Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov şəhər əhalisinin əsəblərini tarıma çəkən tıxacları yaradan səbəblərdən birinin aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalova müraciət edib:
"Dünən Bibiheybətə gedirdim. Bayraq meydanı ilə 20-ci sahə adlanan yolun ortasından tıxac başladı. 2 km yolu təxminən 40 dəqiqəyə getdik. Səbəb getdiyimiz istiqamətdə 2 zolaqlı yolda 4 sıra maşınların dayanması və qarşı istiqamətdəki maşınların yolunun bağlanması idi. Bizim istiqamətdə maşın sayının çoxluğundan sürücülər həyasızcasına qarşı istiqamətə çıxıb yolda tıxac yaratmışdılar. Sürücülərin bu cür tərbiyəsizliyi Bakıda tıxac yaranmasının əsas səbəblərindəndir. DYP isə tinlərdə dayanıb sürücülərin qayda pozmasını gözləyirlər. Bu günə qədər bir dəfə də görmədim ki, DYP-nin işçiləri həmin tərbiyəsiz sürücüləri cəzalandırsın. Yaxşı halda tıxac olan yerə gəlib yolu boşaltmaqla məşğuldurlar. Əminəm ki, bu cür hallarda və bilə-bilə ki, işıqforu keçə bilməyəcək, yolun ortasında dayanıb tıxac yaradanlar ən sərt cəzalara məruz qalsalar bu cür tərbiyəsizliyi təkrar etməzlər və tıxac problemi ciddi şəkildə azalar. "Ağıllı" sürücülərin İşıqforu keçə bilməyib yolun ortasında dayandıqlarından uzun illərdir ki, Səməd Vurğun və Vaqif, Hənifə Ələkbərov küçələrinin kəsişməsində (Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yanı) tıxaclar yaranır.
P.S. İmkanı olanlar bu halları Baş DYP İdarəsinin rəisi Ramiz Zeynalova çatdırsın."