Hadisənin psixoloji aspektləri barədə
Moderator.az xəbər verir ki, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış
hüquqşünas və politoloq İlqar Altay jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi,
daha doğrusu baş verən hadisənin psixoloji aspektləri ilə bağlı maraqlı fikirlər
səsləndirib:
“Gəlin
izləyək ki, məsələ nədən başlayıb və hara gedib çıxıb. Jurnalist
Rasim Əliyev "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun
xarici jurnalistin "Niyə qələbənizi Türk bayrağı ilə qeyd etdiniz?"
sualına öz iki yumrugunu bir birinə vurmaqla cavab verməsini tərbiyəsislik və əxlaqsızlıq
kimi başa düşüb. Sonra öz fb statusunda bu cür də paylaşıb. Kapitan bunu bilib,
jurnalistə zəng vurub izah edib ki, bu cür başa düşmək yanlışdır. İki yumrugun
birliyi ilə Kipr jurnalistinə Azəri və Türk xalqlarının qardaşlığını bildirib.
Qeyd edim ki, obyektiv yanaşmada, həqiqətən də videodan aydın görünür ki,
Cavidin əllə hərəkəti təhqir yox, birlik mənasını verir.
Anlaşıblar. Jurnalist düşünüb, görüntünü səhv qavradığını
anlaylb, vicdanla üzr istəyib, həmin statusu silib və məsələ bitib. Amma sən
demə, məsələ bitməyib və o vaxt bitəcək ki, jurnalist yaxşıca "kötək"
yeməklə də cəsalansın. İdmançı kapitanın "kruqu", cavidsevər gənclər
həmin təhqirli statusu biliblər axı. Bu "böyük ləkə" jurnalistin
üzrxahlığı və öz statusunu silməsindən əlavə onun yaxşıca döyülməsi ilə yuyula
bilər yalnız. Bu, bir qanun-qaydadır indiki Bakı cavanlarının müəyyən təbəqəsində
tanınan, sayılıb seçilən "hörmətti" oğlanların "şərəf və ləyaqətinin"
qorunması üçün.
Cavid
də bəzi, ugurlar əldə edib cəmiyyətin içərisində imtiyazlara sahib olmuş
idmançılar kimi həmin "hörmətli" təbəqədənmiş. İstəsə
və yaxud istəməsə belə, "yaxşı oğlan" marka- statusunu saxlamaq üçün
tərəfkeş-təəssübkeşlərinin bu cür cəza aktını həyata keçirmək təşəbbüsünə
razılıq verməyə məcbur imiş. Prosesin bir hissəsini, rahat şəkildə xoşluqla,
üzr və təhqir statusunun silinməsi tərəfini öz imkanı ilə təmin edib, qalan
"kötək" hissəsini isə, onun yaxınları həyata keçirib. Sadəcə, bu
"kötəyin" dozasını qızışib çox ediblər. Zavallı jurnalist Rasim isə
bu prinsiplərdən tamamilə xəbərsiz olub, hər şeyin ötüşdüyü, sülhlə bitdiyini
düşünüb.
Cavid
Hüseynovun, onun yaxın tərəfdarlarının jurnalisti fiziki cəzalandırmaq niyyətindən
xəbərdar olması və bunun qarşısını lazımınca almaması elə, ilkin müşahidə ilə məlum
olur. Futbolçunun bunu sifariş verməsi və ya təşkil etməsi isə,
aparılacaq istintaq araşdırmasında müəyyən olunmalıdır.
Yəni,
nəticədə, İdmançı-kapitan cəmiyyətin leqal təbəqəsindən qazandığı ugurlarla
kifayətlənməyib, qeyri-leqal, cinayət aləmi qanunları tətbiq edilən təbəqəsində
əldə etdiyi mövqeyinin, satatusunun qurbanına çevrilib. Yoxsa,
jurnalist olmasın, hər hansı vətəndaş olsun, axşama kimi nazirləri, ictimai
xadimləri və hətta güc strukturlarının rəhbərlərini öz facebook statusunda təhqir
dərəcəsində tənqidlər edirlər. Bu halda təsəvvür edin ki, Türkiyənin
ikinci-üçüncü eşalonu səviyyəsində olan bir futbol komandasının heç öz ölkəsinin
əksər camaatının belə tanımadığı oyunçusuna jurnalist öz face statusunda
anlaşılmazlıqdan iki kəlmə acı söz yazıb. Sonra da üzr istəyib və silib.
Bu şərtlər
axı, gənc jurnalistin bir qrup hazırlıqlı mütəşəkkil dəstə tərəfindən ölümlə nəticələnən
döyülməsinə adekvat deyil! Burada, jurnalist Rasim Əliyevə
qarşı, ifrat cəza aktını şərtləndirən faktor məhz müasir gəncliyin müəyyən təbəqəsindəki
münasibətlərin "oğru" qanun-qaydaları ilə tənzim olunmasıdır.
