Moderator.az xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Avropa Parlamentindəki son dinləmələrə münasibət bildirib:
“Mayın 12-də Avropa
Parlamentində “Bakı oyunları: İnsan haqları uğrunda mübarizə” adlı tədbir
keçirilib. Avropa Parlamentindəki bütün fraksiyaların birgə iştirakıyla keçirilən
bu dinləmələr, nəhayət ki, Avropanın kartlarını açdı.
Bu dinləmələri belə də
interpretasiya etmək olar: Qərb etimadlı tərəfdaşı hesab etdiyi Azərbaycanı ən önəmli anında - I
Avropa Oyunları ərəfəsində tək qoydu və indi də bu möhtəşəm tədbirin uğursuz
yekunlaşması üçün əlindən gələni edir. Üstəlik də, ətrafına anti-azərbaycançı,
anti-türk, anti-müsəlman olan bütün qüvvələri toplayaraq. Tədbirin məruzəçiləri
və iştirakçıları sırasında kimlər var idi? “Human Rigths Watch” kimi təxribatçı
təşkilatların nümayəndələri, Dinara Yunus kimi, Ələkrəm Hümbətov kimi Azərbaycana
qarşı aqressiv mövqe tutmuş şəxslər və s. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsini
illərdir ölü nöqtədən tərpətməyən Qərb, indi də bir müddət Azərbaycanda insan haqları məsələsini gündəmə gətirərək həm
vaxt qazanır, həm də siyasi bazarlığa can atır.
Belə anti-azərbaycançılara
görə I Avropa Oyunları ərəfəsində Azərbaycan geri çəkilməlidirmi? Məncə, əksinə,
cəmiyyətlə dövlət arasındakı etibar, inam daha da möhkəmlənməli və Azərbaycan
böyük hədəflərindən yayınmamalıdır. Müstəqil ölkə kimiqısa zamanda əldə
etdiyimiz uğurlar Azərbaycanı daha da yüksək zirvələrə qaldırmağa xidmət etməlidir.
Lakin biz özümüz bu gücü və iradəni görməzlikdən gələriksə, Azərbaycanın xarici
qüvvələrin oyun meydançasına çevrilməsi üçün zəmin yaratmış olarıq.
Məlumdur ki, Azərbaycanın
əynində zirehli köynək yoxdur, amma bunun əvəzində isə özünü əsl azərbaycanlı
hesab edən vətəndaşları var. Hesab edirəm ki, istər xarici, istər daxili düşmənlərin
bu qədər aktivləşdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı
və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasının keşiyini çəkməlidir.
Unutmaq lazım deyil ki, Qərb iqtisadi maraqlarını “demokratiya” və “insan haqları” kimi universal təzyiq vasitələri
ilə təmin etməyə çalışır. Nə Azərbaycanda,
nədəki digər MDB ölkələrində əhalinin, konkret fərdlərin taleyi onları qətiyyən
maraqlandırmır. Əgər həqiqətən də maraqlandırmış olsaydı, Maydan hadisələrindən
sonra da Ukraynanı ortalıqda buraxmazdılar. Odur ki, “rəngli” fitvalara uyub, “rəngli”
inqilablara yol açmaq üçün azərbaycanlılardan istifadə olunmasına azərbaycanlılar
özləri yol verməməlidirlər. Hər bir vətəndaş siyasətçi ola bilməsə də, ancaq ən
azından özünü xarici qüvvələrin istifadə etdiyi siyasi alət olmaqdan da
qorumağa çalışmalıdır”.