“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi “Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunmaları” haqqında yeni qanun layihəsi üzərində iş aparır. Qanunda uşaqların psixologiyasına mənfi təsir göstərəcək informasiyalardan onları qorunmaq, sui-qəsd və intihar kimi xəbərlərlə təmasını əngəlləmək nəzərdə tutulur.
Bəli, sui-qəsd
və zorakılıqlarla bağlı informasiyaların uşaqların psixologiyasına mənfi təsir
göstərdiyi, bu informasiyaların onların normal inkişafına mane olduğu, uşaqlarda
qorxu və təlaş doğurduğu, yaxud zorakılığa meyl formalaşdırdığı şübhəsizdir. Odur
ki, bu cür qanunların qəbulunu təqdir etməmək mümkün deyil. Lakin minlərlə
uşağın normal qidalanmaq, müalicə və təhsil almaqda ciddi çətinlik çəkdiyi,
valideynlərin öz uşaqlarının geyim, ərzaq kimi zəruri təlabatını qarşılaya bilmədiyi
bir ortamda bu cür qanunların qəbulunda həm də hədsiz əcaiblik, dərin bir istehza
gizlənir.
Maraqlıdır,
görəsən bu qanunun hazırlanmasında əmək sərf edən hörmətli millət vəkillərinin
hər həftə ölkədə neçə valideynin öz övladının ehtiyacını qarşılaya bilmədiyi
üçün intihr etdiyindən xəbəri varmı? Neçə valideynin imkansızlıqdan ağrılardan
qıvrılan övladının faciəsinə əzab içində tamaşa etdiyini? onunla birlikdə əridiyini
bilirmi? Neçə uşağın ailəni dolandıra bilməyən valideynlərini məktəb xərclərindən
azad etmək üçün təhsildən imtina etdiyi haqqında məlumatlıdılarmı? Orta məktəblərdə baş alıb gedən narkomaniya və
əxlaqsızlığın hansı həddə olduğu haqqında onlarda məhdud da olsa informasiya
varmı? Bu gün uşaq baxçasından tutmuş orta məktəblərə qədər hər yerdə uşaqların
kütləvi surətdə rüşvətə alışdırıldığı, bununla da onların əxlaq və psixologiyasının
ciddi zərbə aldığı bu insanlara məlumdurmu? Əgər məlumdursa, o zaman niyə öncə
bu problemlərin həllinə diqqət yetirilmir? Niyə gerçək və aşkar eybəcərliklərlə
mübarizə əvəzinə kağız üzərində cənnət formalaşdırırlır? Niyə kağız üzərində Qərbin
qabaqcıl ölkələrini belə qabaqlayan, uşaq hüquqları məsələsində Avropa dövlətlərindən
belə hüquqi müstəvidə ikiqat həssaslıq sərgiləyən ölkəmizdə, reallıqda uşaqlar
Qərbdəki heyvanların gördüyü qayğının yarısını belə görə bilmir? Ölü doğulan bu
qanunların dirilər üçün tamamilə faydasız olduğu niyə dərk edilmir?
Uşaqların
psixoloji sağlamlığının qayğısına qalmaq onların qalan bütün ehtiyaclarını ödəməklə
paralel surətdə həyata keçririlməlidir. Öncə uşaqlarına ac mədəsi, xəstə bədəni,
çarəsizlikdən üşüyən ruhu, sistemli rüşvət və ədalətsizlikdən pozulan əxlaq və əsəbi
müalicə olunmalıdır. Yalnız bundan sonra və ya bunların gedişində zorakılıqdan
bəhs edən hansısa informasiyanın uşaq psixologiyasına verə biləcəyi mümkün zərəri
aradan qaldırmağa səy göstərmək olar.
Və sonda,
uşaqların psixologiyasını qorumazdan öncə uşaqların özünü ”“ onların
fiziki-bioloji vahid kimi varlığını qorumaq lazımdır. Elə etmək lazımdır ki,
kimsə ailə dolanışığının hədsiz çətinliyinə, aclığa, çarəsizliyə görə intihar
etməsin. Elə etmək lazımdır ki, kimsə ötən ay Sumqayıtda 8-ci sinif şagirdi
Aydan Əsgərzadə kimi, “ana, məni bağışlayın, sizə yük ola bilməzdim” məzmunlu məktub
yazıb intihar etməsin. Elə etmək lazımdır ki, uşaqlar özlərini ailənin yükü
deyil, sevinci qismində görsün. Və elə etmək lazımdır ki, məhşər günü alnımızda
“uşaq qatili” ifadəsi yazılmasın.
Seymur Əliyev
e-mail: [email protected]