“Mədəniyyət və
Turizm nazirinin qızının öz geyimini nümayiş etdirməsi və ən əsası bu geyim haqqında
dilə gətirdiyi fikirləri yalnız hansısa şirkətin reklamı olaraq qiymətləndirmək
doğru deyil. Bu, reklam çarxından daha çox, toplumsal mühəndislik çalışmasına bənzəyir.”
Bunu Ədalət
Partiyasının sədr müavini Heydər Oğuz hadisəylə bağlı Moderator.az-a verdiyi
açıqlamasında bildirib. Xatırladaq ki, Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas
qızı Suad Qarayeva Dolce&Gabbana brendindən aldığı bahalı libasını
kameralar önündə geyinərək demişdir: “Xüsusi markanın xüsusi kolleksiyasından olan
bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə
geyimləri, seksual görünən qadınları sevirlər”.
Türk
mentalitetində qadının seksual obyektdən daha çox, şəfqətli ana obrazıyla
tanındığına diqqət çəkən şair-publisist bu obrazın xüsusilə Azərbaycan xalqının
mənəvi dünya görüşündə önəmli yeri olduğuna inanır: “Azərbaycanda ən gözəl
memarlıq əsərlərindən biri Möminəxatın türbəsidir. Türbə bir ananın xatirəsini əbədi
yaşatmaq məqsədilə tikilib və adının Möminəxatın qoyulması da təsadüfi deyil.
Bu adla sanki qadının ən gözəl özəlliyinin möminlik, milli-mənəvi dəyərlərə
bağlı olduğu gələcək nəsillərə
çatdırılmaq istənilib. Dədə Qorqud dastanından tutmuş digər xalq yaradıcılığı
nümunələrinə qədər bütün əsərlərimizi bəzəyən qadın obrazları öz mənəvi yüküylə
hər zaman baş tacımız olub. Bu gün, nə yazıq ki, Qərb mədəniyyətinin bizə təlqin
etmək istədiyi qadın obrazı isə yalnız seksuallığı ilə ön plana çıxır”.
Suad
Qarayevanın geyimində əslində heç bir problem görməyən şair-publisist daha çox onun
səsləndirdiyi fikirlərin zərərli olduğu qənaətindədir:
“Açığını desəm,
Suad xanımın geyimi hər gün qarşılaşdığımız qadınlardan fərqlənmirdi, hətta bir
çox xanımlardan daha abırlı və mədəni idi. Fəqət nazir qızının bu geyimin
xanımları seksual göstərməsi, kişilərin isə məhz belə xanımları sevdikləri
haqqında söylədiyi fikirlər əsl təhlükəli olan məqamdır. Mənə qalsa bu sözlər,
Qərbin toplumsal mühəndislik çalışmalarının tərkib hissəsidir”-deyən Heydər
Oğuz bu terminlə nəyi qəsd etdiyinə də aydınlıq gətirdi:
“Toplumsal mühəndislik
anlayışı bu gün Azərbaycanda çox bilinməyən terminlərdəndir. Mənası keçmiş ənənələri
olan mühafizəkar bir cəmiyyəti yenidən inşa etmək deməkdir. Bilirsiniz ki, hər
hansı bir imperializm hansısa dəyərlər üzərində qurulur. O, mövcudluğunu qorumaq
üçün müstəmləkələrinə öz dəyərlərini təlqin
etməyə çalışır. Yeni müstəmləkələrdə öz dəyərlərindən qoparılıb imperialist mədəniyyətə
tabe etdirilən vətəndaş yetişdirmək səyləri ənənəvi dəyərləri məhv etmək, loru
dillə desək, köhnə hamama təzə tas gətirmək prinsipinə söykənir. Toplumsal mühəndislik
çalışmalarının ən bariz nümunəsini biz bir toplum olaraq SSRİ dövründə də görmüşük.
Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar ki, həmin dövlətin öz
qarşısına qoyduğu əsas hədəflərdən biri də sovet insanı yaratmaq idi.”
Toplumsal mühəndislik
çalışmalarında hədəfə alınan əsas obyektin qadınlar olduğunu deyən Heydər Oğuz
bunu qadının ailəni yetişdirən, uşağı tərbiyə edən əsas varlıq kimi
tanınmasıyla əsaslandırdı: “Uşaq necə tərbiyə olunursa, bir şəxsiyyət kimi o
cür də böyüyür. Yeni insan yetişdirməyin ən gözəl yolu öz mədəniyyətinə ikrahla
baxıb başqa mədəniyyətə sığınan cəmiyyət formalaşdırmaqdır. Belə cəmiyyətlər
sonsuza qədər imperialist dəyərlərə sədaqətli olur, ona qarşı çıxmır, köləliyi
müasirliyin açarı olduğuna inanırlar. Təsadüfi
deyil ki, SSRİ də ilk toplumsal mühəndisliyə Azərbaycan qadınının hicabdan
imtina etməsiylə başlamışdı”.
Şair-publisist
ümumiyyətlə, bütün toplumsal mühəndislik çalışmalarının əsasən geyim üzərində dayandığını
deyir: “Öz köklü ənənələri olan Osmanlı mədəniyyəti üzərində qurulan Türkiyədə
də aparılan ilk islahat “Qiyafət qanunu” olmuşdu. Bu qanunun tələblərinə uyğun
olaraq vətəndaşlar zorla əski geyim modalarından imtinaya məcbur edilirdilər.
Türkiyənin ilk quruculuq illərində hətta geyim tərzini dəyişmək istəməyən on minlərlə
vətəndaşın ağır şəkildə cəzalandırıldığı bilinir. Türkiyənin Qərb, bizim isə
rus imperializminin təsir dairəsində qaldığımızı, ikimizin üzərində də eyni
siyasətin tətbiq olunduğunu nəzərə alsaq ortaya belə bir nəticə çıxır-mahiyyətindən
asılı olmayaraq bütün imperialst qüvvələr toplum mühəndisliyində ilk işə
geyim-keçimdən başlayır”.
Toplum mühəndisliyi
çalışmalarının əsasən təhsil və mədəniyyət sahəsində aparıldığını deyən Heydər
Oğuz bu işdə Suad xanımın təsadüfən
seçilmədiyinə inanır: “Suad xanım Mədəniyyət və Turizm nazirinin ailə üzvüdür. Sözü
gedən imperialist siyasətin yürüdülməsinə birbaşa nəzarət edən qurumun rəhbəri ilk
öncə özü cəmiyyət üçün örnək göstərməlidir. Əks halda öz işiylə vidalaşmağa məhkumdur.
Görünür, bu zərurət məlum videonun ortaya çıxmasını gərəkli etmişdir. Hazırda
Azərbaycanın milli mədəniyyət nümunələrinə etinasız yanaşıldığı, xalq artistlərinin
aclıqdan, müalicəyə pulu çatışmazlıqdan öldüyü bir zamanda Suad xanım kamera
önünə çıxıb paltarını nümayiş etdirir və öz geyimini bu cür sözlərlə reklam
edir. Bu hal nə qədər üzücü olsa da nə yazıq ki, təsadüfi deyil. Necə deyərlər,
iti öldürənə daşıtdırırlar.”