İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas və
politoloq İlqar Altay facebook səhifəsində jurnalist Rasim Əliyevin ölümü ilə
bağlı status paylaşıb. Moderator.az həmin statusu oxuculara təqdim edir:
"Azərbaycan üçün
növbəti nüfuzsalan "CP". Xalq üçün ictimai ağrılı hiddət, dövlət
üçün başağrı, problem yaradan hadisə. Növbəti dəfə söz azadlığına dözümsüzlük,
jurnalistə fiziki basqı və nəticə: ölüm! Gənc jurnalist Rasim Əliyev "Qəbələ"
futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqidi barədəki bir fb statusuna görə
həyatını itirdi...
Ölümün
bilavasitə baş vermə səbəbi barədə. Rasim Əliyevin döyülmə nəticəsində aldığı
travmalardan ölümünədək tibbi nəzarətdə oldugu xəstəxanadan hələ indiyədək qəribə
də olsa, zərərçəkənin xəsarətləri, səhhətinin kliniki gedişatı, ölümünün qəti
ya, ehtimali səbəbləri barədə açıqlama verməyib. Bununla belə, bu barədə bir
müstəqil ekspert kimi ictimaiyyəti maraqlandıra, eyni zamanda istintaqa da mane
olmaya biləcək bəzi mümkün fikirlərimi söyləyə bilərəm.
Rasim Əliyevin xəstəlikdən
ölməsi barədə qərəzli və ya qərəzsiz söyləmələr variantı möcüzə qədər təsadüfi
ola bilər və demək olar ki, mümkünsüzdür. Jurnalistin ölümü təbii ki, ona yetirilən
fiziki xəsarətlər nəticəsində baş verib. Bu isə, iki variantda ola bilər.
Birinci variant döyülmə,
küt zərbələr nəticəsində yetirilən kəllə qapağı və ya əsası sümüklərinin
sınığı, baş beyin travması, beyin qansızmasıdır. Rasim Əliyevin sağ ikən yataqda sərbəst
davranışı, adekvat reaksiya, aydın fikirlə danışıb, real müsahibə verməsi onda
ölüm doğura biləcək baş, kəllə-beyin travması olmasını istisna edir.
İkinci variant alınan zərbələr
nəticəsində daxili orqanların zədələnməsidir. Mərhum jurnalistin səhhətinin
kliniki gedişatı barədə xəbərlərə əsaslansaq, onun əməliyyat ediblər və dalağı
çıxarılıb. Bu da, o deməkdir ki, küt(təpik) zərbələr nəticəsində dalaq orqanı
partlayıb. Dalaq orqanı isə regenerasiya, yəni özünübərpa xüsusiyyətinə malik
deyil və zədələndiyi halda çıxarılmağa məhkumdur. Bir də, burada söhbət zərbələr
nəticəsində qabırgalar sınması və ağ ciyərin qanaxma doğuran zədələnməsindən
gedir. Ağ ciyərlər bəzən qabırga sınığı fraqmentlərinin iti bıcaq kimi onu deşməsindən
yaralana bilir. Ya da, döş qəfəsinə dəyən agır küt zərbələrin təsirindən, kəskin
silkələnmə nəticəsində ağ ciyər toxumasının tamlığı pozulur, yenə daxili
qanaxma baş verir.
Belə halda, ölümü yaradan
yekun(bilavasitə) səbəb kimi bu iki orqandan (dalaq, ciyər) birinin zədələnməsi
ilə əlaqələndirmək olar. Burada
ya, daxili qanaxma baş verib, həkimlər bunu vaxtında müəyyən etməyiblər. Ya da,
ola bilsin ki, səbəb tromboemboliya olsun. Yəni, tam mümkündür ki, zədə almış
orqanın birisinin qopmuş toxuma hissəcikləri qan-damar sisteminə düşərək, tıxac
yaradaraq qəflətən ürəyin fəaliyyətini dayandırsın.
Burada
az və ya çox dərəcədə həkim səhvi və ya səhlənkarlığı da ola bilər. Ancaq istənilən
halda, tibbi-ekspertiza və hüquqi qiymətləndirmədə bütün bu fəsadların ilkin, əsas
və başlıca səbəbi sürəkli döyülmədir, küt (təpik, yumruq) zərbələrdir, bunu
yetirən bir qrup insanın qanunsuz hərəkətləridir.
Hətta, ölüm baş verməsəydi
belə, bir qrup idman hazırlığlı insanın hazırlıqsız bir jurnalistin qəflətən
üstünə düşüb qəddarcasına (əl-qol zərbələri ilə vurub yıxandan sonra, yerdə də
təpiklə zərbələrə davam ediblər) sürəkli döyməsi qatı xuliqanlıq, qəsdən bədənə
həyat üçün təhlükəli agır xəsarət yetirmə və öldürməyə qəsd kimi ağır cinayətlərdir.
Bunlar
da Azərbaycan Respublikası Cinayət Məcəlləsində şəxsiyyət, həm cəmiyyət əleyhinə
ictimai təhlükəli və müvafiq cəzalı əməl kimi tövsif olunub. Yəni, bir
idmançının, onun çox yaxın ətrafının və ya "Qəbələ"-Cavid tərəfkeşlərinin
yersiz, qeyri-adekvat hikkəsindən doğan qanunsuz hərəkəti, onun da doğurduğu
yersiz və zamansız faciə ortadadır.
Məsələnin tibbi və hüquqi
tərəfləri barədə ilkin məlumat və müşahidələr əsasında gəldiyim müstəqil qənaət
bu qədər. Daha
müfəssəl məlumatı təbii ki, bilavasitə təhqiqat və istintaq imkanlı rəsmi dövlət
orqanları verə bilərlər. Hadisənin kifayət qədər ictimai ağrı, rezonans
yaratması, həm də ictimaiyyət üçün açıq və demək olar ki, qaranlıq məqamlarsız
baş verməsi istintaqın tam obyektiv aparılmalı olacağını təmin edir".