Tanınmış ictimai-siyasi xadim Səxavət Əlisoy Moderator.az-a açıqlamasında bəzi iş adamlarının həbsinə və bunun arxasındakı səbəblərə diqqət çəkib:
“Öncə deyim ki, medianın bəzi iş adamlarının həbsini "kütləvi həbslər" kimi qələmə verilməsi yerinə düşmür. "Kütləvi" anlayışının arxasında ən azı onlarla, yüzlərlə iş adamının adı dayanmalıdır. Bəzi banklar bəzi sahibkarlara çox böyük səxavətlə kreditlər ayırıb, bunun nədənini ictimaiyyətə açmaq gərəkdir. Bankların kimlərin nəzarətində olması, külli miqdarda kreditlərin verilməsi daha çox ilgiləndirir cəmiyyəti. Ölkədə tüğyan edən iqtisadi maxinasiyaları, təkcə müxalif fikir sahibləri araşdırmamalıdır. DÖVLƏT bu məsələdə iradə qoymalıdır ortaya. 10 milyon, 100 milyon kredit almış insanların adətən iqtidarın yuxarı eşalonunda dayaqları olur. Hər yerindən qalxana o miqdarda kredeitlərin verilməsi absurddur. Bunu Azərbaycanda hər kəs anlayır. Dövlət bu məsələdə şəffaflığı təmin etməlidir. Banklardan çoxlu miqdarda kredit götürənlərin adları açıqlanmalı, onların iş adamlarının dövlətə ödədikləri verginin miqdarı bəyan olunmalıdır. Avropa ölkələri bir yana, qardaş Türkiyədə vətəndaşın hansı iş adamının il ərzində dövlətə nə qədər vergi ödədiyindən xəbəri var. Təəssüf ki, Azərbaycanda nə hökumət bu rəqəmi açıqlayır, nə də bir iş adamı ödədiyi verginin miqdarı barədə məlumat verir. Dövlət üçün ciddi təhlükə mənbələrindən biri məhz bank və vergi sistemində maxinasiyaların baş verməsidir. Bu problem dövlətin özü tərəfindən ortadan qalxmayınca, bu tip həbslər qaçılmaz olacaq və bundan da zərər görən ilk növbədə sadə vətəndaş olacaq”.
Seymur Əliyev