Bugünlərdə Müdafiə Nazirliyi cəbhə ilə bağlı qeyri-dəqiqi informasiyaların yayılması ilə bağlı narahatlığını dilə gətirib və ölkə KİV-inə xəbərdarlıq edib. Müdafiə Nazirliyinin məlum bəyanatında cəbhə ilə bağlı məlumatların nazirliklə razılaşdırılmasının vacibliyi vurğulanıb: “Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdi”.
Xatırladaq ki, bundan öncə
də nazirlik və bəzi dövlət yetkililəri ordu ilə bağlı informasiyaların dərcinin
Müdafiə Nazirliyi ilə razılaşdırılmasının vacibliyini qeyd etmiş,
razılaşdırılmayan məlumatların bəzi hallarda düşmən dəyirmanına su tökdüyü
iddia edilmişdi.
Maraqlıdır, Müdafiə
Nazirliyinin ölkə mətbuatından cəbhə ilə bağlı məlumatları onunla
razılaşdırmağı tələb etməsi nə dərəcədə doğrudur? Bu, KİV haqqında
qanunvericiliyin tələblərinə zidd deyilmi? Madam ki, mətbuat ordu və ya cəbhə xəttindəki
toqquşmalarla bağlı hər bir informasiyanı Müdafiə Nazirliyi ilə razılaşdırmağa
borcludur, o zaman hansı məntiqlə ölkədə azad mətbuatın mövcudluğundan danışmaq
olar?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif
Əliyev media qarşısında belə bir tələbin qoyulmasının qanunsuzluq olduğunu
vurğuladı:
“Medianın rolu və həyata
keçirməli olduğu funksiyaları barəsində media sahəsində işləyən bir çox şəxslər,
eləcə də dövlət qurumları məlumatsızdır. Onlar anlamırlar ki, medianın rolu və
funksiyası nədən ibarət olmalıdır. KİV-də dərc edilən və ya dərc ediləcək
materialları onunla razılaşdırmağı heç kim, heç bir dövlət orqanı tələb edə
bilməz. Görünür onlar “yoxlamaq” ifadəsi əvəzinə “razılaşdırmaq” ifadəsini işlətməyə
alışıblar”.
A.Əliyevin sözlərinə görə,
jurnalist yazdığı istənilən informasiyanın səhihliyini yoxlamalı, ictimaiyyətə
doğru məlumatın çatdırılmasına səy göstərməlidir və bu mənada onun bu məlumatları
dövlət qurumları vasitəsi ilə dəqiqləşdirməsi müsbət haldır. Odur ki, dövlət
qurumları mediaya informasiyaları razılaşdırmağı deyil, səhihliyini dəqiqləşdirməyi
tövsiyyə edə bilər:
“Əlbəttə, jurnalist ordu ilə bağlı
materiallara həssaslıqla yanaşmalıdır. Onları digər materiallardan daha çox
yoxlamaq lazımdır. Informasiyanın səhihliyini yoxlamaq üçün dövlət qurumları,
eləcə də Müdafiə Nazirliyi ilə nə qədər çox əlaqə saxlanılsa, bu, materialın
keyfiyyətinin yüksəlməsinə bir o qədər kömək edər. Bu, birmənalıdır. Müdafiə Nazirliyi məsləhət görə
bilər ki, bu materiallarda yer alan informasiyaların səhihliyini bizim vasitəmizlə
yoxlayın. Lakin “razılaşdırın” demək düzgün deyil və bu cür yanaşma adətən idarəçilik
sahəsində zəif olan adamlara məxsusdur. Mətbuatda gedən yazılara kiminsə,
hansısa dövlət qurumunun razılıq verib-verməməsi, bu mövqeyin onun dərcinə təsirt
göstərməsi absurtdur. Qoy məsələyə bu cür yanaşanlar KİV haqqında qanunu açıb
oxusunlar. Beynəlxalq prinsiplərə nəzər salsınlar. Bu, jurnalistin fəaliyyətinə
birbaşa müdaxilədir. Ancaq bir daha qeyd edirəm ki, jurnalist istənilən
materialı bir deyil, bir neçə dəfə yoxlasa bunun həm onun özü, həm də onun vətəninə
xeyri olar”.
Seymur Əliyev