Məsələnin tezliklə həlli üçün bütün səylər gücləndirilib. Bütün imkanlarımızı səfərbər etmişik. Hətta Azərbaycanda bu işə aidiyyəti olan digər təşkilatlar və beynəlxalq qurumlar da bizimlə birgə çalışırlar. Biz Kəlbəcərdə girov götürülmüş vətəndaşlarımızın qaytarılması üçün bütün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmışıq”.
Bunu hafta.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN sözçüsü məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib:
“Şaxələndirilmiş şəkildə aparılan gərgin işlərin sonunun müsbət olacağına inanırıq”.
XİN sözçüsünün bildirdiyinə görə, bu məsələdə ermənilərlə birbaşa əlaqə qurmaq mümkün deyil: “Ermənistan işğalçı dövlətdir. Biz onlarla birbaşa əlaqəyə keçmirik. Ancaq vasitəçilərin köməyi və bizim səylərimizlə girovlarımızın qaytarılmasına çalışırıq. Ermənistan bu məsələdə də Cenevrə insan haqları nizamnaməsini, eləcə də bütün hüquqi normaları kobud şəkildə pozur”.
Hikmət Hacıyev həmçinin vurğulayıb ki, bu insanlar beynəlxalq hüquqda heç bir qanunla mühakimə oluna bilməzlər:
“Onlar öz doğma torpaqlarına ata”“babalarının qəbrini ziyarətə gediblər. Burada heç bir günah əməli yoxdur. Bu onların sivil haqlarıdır. İnanırıq ki, vətəndaşlarımız tezliklə ailələrinə qovuşacaqlar”.
Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb. Ermənilər H.Həsənovun öldürüldüyünü deyirlər. Yaxınlarının məzarını ziyarət etməyə gedən və düşmənə girov düşən azərbaycanlılar haqqında cinayət işi açıldığı iddia edilir.