Bu gün Strasburqda AŞPA-nın növbəti toplantısı start götürəcək. Toplantıda bir sıra ölkələr, eləcə də Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti müzakirə ediləcək. Müzakirələr zamanı Azərbaycanın ünvanına tənqidi bəyanatların səsləndiriləcəyi, demokratiya baxımdan vəziyyətin qeyri-qənaətbəxş olduğu ilə bağlı bəyanatın veriləcəyi gözlənilir.
Qərbin və beynəlxalq təşkilatların
bu qəbildən olan bəyanatlarını hər zaman əks ittihamla qarşılayan hakimiyyətin
AŞPA-nın qarşıdakı toplantısında verilən bəyanatlara da sərt təpgi göstərəcəyi
ehtimal olunur. Belə ki, artıq indidən bəzi millət vəkilləri Azərbaycan əleyhinə
qəbul edilən istənilən bəyanata adekvat cavab veriləcəyi ilə bağlı fikirlər səsləndirməkdir.
AŞPA və digər beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilən tənqidi bəyanatlara ölkənin müxalifət düşərgəsində
də birmənalı münsibət mövcud deyil.
Belə ki, bəzi müxalifət təmsilçiləri
Azərbaycanda mövcud siyasi sistemi tənqid edən bu cür bəyanatların kifayət qədər
böyük əhəmiyyət daşıdığını iddia etsə də, bəzi siyasilər uzun illərdir ki, səsləndirilən
və adət halını alan bu bəyanatların real vəziyyətə təsir göstərmədiyi qənaətindədir.
Onların fikrincə, sadəcə bəyanatlarla hakimiyyət təsir göstərmək, onu hansısa
islahat və ya demokratik dəyişikliyə vadar etmək mümkün deyil.
Maraqlıdır, AŞPA-da Azərbaycanda
demokratiya və insan haqlarının mövcud vəziyyəti ilə bağlı qəbul edilən hər
hansı bəyanat az və ya çox dərəcədə əhəmiyyət kəsb edirmi? Bu cür bəyanatlarla
nəyisə dəyişmək, hakimiyyəti hansısa islahatlara vadar etmək mümkündürmü? Əgər
mümkün deyilsə, o zaman bu bəyanatların nə əhəmiyyəti var?
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən ehtiyatda olan ədliyyə generalı,
Milli Şuranın hüquq komissiyasının rəhbəri Vidadi Mirkamal öncə Azərbaycanla
bağlı irəli sürülən tələblər və onu doğuran səbəblərə diqqət çəkdi:
“Azərbaycan hazırda Avropa və dünyaya
inteqrasiya etmək arzusunda olan bir dövlətdir. Azərbaycan bununla bağlı bir
sıra beynəlxalq təşkilatlar qarşısında ciddi öhdəliklər götürüb. Ölkəmizin
Avropaya inteqrasiya olunması xırda bir hadisə deyil. Bu, böyük bir hüquqi,
ictimai və siyasi hadisədir. Azərbaycan qarşısına böyük məqsədlər qoyub və
ciddi öhdəliklər götürüb. Indi isə həmin təşkilatlar Azərbaycandan bu öhdəliklərin
icrası ilə bağlı hesabat tələb edir. Bu öhdəliklərin götürülməsi tarixindən az
vaxt keçməyib. Son 15-20 il ərzində Azərbaycan bu istiqamətdə xeyli iş görməli
idi. Ölkədə demokratiya və insan hüquqları, eləcə də siyasi islahatlar istiqamətində
müəyyən addımlar atılmalı idi. Bu gün Azərbaycandan məhz bu istiqamətdə iş tələb
olunur. Avropa bilmək istəyir ki, Qərbə inteqrasiya etmək istəyən dövlət bu
müddət ərzində hansı işlər görür. İndi isə məlum olur ki, Azərbaycan bir çox
sahələrdə geriləyib”.
V.Mirkamalın qənaətincə,
Azərbaycan ötən zamandan faydalanmayıb və demokratiyanın inkişafı üçün gərəkli
olan addımları atmayıb:
“Beynəlxalq təşkilatlar
qarşısında götürülən öhdəliklər yerinə yetirilməyib. Bunun ən bariz nümunəsi
insan haqlarının pozulması, siyasi islahatların keçirilməməsi, avtoritar
rejimin mövcudluğu və s-dir”.
V.Mirkamalın bildirdiyinə
görə, Azərbaycan Qərbə inteqrasiya ilə bağlı istək ortaya qoysa da, bu istəyi
reallaşdırmaq üçün lazımi iradə ortaya qoymayıb:
“Azərbaycana qarşı tələblər
kifayət qədər böyükdür. Son vaxtlar demək olar ki, elə bir ay olmayıb ki, Azərbaycanda
insan haqlarının vəziyyəti, şəffaf və demokratik seçkilər, siyasi məhbus
probleminin həlli və s. beynəlxalq təşkilatlar tərəfindən gündəmə gətirilməsin.
Və mən bunu normal qarşılayıram. Çünki Azərbaycan desə ki, mən Afrika dövlətiyəm,
banan ölkəsiyəm, cənub-şərqi Asiya dövlətiyəm və mənim qarşımda heç bir tələb
qoyulmayıb, heç bir öhdəlik götürməmişəm, o zaman beynəlxalq təşkilatlar baş
verənlərlə maraqlanmaz. Lakin Azərbaycan Qərbə inteqrasiya etməyi qarşısına məqsəd
qoyan və üzərinə müəyyən öhdəliklər götürən bir dövlətdir. Bu baxımdan təbii
ki, onun qarşısında müəyyən tələblər qoyulacaq və üzərinə götürdüyü öhdəliklərin
icrası tələb olunacaq”.
Seymur Əliyev