Iki gün bundan öncə PKK-nın Türkiyədən Naxçıvana hərəkət edən avtobusu saxlaması, habelə şəxsi avtomobilləri saxlaması və içərisində azərbaycanlıların da olduğu şəxsləri girov götürməsi Türkiyədə olduğu kimi Azərbaycanda da ciddi narahatlığa səbəb olub. Bəziləri baş verən bu olayı PKK təhlükəsinin Azərbaycan sərhədlərinə yaxınlaşması, bəziləri isə terror təşkilatının ölkəmizə verdiyi ilk göz dağı kimi qiymətləndirir.
Maraqlıdır, azərbaycanlıların PKK tərəfindən girov götürülməsi faktı necə dəyərləndirilməlidir? Bu, Azərbaycanın PKK-ya qarşı açıq hərəkətə keçməsi üçün siqnal hesab oluna bilərmi? Azərbaycan PKK problemini önləmək üçün Türkiyəyə yardım etməlidirmi?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli PKK ilə azərbaycanlılar arasında münasibətlərin hər zaman gərgin olduğuna diqqət çəkdi:
“İndiki məqamda Azərbaycanın Türkiyəyə yardımı haqqında bir söz deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, azərbaycanlılarla PKK-çılar, eləcə də PKK-ya simpatiyası olan kürdlər arasında münasibət hər zaman gərgin olub. Azərbaycançıların millətçiliyini görüb onlara türk millətçiliyini yayanlar damğasını vurmağa çalışırlar”.
Ekspert baş verən bu olayı terror təşkilatının Türkiyə dövlətinə əzələ nümayişi kimi qiymətləndirdi:
“67 nəfəri tutmaq hər şeydən öncə əzələ nümayişidir. Bu, sözün həqiqi mənasında türk dövlətinə meydan oxumaqdır.
Maraqlı məsələlərdən biri də odur ki, PKK bu əraziləri kürd əraziləri adlandırır. Halbuki, bu ərazilərin kürdlərə heç bir əlaqəsi yoxdur”.
Q.Hüseynli son olayın təbliğat xarakteri daşıdığına diqqət çəkdi. Ekspertin sözlərinə görə, PKK-nın terrorsuz təbliğat belə həyata keçirə bilməməsi onun əsl mahiyyətini ifşa edir:
“Bu hadisə hələ ki, sadəcə təbliğat xarakteri daşıyır. Onlar girovlara izah etməyə çalışırlar ki, guya onlar haqq işi uğurunda mübarizə aparırlar. Onlar insanları buna inandırmağa çalışırlar. Halbuki, onların seçdiyi təbliğat yolu da qeyri-qanunidir. Onlar insanları girov götürür, avtomobilləri yandırır və bu əsnada da insanlardan onlara inanmaqlarını gözləyirlər. Onlar iddia edirlər ki, guya sıxışdırılır, məhv edilirlər. Məgər səni qıran, öldürən, hüquqlarını bu və ya digər formada pozan var? Ilk dəfədir ki, parlamentə kürdlər 80 millət vəkili keçirib. Bundan artıq nə istəyirsən? Məgər sizə türklərdən fərqli şəkildə münasibət göstərən olubmu? Hansısa ayrı-seçkiliyə məruz qalmısanmı? Sənin təhsil hüququnu məhdudlaşdıran varmı? Kürd olduğun üçün sənə iş vermirlərmi? Nədi sizə mane olan?”
Ekspert son olayların PKK ilə silahlı mübarizənin vacibliyini bir kəs daha gözlər önünə sərdiyini vurğuladı:
“Baş verən olaylar göstərir ki, bugünkü PKK Öcalan dövründən miras qalan ideologiyaya hələ də sadiqdir. Baş verən son hadisələr bir daha göstərdi ki, həqiqətən də PKK-nın sonuncu adamına kimi neytrallaşdırılmadığı təqdirdə, ölkədə sabitlik olmayacaq”.
Seymur Əliyev