Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Məmməd Beydullayevin mühüm vəzifəyə gətirilməsinə etiraz edib:
“Son vaxtlar Müdafiə Nazirliyi sistemində aparılan çoxsaylı müsbət işləri davamlı şəkildə təqdir edən, onu dəstəkləyən şəxslərdən biri də mən olmuşam. Nazir general-polkovnik Zakir Həsənovun apardığı kadr siyasətinin uğurlu və uğursuz məqamlarından da çox yazmışıq və yaxşını-yaxşı kimi, pisi də pis kimi göstərmişik. Dünən mənə çatan xəbər isə sadəcə biabırçı və hesab edirəm ki, çox səhv bir qərardır. Düşünürəm ki, belə addımlar hörmətli müdafiə nazirimizi gördüyü çoxsaylı işlər fonunda gözdən salır və onun imicinə çox ciddi xələl gətirir.
Söhbət MN-də çox pis ad çıxartmış, öz neqativ əməlləri ilə zabit və gizirlər arasında çox böyük hörməti olmayan bir şəxsin yenidən ordu sıralarına qaytarılmasından gedir. Yəqin ki, general-mayor Məmməd Beydullayevi çoxları yaxşı xatırlayır. Bu adam mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyev tərəfindən cəzalandırlan bir şəxs olub. Mərhum Heydər Əliyev dünyasını dəyişəndən dərhal sonra Məmməd Beydullayev ordu sıralarına qaytarıldı və çox qəribədir ki, ona havadarları general rütbəsini də verməyə imkan tapdılar. 2013-cü ilin oktyabr ayında MN sistemində dəyişiklik baş verəndə isə adı heç də yaxşı hallanmayan Beydullayev ordu sıralarından uzaqlaşdırıldı. Özü də bu qərar veriləndə çoxları nəhayət ki, haqq-ədalətin ordu sıralarında bərqərar olacağını düşündülər. Sən demə, çoxları kimi, mən də yanılırmışam. General-mayor Məmməd Beydullayevin açıq və gizli havadarları onu yenidən MN sisteminə qaytarıblar və bu dəfə Bakıda deyil, ona Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifə tapşırıblar. Hətta ona ən bahalı xarici xidməti avtomobil də ayırıblar. Bu xəbəri mənə verən Naxçıvandakı zabit dostlarımız çox pərişan olduqlarını və bu addımın orduda son vaxtlar aparılan müsbət işlərə necə mənfi təsir göstərdiyini xüsusi vurğuladılar. İnanmaq istərdim ki, hörmətli müdafiə nazirimiz bu addımın nədən atıldığına aydınlıq gətirəcək və yüzlərlə döyüş görmüş, savadlı zabitləri kənara qoyub, adı rüşvət və korrupsiya əməllərində, o cümlədən adı məişət hadisələrində hallanan Məmməd Beydullayev kimi bir şəxsi nədən yenidən ordu sıralarına qaytarılmasına münasibət açıqlayacaqdır. Fərq etməz, hərbçi, yaxud mülki, amma dövlət qulluqçusu kimi...
Yuxarıda qeyd etdiklərimi çox istərdim ki, hörmətli Müdafiə Nazirliyimizin rəhbərliyi xoş niyyətlə yazılmış tənqidi qeydlərdən daha çox, ordumuzun kadr siyasətində saf və xoş amalların hökm sürməsi üçün yazılmış təklif kimi qəbul etsinlər.
Yaşasın Azərbaycan Silahlı Qüvvələrinin təmiz əqidəli şəxsi heyəti. Əli çirkaba bulaşmış, neqativ əməllərdə hallanan zabit və generallara, mülki və ya qeyri-mülki şəxslərə isə qarşı amansız mübarizənin davam etdirilməsi çox vacibdir. Bu gün MN sistemində bir sıra xoşagəlməz əməllərlə məşğul olan şəxslər də qalmaqdadır ki, onların bəziləri hətta 26 iyun Silahlı Qüvvələrin yaranması gününü səbirsizliklə gözləyirlər ki, yüksək general rütbəsini alsınlar. Allah bizi belə "sərkərdələrdən" qorusun”.