Cavanlar arasında bütün günü "razborka"lar gedir. Kafe, restoran,
barlarda, idman zalları , universitet və hətta orta məktəblərdə gənclərə
"oğru dünyası" liderləri, ideoloqları, qayda-qanunları barədə təbliğatlar
aparılır, kontaktlar qurulur. Səbəb budur. Məsələnin psixoloji, kriminoloji tərəfi
bu vəziyyətdədir.
Nəhayət
hadisənin ictimai aspektləri barədə.
Azərbaycan
idmanına dövlət tərəfindən göstərilən xüsusi qayğı və idmanımızın da son illərdəki
uğurları göz qabağındadır. Təzəcə Bakı Avropa Oyunları bitib
və ugurları sadalamağa ehtiyac yoxdur. Ancaq bir sıra yarışlarda ugurlar
qazanıb xüsusi imtiyazlar əldə etmiş və bunu cəmiyyətdə özü üçün xüsusi səlahiyyətlərə
çevirmiş bir sıra idmançı gənclərimizin bəzi antiictimai hərəkətləri də
ortalıqdadır.
Sanki,
dövlətin xüsusi qayğısı, idmandakı uğurlar ilə əldə etdikləri toxunulmazlıq
üstünlükləri, yüksək imkan və şərait bunlara çoxdozalı dopinq təsiri göstərib. Sanki
bunları hallandırıb, real həyatdan uzaqlaşdırıb, eyforik vəziyyətə salıb.
Bunlar cəmiyyət içində elə bil ki, hegemon qəhrəman hesab edilirlər və daimi
özbaşınalıq hissləri ilə yaşayırlar. Mənfi nəticələr isə göz önündədir.
Birisi
bahalı maşını saymazyana dərəcədə yüksək sürətlə sürür, qəza törədir və nəticədə
diğər insanların xəsarəti, yanması, ölümü baş verir. Digər
bir tanınmış idmançımız hüquq mühafizə orqanında işləməsini unudub çoxsaylı
kommersiya strukturlarına malik olmasını müsahubə verib bəyan edir, bununla cəmiyyətdə
bir ədalətsizlik narahatçılığı, həm də işlədiyi dövlət orqanına problem
yatradır. Daha bir başqası cavanlardan özü üçün xüsusi zərbə qrupu yaradır. Zon-lardakı
cinayətkar aləmilə əlaqədədir, onların azad cəmiyyətdəki nümayəndəsi
funksiyasını yerinə yetirir, "razborkalar" aparır, zon-un maddi təminatını
təşkil edir.
İnanılmaz
da olsa, tam həqiqətdir. Bunlar hamısı ictimai qayda və təhlükəsizlik pozuntularına,
ictimaiyyətin narazılığına və dövlətin də probleminə çevrilmiş olur nəticədə.
Necə ki, futbolçu Cavid Hüseynovun hegemonlugu və bunun nəticəsi olaraq
jurnalist Rasim Əliyevin faciəli ölümü timsalında.
Yüksək
göstərici əldə etmiş, çempion olmuş adlı sanlı idmançı tərbiyə, davranış və
intellektual səviyyə baxımdan yüksəkdə durmalıdır. Çempion
olub, ölkəsinin bayragını qaldıran, prezidentdən medal, mükafat qəbul edən, adı
elitar siyahıya düşən tanınan insan yaşından asılı olmayaraq ictimai xadim
hesab olunur. Buna uygun da o, xalq, cəmiyyət içərisində mədəni, nümunəvi
davranış göstərməlidir.
Bunun əksini
edən, ugur və imtiyazlardan başı gicəllənib, özünü itirib azğınlıq edən hər bir
idmançı kimliyindən asılı olmayaraq sərt cəzasını almalıdır. Bizə,
bağışlayın, heyvərə, zırrama təfəkkür və davranışlı idmançı lazım deyil, ondan
xeyirdən daha çox ziyan gələr. Bizə Tayson kimi yox, Məhəmməd Əli kimi,
Maradona kimi yox, Pele kimi nümunəvi davranışlı idmançılar lazımdır.
İndiki
sosial-iqtisadi böhranlı dövrdə dovlətin idmana çəkdiyi zəhməti, xalqın
idmandan aldığı sevinci yerə vurub, hamını peşiman edən yeni bir yaramaz təbəqənin
ayaq açıb şaxə verməsinə imkan yaratmaq olmaz. Cavidin kapitan oldugu "Qəbələ"
klubunun çəlimsiz bir jurnalist üzərindəki "qələbəsi" bizə dərs olsun”.