Məlum olduğu kimi YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili Eldar Sabiroğlu haqqında ciddi ittihamlar irəli sürüb. E.Sabiroğlunun “xəmirinin xəyanətlə yoğrulduğunu” bildirən S.Novruzov, onun Müdafiə Nazirliyində çalışdığı dönəmlərdə düşmənlərə Azərbaycanla bağlı məxfi məlumatlar ötürməsinin də mümkün olduğunu, bu məsələnin prokurorluq tərəfindən araşdırılması gərəkdiyini bildirib.
Maraqlıdır, S.Novruzovun
E.Sabiroğlu ilə bağlı ittihamları prokurorluq tərəfindən araşdırılmalıdırmı? Əgər
bu ittihamlar öz təsdiqini tapmasa, o zaman YAP yetkilisi hansısa şəkildə məsuliyyətə
cəlb edilə bilərmi?
Moderator.az-a açıqlama
verən Azərbaycan Respublikasının sabiq baş prokuroru Əli Ömərov bunun üçün tərəflərdən
hər hansı birinin prokurorluğa müraciət etməsinin gərəkli olduğunu söyləyib:
“Bu,elə-belə ittiham
deyil. Bu, olduqca ağır ittihamdır. Bu, vətənə xəyanət deməkdir. Əgər
E.Sabiroğlu Müdafiə Nazirliyində işləyəkən Azərbaycan ordusu, Azərbaycan dövləti
barəsində yad ölkəyə, düşmən dövlətə hər hansı məlumat ötürübsə, bu, vətənə xəyanət
deməkdir. Bu iddia yoxlanılmalıdır, sübut olunarsa, E.Sabiroğlu həbs
olunmalıdır, sübut olunmazsa, onu deyən adam haqqında tədbir görülməlidir. Qanun
bunu tələb edir. Əgər bu ittiham öz təsdiqini tapmasa, o zaman E.Sabiroğlunun
haqqı var ki, böhtana görə məhkəməyə müraciət etsin.
Əgər günü sabah mən özüm
də kiminsə haqqında bu cür ittiham səsləndirsəm, o zaman mənim ittihamım da
yoxlanılmalı, düzdürsə qarşı tərəf, düz deyilsə mənim haqqımda qanuni tədbir
görülməlidir. Bir daha deyirəm ki, bu, olduqca ağır bir ittihamdır.
Mən bu şəxslərin arasında
nə baş verdiyini, onların bir-birinə hansı münasibət bəslədiyini, kimin haqlı və
ya haqsız olduğunu bilmirəm və kimsəni də müdafiə etmək fikrim yoxdur. Mən sadəcə
qanunun tələbini söyləyirəm.
Onu da qeyd edim ki, bu məsələnin
prokurorluq tərəfindən araşdırılması üçün tərəflərdən birinin prokurorluq
orqanına müraciət etməsi vacibdir. Çünki S.Novruzov öz açıqlamasında
E.Sabiroğlunun düşmən ölkəyə müəyyən informasiya verə biləcəyini birmənalı
deyil, ehtimal şəklində səsləndirib. Məhz ehtimal formasında səsləndirdiyi üçün
də prokurorluq özlüyündə bu məsələni araşdıra bilməz. Əgər bu fikirlər, qəti,
birmənalı şəkildə, hər hansı ehtimal və gümandan məhrum formada ortaya
qoyulsaydı, o zaman prokurorluq mətbuatda gedən bu informasiyanı araşdırmaq
üçün tərəflərin müraciəti olmadan da araşdırmaya başlaya bilərdi. İndiki halda
isə belə bir araşdırmanın aparılması üçün əsasa ehtiyac var və bu əsas da tərəflərdən
birinin prokurorluğa müraciət ola bilər”.
Seymur Əliyev