“Bizim restoranda normal, standart dönərin qiyməti 3 manatdır”.
Bakıda fəaliyyət göstərən restoranlardan birində lavaşda bir dönər yeyən şəxs buna görə 12 manat ödəyib.
Moderator.az xəbər verir ki, bu qiymət sosial şəbəkələrdə narazılıq doğurub.
Qəbzin fotosunda 2 lavaş arası, 4 çörək arası dönər və 1 “Coca-cola” içkisi sifariş edən şəxsin ümumilikdə 49 manat 75 qəpik ödədiyi görünür.
Restorandan “Report”a sosial şəbəkələrdə yayılan qəbzin onlara aid olduğu təsdiqlənib:
“Bizim restoranda normal, standart dönərin qiyməti 3 manatdır. Sadəcə, kafenin qaydalarına görə müştəri istəyi nəzərə alınmaqla ətin ölçüsü dəyişir. Qəbul olunan standartlara görə adi yerlərdə satılan dönərlərin içərisində olan ətin çəkisi 50-60 qram arasındadır”.
Qiymətlərin belə baha olmasının səbəbinə gəlincə, restorandan burada şəraitin yüksək olması, bütün içliklər, sous və mayonezlərin Türkiyədən sifarişlə gətirilməsi ilə izah edilib:
“Azərbaycandan isə yalnız ət alınır. Təzə dana ətindən dönər hazırlanır. Digər dönərlərdən fərqli olaraq bizdə yalnız yarpaq ətdən istifadə olunur. Qiymətlər də məhz buna görə təyin olunub. Sosial şəbəkələrdə yayılan qiymət isə içərisində 200 qram ət olan dönərin qiymətidir”.