“Yaponlar ABŞ-ı Mirvari Limanda biabır etdilər. Onlar bizim tam
hazırlıqsız olduğumuzu göstərdilər, bizi bütun
dünya qarşısında utandırdılar”.
Pol Fassel- ABŞ ordusunun professoru
PKK-nın Suriya qolunun 17 fevral tarixində Ankarada həyata keçirdiyi terror aktı sadəcə Türkiyədə deyil, bütün dünyada ciddi rezonansa səbəb olub. Buna səbəb sadəcə terrakt nəticəsində 28 yüksək rütbəli zabitin, hərbi mütəxəssisin həlak olması deyil. Məlum olaya diqqəti artıran digər bir amil isə terror aktının Ankaranın “ürəyində”, hərbi-siyasi güc mərkəzlərinin yerləşdiyi məkanın düz ortasında həyata keçirilməsi ilə bağlıdır.
Ankara terroru mahiyyət etibari ilə Rusiya ilə ciddi siyasi qarşıdurma günlərini yaşayan Türkiyəni daxildən sarsıtmaq, onu canlı qüvvə baxımından itkiyə məruz qoymaq cəhdi deyil. Bu, Türkiyəyə meydan oxumaq, onun təhlükəsizlik sistemini ələ salmaq, onu bütün dünyda rüsvay etmək və utandırmaq cəhdidir. Məhz bu baxımdan Ankara terrorunun Türkiyə üçün siyasi-psixoloji nəticəsi digər nəticələrindən daha ağır, daha acıdır.
Bəli, Türkiyədə DİN və Nazirlər Kabinetinin cəmi 200 metrliyində, Silahlı Qüvvələrin Baş Qərargahının yaxınlığında, Dəniz, Hava və Quru Qüvvələri Komandanlığının hərbçilərinin olduğu binanın önündə reallaşan bu terror aktı, öz mahiyyətinə görə yapon təyyarələrinin ABŞ-ın Havay adalarındakı hərbi-dəniz bazası olan Pörl-Harbora hücumundan heç də az əhəmiyyətli deyil.
Pörl-Harbor faciəsi sayıqlığını itirən, öz yenilməzliyi haqqında yüksək fikirdə olan ABŞ hərbi gücünün zəif nöqtələrini hansı amansızlıqla təsbit etmişdirsə, Ankara terroru da hərbi əməliyyatdan daha çox hərbi müşavirə və toplantılar çağıran, silsilə bəyanatlar verən Türk Silahlı Qüvvələrinin ləngliyini, diqqətsizliyini, boşluğunu, qeyri-çevikliyini, özünü müdafiə bacarıqsızlığını isbatlamaq baxımından çox ciddi faktdır. Ankara terroru sübut etdi ki, Türkiyədəki mövcud siyasi idarəetmə sisteminin aciz, qərarsız, cəsarətsiz vəziyyətə gətirdiyi türk hərb maşını Türkiyənin sərhədləri daxilində belə öz təhlükəsizliyini təmin edə bilmir. Hansı ki, bu nəhəng güc sadəcə özünü deyil, bütün xalqın və dövlətin təhlükəsizliyini qorumağa görəvlidir.
Ankara terrorurnun ortaya qoduğu digər bir həqiqət isə Türk Silahlı Qüvvələrinin sərhəddən kənar quru əməliyyatları aparacaq qədər yüksək disiplin və peşəkarlığa malik olmamasıdır. Hərbi-texniki təchizatından asılı olmayaraq, hər hansı bir ordu öz ölkəsində, sərhədləri daxilində ard-arda hücumlara, terror aktlarına məruz qalırsa, öz evini tərk etməmiş onlarla, yüzlərlə şəhid verirsə, onun yad torpaqda, kənar məmləkətdə, bundan yüz dəfə ağır şərtlər və məhrumiyyətlər altında nəinki uğurlu ənəliyyatlar aparması, öz varlığını qoruyub saxlaması müşküldür.
Türkiyənin hərbi-siyasi rəhbərliyi Ankara terrorundan lazımi nəticə çıxartmalı, türk əsgər və zabitlərinin həyatını ucuz terror aktlarına qurban verməməlidir. Çünki hər bir mütəxəssisin yetişdirilməsi külli miqdarda maddi vəsait, illərlə vaxt, gərgin əmək tələb edir. Min bir zəhmət hesabına yetişdirilən onlarla hərbi peşəkarın həyatını bircə anda, qeyri-döyüş şəraitində itirməsinə imkan vermək vətənə xəyanətin başqa bir adı, başqa bir formasıdır. Və rəsmi Ankara önləyə bilmədiyi terror aktlarına, qoruya bilmədiyi insan həyatlarına görə türk xalqı, ilk öncə həlak olan həmin insanların doğmaları qarşısında hesab verməlidir.
Bir türk əsgərinin səngərdə, qanlı döyüş meydanında, hücum və ya müdafiə əməliyyatında deyil, qeyri-döyüş şəraitində həlak olması, həm də minilliklərdən gələn türk adət-ənənəsi, türk inanc və dəyərləri baxımından da təəssüf doğuran bir məsələdir. Çünki dünya türkün hər zaman at belində yaşayıb at belində öldüyünə, həyatla hərb meydanında vidalaşdığına şahid olub. Döyüşdə ölmək, son nəfəsinə qədər vuruşub şəhid olmaq Allahın türkə yazdığı alın yazısı, əzəli-əbədi taledir. Bir türk əsgərini ölümlə başqa ortamda üz-üzə qoymaq bu taleyə qarşı çıxmaq, ona üsyan etmək deməkdir. Və hər bir üsyan kimi bu üsyanın da özünə uyğun bədəlinin olacağı şəksizdir.
Seymur Əliyev
e-mail: [email protected]