Gənclərin Hərbi-Vətənpərvərlik ruhunda tərbiyəsi- Nələrə diqqət edilməli?
5635
14 Dec 2015 | 23:48

Gənclərin Hərbi-Vətənpərvərlik ruhunda tərbiyəsi- Nələrə diqqət edilməli?

“Hamımızın ümumı vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhıdliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

Heydər Əliyev

Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən , əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçılık tərbiyəsi sən demə genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil , orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə , dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbivətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Gənclərin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perespektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına axınla korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Gənclərin vətənpərvərlik təriyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət- ənənələrini bilməlı, vətəni sevməlıdirlər. Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün gənclərdə yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi ”“ vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz.Məsələn: B. Vahabzadənin “Bayraq” şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir səslənir:-Bayraq mənliyimdir, bayraq kimliyim! Bayraq öz yurduma öz hakimliyim! Bu fikri belə izah etmək olar: Bəli müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ayulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın “Ən şirin şey” şeirində göstərir ki, ən şirin ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T. Bayramın “Azərbaycan deyəndə”, Mədinə Gülgünün “Hərkəsə şirindir öz yuvası” kimi şeirləri gənclərin diqqətinə çatdırmaq olar.

Qan yaddaşımıza yazılan tariximizi də yaddan çıxartmamalıyıq. Belə ki, Xocalı bizim qan yaddaşımıza yazilan böyük facıəmizdir. Bu hiss bizdə Xocalı soyqırımını törədən düşmənlərimizə qarşı kin-küdurəti gücləndirir, hər an intiqam hissi oyadır. Müdriklərimizdən birinin belə bir kəlamı var: “Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar. Bu fikrə əsaslanıb hərbi-vətənpərvərlik hissinin təbliği dedikdə II Dünya Müharibəsinin iştırakçılarını da yaddan çıxatmamalıyıq. Çünki, bəşəriyyəti faşizm taunundan xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə, ehtirama layiqdirlər. Bu gün ölkəmizdə müharibə getdiyi bir vaxtda vətənin azadlığı üçün çox şey öyrənəcəyimiz bir məktəbin , nəslin nümayəndələri kimi onlara çox ehtiyacımız var. Şəhidlər xiyabanının ziyarət edilməsi, Qarabağ döyüşlərində həlak olanların abidələrinin ziyarət edilməsi də gənclərin vətəndaş kimi yetişməsində az rol oynamır. Bütün sadalanan bu tədbirlər gənclərdə vətəndaşlıq, vətənpərvərlik duyğularını formalaşdırmaq üçün zəruri vasitələrdir. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motividir və ideyasıdır .

Mürsəl Qurbanov
Ehtiyatda olan Polkovnik ”“Leytenant 
Sabunçu rayonu Nismayılov adına 80 saylı tam orta məktəbin Hərbi Rəhbəri

Link kopyalandı!
Son xəbərlər