Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.
Moderator.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib.
***
Azərbaycan Respublikasının Prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.
Moderator.az xəbər verir ki, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.
Dövlətimizin başçısı rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir.
Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir.
Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.
Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.
***
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevUcar Gənclər Mərkəzinin açılışında iştirak edib.
Moderator.az xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanılıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadratmetr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.
Burada qurulan 7D formatlı kinozal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.
Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.
Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
Dövlətimizin başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində “Fermer”yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.
Moderator.az xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, kompleks 3 hektar ərazidə salınıb.
İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır.
Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.
Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü bir otaqlı, 1-i iki otaqlı, 1-i isə dörd otaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Moderator.az xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.
Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonuna səfər edib.
Moderator.az xəbər verir ki, dövlətin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Ucar rayon icra başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, H.Əliyevin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.