Son vaxtlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər tərəfindən Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün əlverişli şəraitin yaranması ilə bağlı fikirlər səslənməkdədir. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan ordusunun cəbhə xəttində təşəbbüsü tam ələ aldığı və Ermənistanın əsas himayədarı olan Rusiyanın ciddi iqtisadi-maliyyə və siyasi böhrana sürükləndiyi indiki zamanda başlanacaq savaş, qısa müddətdə ordumuzun qələbəsi ilə yekunlaşa bilər. Siyasilərin qənaətincə, torpaqların daha bir neçə il erməni işğalı altında qalması Azərbaycanın əleyhinə işləyən faktordur və rəsmi Bakı nəyin bahasına olursa-olsun buna imkan verməməlidir.
Bununla bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Ərəstun Oruclu müharibə üçün əlverişli situasiyanın
yaranması ilə bağlı səslənən fikirlərlə razılaşmadığını bildirdi. Ekspertin qənaətincə,
indiki məqamda başlayacaq savaş Ermənistan kimi Azərbaycana da müsbət mənada
heç nə qazandırmayacaq:
“Mən əvvəllər də demişəm
ki, indiki dönəmdə Dağlıq Qarabağ uğurunda yeni bir savaşın başlaması, müharibə
aparan tərəflərin heç birinə yaxşı heç nə
vəd etmir. Çünki biz bölgə uğrunda geosiyasi mübarizə şəraitindəyik. Görünən
budur ki, bölgəyə təsirini artırmaq uğrunda mübarizə aparan qlobal tərəflər demək
olar ki, bərabər səviyyədə təsir imkanına malikdirlər. Rusiya bölgəyə bir qədər
daha çox təsir imkanına sahibdir. Istənilən hərbi əməliyyat indiki şəraitdə müəyyən
provokasiyalara, daha geniş miqyaslı hərbi qarşıdurmalara yol aça bilər. Bu
baxımdan düşünmürəm ki, indi Qarabağ uğrunda müharibəyə başlamaq üçün ən ideal
vaxtdır”.
Seymur Əliyev