Bir neçə gün öncə Xocalı faciəsinin 24 illiyi qeyd olundu. Faciə ilə bağlı ölkə ərazisində yüzlərlə tədbir keçirildi, KİV-lərdə silsilə məqalələr, süjetlər yer aldı.
İstər Xocalı, istərsə də 20 Yanvar, 31 Mart və s.kimi faciələrimizin anılması, bu faciələrin gənc nəslə tanıdılması, nəsildən-nəsilə ötürülməsi hər şeydən öncə əzəli-əbədi düşmənlərimizi tanıtmaq, yeni xəyanət və faciələri önləmək, yeni nəsilləri vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından önəmlidir. Lakin bəzi vətəndaşlar hesab edir ki, faciə və uğursuzluqlarımızın üstündə bu qədər dayanmağın zərərli tərəfləri də mövcuddur. Belə ki, faciə və məğlubiyyətlərin ictimai şüurun dərinliklərinə sirayət etməsi Azərbaycan tarixinin sadəcə məğlubiyyətlərdən, faciələrdən ibarət olması ilə bağlı yanlış təsəəvvür formalaşdıra bilər. Hansı ki, bu cür düşüncə milli mübarizə əzminin, xalq və toplum olaraq özünəinamın sarsılmasına yol aça bilər ki, bu da istənilən faciədən daha böyük itki olar.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqlarının sözçüsü, tanınmış ziyalı Dilavər Əzimli hesab edir ki, məğlubiyyət və faciələrimizi xatırlamalı olsaq da, bu uğursuzluq və faciələrin səbəbi gənc nəslə düzgün izah edilməli, Azərbaycanın sadəcə ermənilərlə deyil, Rusiya ilə mübarizə apardığı diqqətə çatdırılmalıdır:
“Tariximizdə qara səhifələrin yad edilməsini məqbul sayıram. Xüsusilə, "20 Yanvar", "Xocalı soyqırımı" günlərini.... Həm onun da əleyhinəyəm ki, yalnız məğlubiyyət bu millətə təqdim olunsun. Bu cür təqdimatlarda xüsusilə elə etmək lazımdır ki, gənclik bilsin ki, biz erməni ilə yox, təpədən-dırnağa qədər silahlanmış rus-erməni birlikləri ilə döyüşdük. Sadəcə, qeyri-bərabər döyüşdə uduzduq. Bu cür təbliğat televiziyalarda aparılmalıdır. Yadınıza bir şeyi salım. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti "Azərbaycan himnini" qəbul edəndə bütün məktəblərdə, bağçalarda hər səhər məktəblilər, balaca uşaqlar himnimizi oxuyurdular. Baxın, nə gözəl ənənənə olmuşdur. Bizim hansı məktəbdə, bağçada bunu edirlər? Çox adam heç bizim himnimiz bilmir. Hələ bəzilərindən marşlarımızı soruşsan, cavab verə bilməzlər. Bundan başqa, qalibiyyət günlərimiz xüsusilə təmtəraqlı olmalıdır. Məsələn, 28 may günü, 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günü, 1918-ci il 15 sentyabr günü, 1991-ci il "Müstəqillik Aktı"nın qəbulu günü... Belə günlər çoxdur. Təəssüf ki, heç biri təmtəraqlı keçirilmir”x9d.
D.Əzimlinin qənaətincə, 15 sentyabr tarixinin xüsusi təmtəraqla qeyd edilməsinə daha böyük ehtiyac var: “Bu günlərin içərisində mən xüsusilə 1918-ci il 15 sentyabra xüsusi önəm verirəm. Həmin gün Azərbaycan-Türkiyə birliyinin təcəssümüdür. Biz deyirik ki, "bir millət, iki dövlət". Bunu sübut edən günlərdən biri də 15 sentyabrdır. Bu gün bütün Azərbaycanda yüksək səviyyədə qeyd olunmalıdır.
Bu günlərdən biri də 21 fevral "Ana dili" günüdür. Bu da bütövlük günüdür. Yəni, Azərbaycan Türk dilinin günüdür. 50 milyonluq milləti bir araya gətirən gündür. Bu gün bizi vahidləşdirən gündür. Yadda saxlayın ki, biz təfəkkürdə, yəni psixologiyada millətləşməsək, heç bir zaman bütöv olmayacaqdır. Yəni, bu günü Azərbaycanın güneyində, quzeyində, Kərkükdə, Borçalıda, Dərbənddə, Avropada, Amerikada, Rusiyada və başqa ölkələrdə bütün azərbaycanlılar qeyd etməlidirlər. Biz tariximizdə olan qalibiyyət günlərimizi daima yüksək ruhla qeyd etməliyik. Bundan əlavə, tarixi şəxsiyyətlərimizin də doğum günlərini yüksək ruhla qeyd etməliyik. Bütün bunları etsək, gənclərimizi məhz bu ruhda, bu ənənədə böyüdə bilsək, bundan sonra bu millətə kimsənin gücü çatmaz!”x9d
Seymur Əliyev
xa0