
Dünyanın elə bir vaxtında yaşamaq qismət payımıza düşüb ki, müharibə, münqaişə ovqatı təkcə nankor qonşularımızla savaşda deyil, ictimai-siyasi, sosial-humanitar günümüzdə də gərginliklərdən xilas olmaq üçün fürsət axtarır insan oğlu. Odur ki, virtual olaraq dünya səyahətinə çıxmaq və oxucularımızı da özümüzlə aparmaq qərarına gəlmişik. Özümüz gedə bilməsək də heç olmasa dünyanın müxtəlif tarixi məkanlarına baş çəkən soydaşlarımızın bələdçiliyi ilə oxucularımızı maraq dünyasına qonaq dəvət edirik...
İlk olaraq Avropada yaşayan tanınmış publisist Vahid Qazinin "Paris günləri"ni təqdim etdik, ( həmin yazını bu linkdən oxuya bilərsiniz---moderator.az/news/133046.html) indi isə "Kubadan fotoreportaj"ı sizlərə təqdim edirik:
Vahid Qazi “Ağ paltarlı qadınlar” hərəkatından, Kuba kommunizmindən, dissident yazardan, köhnə model amerikan maşınlarından, Havana küçələrindən, Quantanamodan danışır.
Bu, Çe Gevaranın heykəlidir. O, 1958-ci ilin son günlərində burda döyüşüb. 1997-ci ildə meyitinin qalıqları Boliviyadan gətirilib şəhərin qərbində təntənəylə basdırılıb, üstündə mavzoley tikilib.
Bu isə Çe Gevaranın, Fidel Kastronun Kubasıdır. Yanvarda 50 illiyi qeyd olunmuş inqilabın Kubadakı ən böyük “qələbə”si səfalətdir. Bu ölkədə gündə 3000 dollarlıq siqar istehsal eləyən bir fəhlənin orta aylıq əməkhaqqı 10-12 dollardır. Nəticəni özünüz çıxarın”¦
Kommunizmin Kubaya gətirdiyi “xoşbəxtliyi” bu şəkildəki xəritədən də görmək olar. Bu, Kubada inqilabdan bir əvvəl və 46 il sonra mövcud olan həbsxalanlarla islah-əmək düşərgələrinin müqayisəli xəritəsidi. Qara nöqtələr həbsxanaları, qırmızı nöqtələr düşərgələri göstərir”¦
Kubada son 50 ildə azadlıqsevər insanlar ya ölkəni tərk edib, ya qayıqlarla qaçıb canlarını qurtarmaq istəyərkən Karib dənizində balıqlara yem olub, ya da repressiyalara məruz qalıb. “Ağ paltarlı qadınlar” Kubada siyasi məhbus probleminin simvoludurlar. Ərləri, qardaşları, övladları siyasi məhbus olan qadınlar təpədən-dırnağa qədər ağ geyinir və ağ çətir götürürlər. Yerli əhalinin çoxu bunun fərqində belə deyil ”“ bu qadınların niyə ağ geyindiyi onları maraqlandırmır. “Ağ paltarlı qadınlar”dan çox az adamın xəbəri var. Onlar özləri də çox adamın bunu bilməsini istəmirlər. Şəkildəki bu qadın da o səbəbdən fotoaparatın obyektivindən gizlənməyə çalışır”¦
Absurd ideyalara qurban verilən Kubada yalnız SSRİ dağılandan sonra turizmin inkişafına imkan yaradılb. Hazırda ölkənin əsas gəliri turizmdəndir. Amma dövlət maksimum dərəcədə çalışır ki, səfalət içərisində yaşayan kubalılar turistlərlə əlaqədə olmasın. Kubalılar üçün turistlərlə eyni kafedə oturub çay içmək böyük xoşbəxtlikdir. Şəkildə gördüyünüz insanlar belə kafelərin birində oturmaq üçün növbə gözləyirlər.
Hakimiyyət Raul Kastroya keçəndən sonra müəyyən dəyişikliklər var. Məsələn, bir neçə il əvvəl mağazalarda şampun, sabun tapmaq böyük hadisəydi, amma indi vitrinlər canlanıb. Mağazalarda kompüterlər, müəyyən texnika gözə dəyir. Amma bu şəkildə gördüyünüz kubalı hələ də çörəyini bu köhnə yazı makinasından çıxarır. Deyir ki, “bu makina anam, bacım, sevgilimdir”¦”
Kubanın imici köhnə maşındır. Amma ona görə yox ki, kubalılar köhnə maşını sevirlər. Ona görə ki, insanların maşın alıb-satmaq hüququ yoxdur. O səbəbdən də maşınlar atadan oğula “vərəsəlik” yoluyla keçir. Kubada 50-60 yaşlı maşınlara hər addımda rast gələ bilərsiniz”¦
Havananın mərkəzi küçələri üfunət qoxuyur. Çünki şəhərdə kanalizasiya sistemi yoxdur. Binalarsa cavanlığı gözəl olan, amma baxımsızlıqdan üz-gözü qırışan qadına bənzəyir”¦
Bütün acılara baxmayaraq kubalılar çox nikbin insanlardırlar. “Aclıq olsun, kef olsun” havasındadırlar. Şəkildə gördüyünüz bir restoran ansamblıdır. Küçədə turistlər pul verib oxudurlar”¦
Yerli bananla ixrac olunan banan arasında çox fərq var. Yerli banan gözəl görünməsə də, çox dadlıdır.
Bu qədər səfalətə rəğmən Kubanın yolları Azərbaycanla müqayisədə çox gözəldir. Orda maşın kirələyib 1200 kilometrə yaxın yol sürdüm. Kubalıların yol mədəniyyəti də məni heyran elədi. At arabaları, velosiped sürənlər belə yol hərəkəti qaydalarına bizim “Mercedes” sürənlərlə müqayisəolunmaz dərəcədə riayət edirlər”¦
Bu da məşhur Quantanamo vilayəti. Kubanın cənubunda yerləşən böyük bir vilayətdir. Digər vilayətlərlə müqayisədə burda insanlara ikiqat nəzarət var. Hər kəsi dönə-dönə yoxlayırlar. Məşhur Quantanamo düşərgəsinin isə həndəvərinə düşmək belə mümkün deyil. Bunu heç kubalılar özləri də istəmirlər”¦ Müslüm Maqomayevin oxuduğu “Quantanomera” mahnısı “Quantanamolu qız” deməkmiş. Həqiqətən Quantanamonun qızları gözəldir”¦
Kubada dəyişiklik istəyən çoxdu. Düşmən ölkənin prezidentliyə namizədi Barak Obamanı dəstəkləyən bu avtomobilin sahibi kimi”¦ Bunu görəndə dedim: “Kubada kommunizmin sonu gəldi”.
Kubaya macəra dolu səfər başa çatdı. Maraqlı ölkədi Kuba, amma Amerika daha cəlbedicidi. Arxada görünən Nyu-Yorkdakı “Azadlıq heykəlidir. Öndə isə mənəm-azad adam...





























