Moderator.az saytı və “Hürriyyət” qəzeti olaraq müsahibimiz Azərbaycanın ən tanınmış və stajli hüquq müdafiəçilərindən və hüquq-müdafiə sisteminin tanınmış simalarından biri olan Mirvari Qəhrəmanlıdır.
-Azərbaycanda
indi Avropa oyunları suitası var və marağı olan-olmayan hamının da başı oraya
qarışıb. Amma bu arada, ölkəmiz həm də ağır iqtisadi böhranın məngənəsində
boğulmaqdadır. Bu böhranın sərt küləkləri QHT sektorunda da hiss olunurmu?
-Böhranın
təsirini deyə bilmərəm, amma QHT sektoruna qrantların alınma mexanizmi ilə
bağlı olan dəyişikliklər çox ciddi təsir göstərib. Məsələ burasındadır ki, indi
ölkəni bürümüş iqtisadi böhranın tüğyan etdiyi bir zamanda QHT-ləri indi ölkəyə
çox lazım olan, əhəmiyyətli dərəcədə vəsaitlər gətirə bilmək imkanından məhrum
ediblər. Yəni ki, xaricdən qrantların alınmasına qadağa qoyulub. Mövcud
qanunvericilik bu məsələyə yasaq qoyub. Həmin qanuna uyğun olaraq, qrant
alınmasının reallaşdırılması mexanizmlərinin hazırlanması isə beş aydan
artıqdır ki, qəbul edilə bilmir. Başqa sözlə, əgər QHT-lər xaricdən qrant
alardısa və onların fəaliyyətləri bərpa edilərdisə, bu, bir növ günü-gündən
daha da artan və artıq çoxdan ölkə üçün ciddi problemə çevrilən işsizlik məsələsinə
də ciddi kömək olardı. Çünki bizim layihələrimiz həmişə iki illik, üç illik
olub və bu müddət ərzində də biz azı əlli nəfəri işlə təmin eləmişik.
Gördüyünüz kimi, xüsusi ilə də belə bir zamanda, ölkənin ciddi problemlərinin həllində
vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Azərbaycanın vətəndaş cəmiyyəti, Azərbaycan
QHT-si həm ölkə daxilində demokratiyanın inkişafına, həm qnunçuluğun möhkəmlənməsinə
kömək edir, həm də digər xeyli problemlərin həllində əhəmiyyətli dərəcədə
iştirak edə bilir.
-Dediniz
ki, əslində öz fəaliyyətinizlə ölkəyə xeyli köməyiniz dəyir. Amma yəqin sizin də
xəbəriniz var ki, böhran o həddədir ki, indi çeşidli dövlət qurumlarını təmsil
edənlər az qala qapı-qapı düşüb pul dilənirlər. Belə bir vəziyyətdə, xaricdən
olsa belə, qrant şəklində gələ biləcək xeyli miqdarda pulların, eləcə də bu sahədə
çalışan və çalışdırılan insanların iqtisadi-sisial durumlarını cıddi mənada
yaxşılaşdıra biləcək fəaliyyət növünün qarşısının alınması, bilərəkdən olunan qəsd
deyil ki?
-Bəli,
müəyyən mənada sizə haqq verirəm. Ona görə ki, bu, hansısa qrup, ya da konkret
kimsə tərəfindən ortaya atılmış, ən əsası da düzgün olmayan siyasətin nəticəsidir.
Baxın, mən bu gün bir email almışam və onu yoxlamaq və araşdırmaq üçün yollar
arayıram. İnsan yazır ki, əmək haqqımızı kəsiblər. Bəzi yerlərdə də insanların əmək
haqlarından xeyli miqdarda tutulma halları mövcuddur. Ayrıca da internetdən və
sosial şəbəkələrdən, həmçinin də şəxsi müşahidələrimdən aldığım məlumatlar da
onu deyir ki, ölkədə, Avropa Oynları ərəfəsində, çoxlu iqtisadi problemlər və çətinliklər
meydana çıxıb. Dünənə kimi, illərlə alış-veriş edib, üzün-gözün öyrəşdiyi
dükanların, illərlə yaxşı-pis fəaliyyət göstərib əhaliyə xidmət göstərən müxtəlif
təyinatlı obyeklərin bağlandığınin, hər gün daha çox şahidi olursan. Kənardan
baxanda belə təəssürat yaranır ki, elə bil kimsə bilərəkdən çox problemli bir
siyasət həyata keçirir. Üstəlik də, sanki içəridəki problemlər azmış kimi, indi
də neçə müddətdir ki, ABŞ-a, həmçinin də dünyanın idarəetməsində ciddi nüfuz
sahibi olan, Avropanın və Qərbin digər ölkələrinə qarşı informasiya və söz
müharibəsi başladılıb. Adətən QHT-ləri qınayırdılar ki, onların bəzi
hesabatları və çıxışları ölkənin daxilində və beynəlxalq səviyyədə Azərbaycanın
nüfuzuna ciddi zərər vurur. İndi gəlin baxaq, kim ölkənin nüfuzuna daha çox
ziyan vurur. Ölkədə insan hüquqlarını kobudcasına pozan, rüşvəti və
korrupsiyanı faktiki həyat tərzinə çevirən, addımbaşı müxtəlif qanun
pozuntuları ilə gündəmə gələn, demokratik ənənələri, cəmiyyət üzvlərinin təməl
haqq və hüquqlarını ümumiyyətlə tanımayan, inkar edən məmurlarmı, yoxsa elə
