Dünyanın əksər qabaqcıl ölkələrinin sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi elan etdiyi İŞİD terror təşkilatına qarşı beynəlxalq mübarizə davam edir. Bugünlərdə ABŞ-ın öncüllüyü ilə yaradılan anti-İŞİD cəbhəsinə qoşulub-qoşulmayacağı ciddi sual doğuran Türkiyə də, terror təşkilatına qarşı hərbi əməliyyatlarda yer ala biləcəyini vurğulayıb ki, bu da terror qurumuna qarşı mübarizə cəbhəsinin genişlənəcəyindən xəbər verir. Fəqət öz sıralarını dünyanın müxtəlif ölkələrindən gələn yeni üzvlər hesabına daim möhkəmlədən və maddi baxımdan da yetərincə təminatlı görünən İŞİD-ə qarşı mübarizənin çətinliyi də etiraf olunmaqdadır. Bu etirafın dünyanın bir nömrəli super gücü olan ABŞ tərəfindən belə səslənməsi İŞİD-lə mübarizənin kifayət qədər ağır olduğunu təsdiqləməkdədir.
İŞİD-ə
qarşı mübarizənin digər çətinliklərindən biri də adıçəkilən teror təşkilatına
qarşı mübarizədə yer alan dövlətlərin bununla ciddi risk alması ilə bağlıdır. Belə
ki, İŞİD ona qarşı mübarizə aparan dövlətin vətəndaşlarını öldürməklə təhdid
edib ki, Əlcəzairdən qaçırılan Fransa vətəndaşının sırf bu səbəbdən öldürülməsi
terror təşkilatının öz niyyətində kifayət qədər ciddi olduğunu göstərir. Bundan
başqa, terror təşkilatının lideri verdiyi açıqlamada 49 türk diplomatının da
Türkiyənin anti-İŞİD cəbhəsinə qoşulmayacağı ilə bağlı zəmanətindən sonra azad olunduğunu
bildirib.
Bu
baxımdan Azərbaycan MTN-nin bugünlərdə keçirdiyi xüsusi əməliyyat nəticəsində
İŞİD üzvü olduğu iddia edilən 26 nəfəri həbs etməsi də müəyyən suallar doğurur.
Ölkəmizdə İŞİD üzvü olmaqda ittiham edilən şəxslərin həbs edilməsi Azərbaycanı
terror təşkilatının hədəfinə çevirə bilərmi? Azərbaycan dünyanı qorxuya salan
İŞİD təhlükəsindən, bu təhlükənin özü ilə gətirə biləcəyi təhdidlərdən qoruna
bilərmi?
Bununla
bağlı Moderator.az və “Hürriyyət” qəzetinə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin
direktoru, məşhur araşdırmaçı və politoloq İlqar Altay bütün hallarda MTN-nin
keçirdiyi əməliyyatın təqdirəlayiq olduğunu, bu əməliyyatın dövlətin təhlükəsizliyi
üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“MTN
dövlətin təhlükəsizliyi naminə qanunun tələbi əsasında əməliyyat keçirib. Nəticədə
uğurlu əməliyyat hesabına 26 nəfər ictimai təhlükəli şəxsi zərərsizləşdirib. Yəni
MTN öz öhdəsinə düşən işi görüb və bu, belə də olmalı idi. Azərbaycan vətəndaşlarının
hansısa ölkədə qanunsuz hərbi qruplaşmalarda iştirak edib qan tökməsi ağır
cinayətdir. Bu, həm ölkə daxilində ağır fəsadlar yarada bilir, həm də beynəlxalq
aləmdə ölkənin nüfuzunu zədələyir. Odur ki, dövlət öz gücündən istifadə edir və
belə qanunsuz halların qarşısını almaq üçün müvafiq tədbir görür”.
İ.Altayın
sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının həyata
keçirdiyi əməliyyatların İŞİD tərəfindən narazılıqla
qarşılanıb-qarşılanmayacağı və ya bu narazılığın hansı proseslərə səbəb olacağı
məsələnin ikinci tərəfidir:
“Bu
halda əgər həmin vətəndaşlar gəlib talibançı, hizbullahçı, İŞİD və ya hansısa
digər terror təşkilatının üzvü olubsa və həmin təşkilatlar keçirilən həbslərdən
narazı qalırsa, bu, ikinci məsələdir. Azərbaycan bir dövlət olaraq öz qanunları
üzrə tədbirlərini görür. Bu tədbirlər terrorizmə qarşı mübarizədə beynəlxalq
normalara da tam uyğundur. Hesab edirəm ki, İŞİD kimi öz hərəkətləri ilə bütün
dünyanı iyrəndirən terror təşkilatına güzəşt
etməyi heç də özünə hörmət edən dövlət düşünmür”.
İ.Altayın
qənaətinə, Azərbaycan istənilən terror təşkilatının həmləsinə hazırdır və belə
bir şey olarsa, o zaman bütün həmlələrə layiqli cavab verəcəkdir:
“Əgər
İŞİD buna görə Azərbaycana qarşı haradasa təhlükə yarada bilərsə, düşünürəm ki,
Azərbaycan buna hazırdır və hazıqlıqlıdır. Çünki biz buna öyrəncəliyik və dövlətimiz
illərlə ASALA və s. kimi erməni terror təşkilatları qarşısında duruş gətirib.
Türk diplomatlarının İŞİD əsirliyindən azad olması isə müxtəlif səbəblərdən ola
bilər. Təbii ki, Türkiyə hökuməti bu məsələdə səy göstərib və öz vətəndaşlarının
qurtulması üçün hansı addımları atıb, bu təbii ki, sirr olaraq qalacaq”.
Seymur Əliyev