Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb. Lakin ölkə başçısının bu sərəncamı ictimai-siyasi arenada birmənalı qarşılanmayıb. Azərbaycanda kifayət qədər hərbi akademiyaların mövcudluğuna diqqət çəkən bəzi mütəxəsisslər yenidən hərbi kafedralar dönəminə qayıtmağın məqsədəuyğun olmadığı qənaətindədir.
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən “Hərbi Jurnalistlər” İctimai
Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov isə ölkə başçısının məlum qərarını
dəstəklədiyini bildirdi:
“Ölkə başçısının Daxili İşlər Nazirliyinin Polis
Akademiyasi və Fövqəladə Hallar Nazirliyinin akademiyasında hərbi kafedraların
açılması ilə bağlı verdiyi sərəncam hesab edirəm ki, bu iki ali təhsil ocağında
bundan sonra hazırlanacaq zabit kadrlarının öz sahələri üzrə daha da bilikli və
bacarıqlı olmalarına böyük köməklik göstərəcəkdir. Bildiyiniz kimi, adları qeyd
edilən hər iki təhsil ocağı sırf spesifik sahələrə aid olan akademiyalar
olduğuna görə, bu addım orada hazırlanan gələcək ali təhsilli kadrların öz
hərtətəfli hazırlıqlarında daha da güvənli, daha da hazırlıqlı olmaq baxımından
çox önəmlidir. İndiyə qədər
DİN-nin Polis Akademiyasında təhsil almış şəxslər üçün də, gələcəkdə yeni
yaradılmış hərbi kafedralarda müəyyən müddətdə kurslar təşkil edilsə, yaxşı
olar. FHN-nin Hərbi Akademiyası yeni yaradıldığından isə burda hazırlanan
mütəxəssislərin bundan sonra təkcə öz sahələri üzrə deyil, eləcə də hərbi
sahəni dərindən öyrənmək məqsədi ilə qəbul olunmuş qərar kimi qiymətləndirmək
vacibdir. Onu da qeyd etmək istərdim ki, hərbi kafedralar ən müasir tələblərə
cavab verən fənn kabinaları ilə, əyani avadanlıqlarla, müasir tələblərə cavab
verən, praktiki məşğələləri yüksək səviyyədə keçirmək üçün lazım olan trenajor
və dərs vəsaitləri ilə təmin edilməlidır. Bu işlərin qısa zamanda görülməsi
üçün Nazirlər Kabineti əlaqədar qurumlarla çevik şəkildə bir sıra texniki
məsələləri həll etməlidir. Artıq dərs ili başlayıb və nə qədər tez bir zamanda
həmin hərbi kafedralar fəaliyyətə başlasalar, bir o qədər yaxşı olar. Şəxsən
mən hesab edirəm ki, gələcəkdə təkcə bu iki akademiyada deyil, digər ali təhsil
ocaqlarında da hərbi kafedraların yaradılması məsələsinə baxılması lazımdır.
Bir neçə il bundan əvvəl kimlərinsə yanlış ideyası sayəsində ləğv edilmiş hərbi
kafedraların nə qədər böyük əhəmiyyət daşıdığını, yəqin ki, bu işin incəliklərini
bilənlər yaxşı anlayırlar. Sözsüz ki, o kafedralarda bir sıra ciddi nöqsanlar
və çatışmazlıqlar mövcud idi. Onları həll edib, ehtiyatda olan zabit kadlarımızı
hazırlamaq nöqteyi-nəzərdən həmin hərbi kafedraların rolu əvəzsiz idi”.
Seymur Əliyev