Bu günlərdə Azərbaycanın Afrika qitəsində yerləşən Cibuti Respublikasına göstərdiyi yardım həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dövlətimizin və xalqımızın humanizm nümunəsi kimi təqdirlə qarşılandı. Cibutiyə 76 tonluq humanitar yardım göstərən ölkəmiz harada, hansı qitə və materikdə yerləşməsindən, dilindən və dinindən asılı olmayaraq bəşəriyyətin bir parçası olan heç bir xalqın, heç bir dövlətin fəlakətinə biganə yanaşmadığını, onlara öz imkanı daxilində yardım etməyə hazır olduğunu göstərdi. Lakin təəssüflər olsun ki, bir neçə gün bundan öncə Güney Azərbaycanda baş verən və xeyli sayda insanın ölümü, bir çox yaşayış məskəninin yararsız vəziyyətə düşməsi ilə nəticələnən sel fəlakəti ilə bağlı rəsmi Bakı eyni həssasiyyəti ortaya qoymur.
Halbuki, Azərbaycana qonşu olan bir ölkədə yaşayan soydşlarımızın üzləşdiyi fəlakətlə bağlı ilk və çevik yardım məhz bizim tərəfindən göstərilməli, dövlətimizin adı onların köməyinə ilk olaraq yollananlar arasında olmalı idi. Lakin təəssüflər olsun ki, Suriyada bombalanan, İraqda kütləvi qırğın və qətliyama məruz qalan soydaşlarımızla bağlı hökm sürən səssizlik Güney Azərbaycanla bağlı olayda da pozulmadı. Bu isə faktiki olaraq Cibutiyə “hə”, Güney Azərbaycana “yox” reallığını ortaya qoydu.
Bəli, nə qədər acınacaqlı da olsa bizim xeyirxahlığımız doğma qapısını tanımır. Biz bu kimi durumlarda çox zaman içimizdəki ağrı və xeyirxahlığı fərd olaraq yalnız ağı, bayatı, hay-haray şəklində ortaya qoyuruq. Halbuki, bizimlə eyni qanı, eyni ruhu daşıyan insanların bu durumda bizdən gözlədikləri tamamilə ayrı şeydir. Cibutiyə göstərilən yardım qədər Güney Azərbaycana göstəriləcək yardım bütün yazdıqlarımızdan və dediklərimizdən daha faydalı, daha gərəklidir. Bu, ordakı soydaşlarımız üçün sadəcə humanitar yardım olmaqla qalmayıb, həm də onlara mənəvi baxımdan güc verər, tək olmadıqlarını, vətəndaşı olduqları dövlətlə yanaşı, doğma Azərbaycanın da yanlarında olduğunu bu insanlara hiss etdirər.
Odur ki, gec də olsa dövlətimizin belə bir təşəbbüslə çıxış etməsi olduqca vacibdir. Ən azından ona görə ki, bu, bizim mənəvi borcumuzdur. Ən azından ona görə ki, orada ölüm və çarəsizliklə üzləşən insanlar bizim xalqın bir hissəsidir. Ən azından ona görə ki, Güneydəki soydaşlarımız bizim üçün Cibutidən heç də az əhəmiyyət kəsb etmir.
Şübhəsiz, Azərbaycanın Güneydəki soydaşlarımızla bağlı hərəkətsizliyi onun digər dövlətlərə göstərdiyi humanitar yardım və xeyirxahlığın əhəmiyyətini azlatmır. Əslində xeyirxahlığın əsl mahiyyəti onun yalnız dost-qardaş və qonşu çərçivəsindən çıxmasını tələb edir. Xeyirxahlığı xeyirxahlıq edən onun doğmalarla yanaşı, həm də yad qapılara, yad dillərə, yad dünyalara yol tapmasıdır. Xeyirxahlığın qayəsini təşkil edən təmənnasızlıq bizdən məhz bunu tələb edir. Lakin biz özümüzdən min kilometrlərlə uzaqda yerləşən xalqlara kömək etmək üçün ayağa qalxarkən öz dizimizin dibindəki doğmalarımızı görməyi bacarmalı, eyni həssasiyyəti onlar üçün də sərgiləməliyik. Əks təqdirdə, bizim onlar üçün yaddan fərqimiz olmayacaq. Və onlar hər zaman bizi məhz belə xatırlayacaq: həm var, həm də yox olan insanlar kimi...
Seymur Əliyev
e-mail: [email protected]