşu olkə
kimi yaxalamışdı. Və nə edəcəkdisə, ona həmin ilk dövrdə edə bilərdi. Krımı
rahatlıqla ələ keçirdi. Şərqi Ukraynanın ələ keçirilməsində bir qədər gecikdi və
artıq müqavimətlə üzləşdi. Odessa və Xarkovda istəyini heç həyata keçirə bilmədi.
Kiyevi və bütün Ukraynanı zəbt etmək isə, "Velikorus" ambisiyaçıları
ürəyində bir arzu kimi qaldı”.
“Mövcud vəziyyət Qərb strateqlərinə
sərf edir”
İ.Altayın
fikrincə, Ukrayna qısa müddət ərzində özündə güc taparaq topralanmağa başladı
ki, bu məsələdə Qərbin dəstəyi heç də az rol oynamadı:
“Ancaq
zaman keçdilcə Yanukoviçdən və Moskva kəndirindən xilas olmuş Ukrayna dirçəlib
ayağa durmağa başladı. Moskvanın hərbi və başqa təxribat təzyiqlərinə baxmayaraq,
öz legitim prezidentini seçdi, dovlət strukturlarını, iqtisadi bazasını, beynəlxalq
əlaqələrini, ordusunu qurmağa başladı. Möhkəmlənmə bu gün də, hər gün, hər saat
davam edir. Təbii ki, bunlar Qərbin və bütün sivil dünya ictimaiyyətinin güclü
dəstək və köməyi hesabına baş verir”.
Politoloqun bildirdiyinə görə, Ukrayna və Rusiya
ordusu arasında kütləvi qırğın silahlarının istifadə edilmədiyi savaş əslində Qərb
strateqlərinə də sərf edir:
“ABŞ,
NATO, Avropa Birliyi beynəlxalq hüquq normaları əsasında Ukrayna ilə hərbi
yardıma əsas verəcək lazımı rəsmi razılaşmalar bağlayıblar. Bu əsasda ABŞ
instruktorları, Almaniya tankları, müxtəlif müasir silahlar Ukraynaya
yeridilir, birgə təlimlər keçirilir. Tədricən Ukrayna ordusu Rusiyanın işğal təzyiqinə
davam gətirəcək vəziyyətə gəıtirilir. Artıq Ukraynanın şərq hissəsi, Donbass
hövzəsi müasir silahlı və döyuş təcrübəsi keçmiş hazırlıqlı Ukrayna ordusu ilə
Rusiya ordusu arasında döyüş poliqonuna çevrilməkdədir. Əslinə Qərb strateqlərinə
belə bir vəziyyət sərf edir: Rusiya ona lazımı müqavimət göstərə bilən qardaş
slavyan Ukrayna ordusu ilə onun ərazisində və xüsusən də, atom silahı istifadə
edilməyən lokal hərbi münaqişədədir”.
“Rusiya tələdədir”
Politoloqun
bildirdiyinə görə, əslində Rusiyanın həm Ukrayna, həm də digər qonşu dövlətlərə
qarşı yürütdüyü siyasət onun özünün nüfuzdan düşməsinə səbəb olur:
“Müstəqil
Avropa dovləti ərazisində müharibə aparan işğalçı kimi dünya ictimaiyyəti tərəfdən
qınanır. Həm slavyan millətləri tərəfdən nüfuzdan düşür. Postsovet, MDB məkanında
etibarsız və hər an təhlükə gözlənilən fəlakət mənbəyi durumuna düşür. Ən başlıcası
isə, daim hərbi, maddi, əsgəri itkilər verir, dövlət çökür, xalqda Rusiya rəhbərliyinə
qarşı suallar, etirazlar yaranır. Belə nəticə hasil olur ki, Putin Rusiyası
qonşulara qarşı, "münaqişə ocağı yaradıb təsir altda saxlamaq" kimi,
Qarabağdan başlamış 20 ildən cox təcrübəsində Ukraynada tələyə düşüb. Tələnin
tutqacları isə günü gündən sıxılır”.
“Qərb Rusiyaya heç bir güzəşt
etməyəcək”
İ.Altay hesab edir ki, Rusiya üzləşdiyi
arziuedilməz vəziyyət çıxmaq üçün çarə axtarsa da, Qərb Kremlin bu tələdən
asanlıqla çıxmasını istəmir və bu səbəbdən də Ukraynaya hərbi dəstəyini
artırmaqla Rusiyanı daha ciddi itkilərə vadar etməyə çalışır:
“Artıq
Putin bu münaqişənin nəticə vermədiyini və onun oz ölkəsi və hakimiyyəti üçün fəlakətə
çevrilə biləcəyini hiss edir. Bu ziyanlı bataqlıqdan çıxış yolları, sülh
variantları axtarır. Ancaq hiss olunur ki, bu dəfə Qərb güzəştə getmək istəmir,
Moskvanın zəfliyini və cıxılmazda olduğunu hiss edib onun üzərinə gedir. Minskdə
atəşkəs barədə Moskva-Kiyev-AB arası razılaşmaya baxmayaraq, Ukraynaya hərbi dəstəklər
vüsət alır, Rusiyaya qarşı müxtəlif iqtisadi sanksiyalar daha da sərtləşir. Ona
gorə də Putin Düşənbədə sammitdə bildirdi ki, Qərb sanki bizim Ukrayna ilə
sülhümüzü istəmir, elə bil ki, onlara bu münaqişə sərf edir. Deyəsən, dogrudan
da Qərbin fikri bu dəfə qətidir, Rusiyaya heç bir güzəşt etməyəcək”.
“Rusiya gözləntiləri doğrultmur”
İ.Altayın fikrincə, Qərbin Rusiyaya bu cür münasibəti
Rusiyanın heç vaxt ona yönəlik müsbət gözləntiləri doğrultmaması ilə bağlıdır:
“Qərb
buraxdıqları tarixi güzəşt səhvlərini təkrar etməyəcək. Çünki bu son 20 ildə
Rusiya bir daha sübut etdi ki, hər dəfə yıxılıb çökəndən sonra, güzəşt əldə
edib azacıq dirçəlib ayağa duran kimi, yeni imkanlardan sivil quruculuq üçün
istifadə etmir və əksinə ambisiyalaşır, aqressivləşir qonşularına və bütün
dünyaya problemlər yaradır. Tarix və zaman göstərir ki, Rusiya xalqı bu qədər
böyuk ərazili və resurslu ölkəni düzgün idarə və istifadə edə bilmir. Açıq
görünür ki, bu xalqa onun öz məhdud imkanına uygun yeni, müvafiq Rusiya
lazımdır”.
Seymur Əliyev