bütün bu qanunsuzluqlar, hüququsuzluqlar və hər addımda qarşılaşılan məmur
özbaşınalıqları haqda hesabatlar hazırlayan və bu haqda danışan, bütün bu
neqativ hallara qarşı mübarizə aparan QHT-lər və onların rəhbərlərimi? Siz son
zamanlarda dırnaqarası araşdırmalar aparan jurnalistlərin yazdıqlarına,
araşdırmalarının nəticələrinə baxın. Deməliyəm ki, ölkənin bu duruma gəlməsində
rol oynamış ziyanverici məxluqların sırasında bu tip jurnalistlər də var. Əlbəttə,
ümümilikdə mənin Azərbaycan mətbuatına çox böyük hörmətim var. Mən həmişə demişəm
ki, bizi biz edən də, cəmiyyətə təqdim edərək tanıdan da, fəaliyyətimizi
işıqlandıran da, eləcə də bizin fəaliyyətimizin şəffaflığına və uğuruna da zəmim
yaradan da mətbuatdır. Amma çox təəssüflər olsun ki, bütün digər sahələrdə
olduğu kimi, bizim mətbuatımızda da xeyli sayda problemlər var və qərəzli qələmlər
də kifayət qədərdir. Bəzən də bu qələmlərin yazdığı qərəzli yazılara baxanda elə
hiss edirsən ki, elə bil qəsdən Azərbaycanın nüfuzuna və beynəlxalq imicinə
ziyan vurmaqla məşğuldurlar. Məsələn, bir də baxırsan yazırlar, tutaq ki, filan
beynəlxalq təşkilat 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və sən demə o
təşkilatın rəhbərliyində təmsil olunan erməni varıymış, ya da ki, lap elə təşkilatın
rəhbəri də erməni olub. Axı bir soruşmaq lazımdır ki, ay mətbu orqan, yaxud da
ay araşdıran jurnalist, bəs sən 15 ildə bu təşkilatı gormürdün və onu da
görmürdün ki, bu təşkilatda erməni var? Bu yerdə mən hökumətimizi də qınayıram
və həqiqətən də, o cür təşkilatlarda ermənilər çalışırlarsa, bunun səbəblərindən
biri də Azərbaycanın xarici siyasətinin və diaspora ilə qurulan işlərin normal
qurulmamasıdır. Yəni biz də çalışa bilərdik ki, diasporamızın, lobbiçiliklə məşğul
olan qurumlarımızın sayəsində həmin təşkilatlarda azərbaycanlıların da təmsil
olunmalarına nail olaq. Qoy indi də başqaları şikayətçi olardılar ki, belə təşkilatlarda
Azərbaycanlıların sayı çoxdur. İndi mənim bu sözlərimi sizin mətbu orqanda
oxuyan insanlarımızın özləri qiymət versinlər ki, kimdir Azərbaycanın istər
daxildəki nüfuzuna, istərsə də xaeicdəki imicinə zərbə vuranlar?
-Mirvari
xanım, sizin də dediyiniz kimi, bu təşkilatların adı üstündədir, yəni bunlar
beynəlxalq qurumlardır və orada erməni, yəhudi, ingilis və ya tutaq ki, bir zəncinin
işləməsini Mirvari Qəhrəmanlı həll eləmir axı.
-Çox
düzdür, mən də bu suala cavab verərək deyirəm ki, hansısa bir insanın, milliyyətindən
asılı olmayaraq, o təşkilatlarda hər hansı səviyyəli vəzifə tutması mümkündür. Bizim
də xaricdə, burda iş tapmayaraq gedən və orda, belə demək mümkündüsə, öz
beynini satan insanlarımız çoxdur. Bunların içərisində kifayət qədər savadlı,
bilikli, bir neçə xarici dil bilən, vətənpərvər soydaşlarımız da kifayət qədərdi.
Siz də bilirsiniz ki, beynəlxalq təşkilatlarda çalışmaq üçün rüşvət verilmir və
orda yalnız bilikli və bacarıqlı adamları işə götürürlər. Əgər istəsəydilər və
ölkə siyasətinin bu yönünü doğru qurmaqla bizim həmvətənlərimizin də oralarda
işlətə bilməsi təmin olunar və belə cılız ittihamlar-filan da ortaya çıxmazdı.
Olkədən kənarda diaspora fəaliyyəti ilə, eləcə də yerlərdə lobbiçiliklə məşğul
olan qurum və təşkilatların əsas fəaliyyət yönlərindən biri də bu istiqamətə
yönəldilməlidir. Demək istədiyim budur ki, ötən illərdə bunu eləmək mümkün idi
. Sadəcə olaraq, ermənilər də, yəhudilər də, digər ölkələrin təmsilçiləri
vaxtında bu haqda fikirləşiblər ki, bu tip təşkilatlarda öz vətəndaşları olsun,
amma biz bunu ya etməmişik, ya da etmək istəməmişik. İndi isə hansısa beynəlxalq
təşkilatı ittiham edirik ki, niyə orda erməni işləyir. Bizimkilər isə yalnız
araşdırma aparırlar ki, görək harda erməni tapırıq ki, yerli QHT-ləri həmin təşkilatlarla
işbirliyində ittiham edək.
-Siyasi məhbus hesab olunan şəxslərlə bağlı
hökumətlə birgə yaradılan İşçi Qrupunun üzvüsünüz.
Ardı
var...