Ukrayna ərazisinin Rusiya tərəfindən işğalı və seperatçı rejimlərlə mərkəzi hakimiyyət arasındakı qarşıdurma ilə bağlı beynəlxalq təşkilatlar, dünya liderləri tərəfindən verilən bəyanatların, irəli sürülən təkliflərin sayı tədricən azalmaqdadır. Proseslərin bu şəkildə inkişafı Ukrayna probleminin dünya gündəmindən çıxdığını, arxa plana keçdiyini göstərir.
Maraqlıdır,
doğrudanmı Ukrayna problemi göz önündəcə unudulmaqda, gündəmdən çıxmaqdadır?
Doğrudanmı, dünya Ukrayna probleminin həllində maraqlı deyil və ya belə bir həllə
ümid etmir?
Bununla
bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən İctimai Tədqiqatlar
Mərkəzinin rəhbəri, tanınmış politoloq və hüquqşünas İlqar Altay maraqlı fikirlər
səsləndirib: “Ukrayna məsələsinə dünyanın diqqətinin bir qədər azalması təbiidir.
Düşünürəm ki, bunun əsas iki səbəbi var. Birincisi, dünyada hadisələr o dərəcədə
sürətlə inkişaf edir ki, istənilən hər hansı ciddi problem istər-istəməz, müvəqqəti
də olsa diqqətdən düşməyə başlayır. Ancaq Ukrayna məsələsi böyük bir vulkanın
püskürməsi kimidir. Müvəqqəti, zamanla səngiyə bilər və sonra birdən-birə əvvəlkindən
daha artıq püskürər. Çünki Ukrayna bu gün, dünyaya hakim kəsilmiş Qərbin və ona
qarşı hələ ki, inadla dayanan Rusiyanın əsas qarşıdurma nöqtəsinə çevrilib.
Ukrayna
məsələsinə ehtirasları səngidən ikinci amil Qərbn özüdür ki, bu, xüsusi
mövzudur. Qərb Ukrayna vasitəsilə Rusiyanı sıxışdırıb gözdən və gücdən salma
planının birinci və çox vacib etapını artıq başa çatdırıb. Və bu saat Minsk
razılaşması əldə etməklə ötən iki illik əməliyyatın, görülən işlərin nəticələrini
reallaşdırır.
Qərb
artıq Moskvaya qarşı əvvəlki hiddətini səngidib. Hətta Soçidə Kerri - Lavrov
görüşü bir-birinə kartof bağışlamaq dərəcəsində məzəli zarafatlar dostlugu şəraitində
keçib. Hiss olunur ki, Qərb Krım və Donbassı Rusiya nəzarətinə versə belə,
ilyarımlıq qarşıdurmanın nəticələrindən razıdır. Niyə? Baxın. İnqlab hesabına
Ukraynanın 80 faiz ərazisi paytaxt Kiyevlə birlikdə Rusiya caynağından
qoparılıb. Yeni prezident, yeni parlament, yeni dövlət strukturları yaradılıb.
Tamamilə Qərbə, Avropaya inteqrasiya istiqaməti götürülüb. Beləliklə, əsrlərdən
bəri Rus İmperiyasının əsas subyektini təşkil edən Ukrayna kimi ictimai,
siyasi, hərbi, iqtisadi və s. və i. baxımdan həyati vacib mekan Rusiyanın əlindən
çıxarılıb. Digər tərəfdən, Krımın və Donbass hövzəsinin Rusiya nəzarətində
qalması əslində Rusiyaya yox, Qərbə sərf edir. Bu durumun Rusiyaya sərf edən tərəfi
ancaq Putun üçündür ki, Ukraynanı uduzmasının kompensasiyasını rus xalqına göstərə
bilsin. Ancaq Moskvanın kobud zor hesabına bu əraziləri əlində saxlaması Qərbə
bir çox cəhətdən sərf edir. Mən deyərdim ki, Qərb hətta, bu durumun xeyli vaxt
daha qalmasında maraqlıdır. Niyə? Bu vəziyyətdən istifadə edərək Qərb dövlətləri
daha sıx antirusiya birliyi qurdular. Qərb dövlətləri rəhbərləri hərbi xərclərin
artırılması bəraətinə əsas tapdılar. Rusiyaya qarşı iqtisadi və sair
sanksiyaların, digər sarsıdıcı tədbirlərin görülməsinə əsas yarandı. Rusiyaya
qarşı dünya ictimaiyyəti nifrətinin yaranması təbliğatına əsas verildi. Moskva
qardaş Ukayna xalqı və slavyan xalqları qarşısında gözdən düşdü. Rusiya
aqressiv dövlət kimi hətta uzaq və yaxın qonşu ölkələr və xalqlar qarşısında
inamını itirdi. Və nəhayət, onsuz da zəif iqtisadiyyata malik Moskva hərbi
yarışmaya yeni və çoxlu büdcə pulları xərcləməyə məcbur olur. Bu da Rusiyanın
bir dövlət kimi çöküşünün əsasını qoyur. Hansı ki, SSRİ-ni də bu cür hərbi
yarışma çökdürmüşdü. Düşünmək olar ki, bütün bu Ukraynaətrafı təlatümlər qərb
strateqlərinin Rusiyanın çökdürülməsinə yönəlik planıdır və öz nəticəsini də
verir”.
İ.Altayın
bildirdiyinə görə, əslində Ukraynanın cəbhə dəyişməsi və Rusiyanın bu prosesi
sükutla qarşılaması Qərbin özünə də sərf etmirdi:
“Mən
deyərdim ki, Ukraynanın sakit tərsdə bütövlüklə Qərb tərəfə keçməsi və
Rusiyanın da bunu sükutla qarşılaması Qərb strateqləri üçün bu qədər sərfəli
effekt verməzdi. Və Qərbə hətta sərf edərdi ki, Belarusiyada da bir çevriliş
yapılsın, bu ölkə də Qərb yolu tutsun və Rusiya zorla onun tutaq ki, həmsərhəd
Qomel vilayətini zorla nəzarətinə götürsün. Bu da Rusiya üçün yeni bir problem, yeni bir zərbə
olardı. Ümumiyyətlə, zaman göstərir ki, Rusiyanın qonşu dövlətlər ərazilsində
separatizm ocağı yaradıb həmin ölkələri imperiyaətrafı bufer zonası kimi təsir
altında saxlamaq strategiyası əslində Rusiyanın zərərinə, Qərbinsə xeyrinə işləyir.
Çünki özünü dolandırıb idarə edə bilməyən Rusiya qonşu ölkələrdə yaratdığı
Qarabağ, Abxaziya və Osetiya, Dnestryanı, Krım və Donbas kimi separatizm
ocaqlarına yaşatmaq üçün çox böyük xərclərə gedir. Qərb isə göstərdiyim kimi,
bu faktorlardan Rusiyaya qarşı məharət və çevikliklə istifadə edir”.
Seymur
Əliyev