Son günlər Türkiyə mətbuatında bəzi Azərbaycan məmurlarının övladları, onların harın, dəbdəbəli həyat tərzi ilə bağlı müxtəlif fotolar, informasiyalar yayılmaqdadır. Hansı ki, bu fotolarda bəzi məmur övladlarının krallar kimi təntənəli həyat tərzi sürdüyü aydın şəkildə öz əksini tapır.
Azərbaycanda məmur və məmur övladlarının qudurğan həyat tərzi ilə bağlı informasiyalar cəmiyyətimiz üçün yeni olmasa da, məlum tendensiyanın ölkə başçısının xəbərdarlıqları fonunda davam etməsi gerçəkliyi yenidir. Maraqlıdır ki, ölkə başçısı dəfələrlə harın məmurlar və onların övladları ilə bağlı mütəmadi surətdə xəbərdarlıq etsə də, məmur harınlığı ilə bağlı informasiyaları ölkə sərhədlərini aşması bütün xəbərdarlıqlara rəğmən vəziyyətin daha da kritikləşdiyini göstərir.
Ölkə başçısının xəbərdarlığına rəğmən məmur və məmur övladlarının harınlığının azalmaması, əksinə daha çox vüsət qazanması nə ilə bağlıdır? Doğrudanmı məmur harınlığı artıq elə bir həddə çatıb ki, bu harınlığı hətta birinci şəxsin xəbərdarlığı belə əngəlləyə bilmir? Məmur övladlarının qudurğan həyat tərzi ilə bağlı informasiyaların sərhədlər aşıb ölkələr dolaşması bu cür şəxslərə qarşı daha ciddi cəza tədbirlərinin həyata keçirilməsini zəruri etmirmi?
Moderator.az xəbər verir ki, bununla bağlı “Hürriyyət” qəzetinə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev isə baş verənlərin yenilik hesab olunmadığını vurğulayıb:
“Türkiyə mətbuatında gedən məlumatlar bizim üçün yeni bir hadisə deyil. Çünki Azərbaycan vətəndaşları ölkə məmurlarının övladlarının zəngin və qudurğan həyat tərzlərinə çoxdan bələddirlər. Düzdür, ölkə başçısı bu məsələlərlə bağlı dəfələrlə həmin məmurlara xəbərdarlıq edib ki, övladlarının özbaşınalıqlarının qarşısını alsınlar, əks təqdirdə vəzifələri ilə vidalaşacaqlar. Səhv etmirəmsə, kiçik ranqlı məmurlardan ötən illərdə kimlərsə övladlarının qudurğan həyat tərzinin qurbanı da olmuşdu. Hesab edirəm ki, ölkə başçısının zaman-zaman bu problemlərlə bağlı tədbirlər görməsi bu problemi həll edə bilməz və ümumiyyətlə bu cür məsələlər ölkə başçısının qarışacağı məsələlər deyil”.
T.Əliyevin fikrincə, problemin həlli üçün fundamental hüquqi islahatlara ehtiyac var:
“Bunun üçün ölkədə köklü hüquqi islahatlar aparılmalıdır. Hər bir məmur dövlət qarşısında özünün gəlirləri ilə bağlı hesabat verməlidir. Yəni deklarasiya haqqında qanun qəbul edilməlidir. Bu hesabat da şəffaf şəkildə həyata keçirilməlidir. Ölkədə qanunun aliliyi təmin olunmalıdır, kimliyindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hamı qanun qarşısında bərabər olmalıdır. Ölkədə işə və vəzifəyə qəbulda traybalizm prinsiplərindən imtina edilməlidir və s. Əgər bunlar olmayacaqsa, bir məmur 20 il nazir postunda qalacaqsa, sözsüz ki, orada işə qəbul qohumçuluq prinsipləri ilə həyata keçiriləcək, orada hər bir qanusuzluq, rüşvət də, korrupsiya da olacaq. Rüşvər və korrupsiyada iştirak edən məmurun övladı da sözsüz ki, harınlayacaq. Belə bir deyim var, pulu necə qazanırsansa elə də xərcləyirsən. Əyri yollarla qazanılan pullar da sözsüz ki, qudurğanlığa gətirib çıxaracaq...”.
Seymur Əliyev