Kinorejissor Vaqif Mustafayevin “Fransız” filmində maraqlı bir epizod var: cılız, bəstəboy bir kişi (Arif Qasımov) guya, ölərək o dünyaya düşən Atabalaya (Yaşar Nuri) yaxınlaşaraq özünü Dədə Qorqud kimi təqdim edir. Atabala gülərək “heç belə də Dədə Qorqud olar?” soruşur. Cavab özünü çox gözlətmir. Sısqa kişi “Sən bəyəm Dədə Qorqudu görmüsən?” deyə haqlı bir sual verir. Rejissor burada çox incə bir ştrixi acı yumorla yaradıb. Bu cavab əslində, təxəyyülə hücum idi. Cılız, bəstəboy kişinin o sualı verməsi Atabalanın beynindəki Dədə Qorqud portretini darmadağın etdi.
Bu gün biz də bir çox tarixi qəhrəmanların, orta əsrlərdə yaşamış şair, filosof, alimlərin əsl portretini görməmişik. Bu, heç mümkün də deyil. Çünki rəssamlar tərəfindən çəkilməyib, yalnız XIX əsrin sonlarında meydana gələn fotonun yaddaşına da təbii ki, köçürülməyib. Onların məlum portretləri ya birbaşa təxəyyül hesabına, ya da həmin qəhrəmanların xarici görkəmini əks etdirən tarixi qeydlər sayəsində çəkilib.
Moderator.az təqdim edəcəyi yazıda üç böyük Azərbaycan mütəfəkkirinin- Nizami Gəncəvi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai-portretlərinin yaranma tarixçəsindən danışacaq. Öncə başlayaq, intibah dövr Şərq mədəniyyətinin ən güclü nümayəndəsi Nizami Gəncəvidən....
1939-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma bu yubileydə N.Gəncəvini əyani surətdə canlandıracaq hər hansı bir şəkil olmur. Belə olan halda müsabiqə elan olunur. Tarixçilər, ədəbiyyatşunaslar, rəssamlar işə cəlb olunurlar və Nizami Gəncəvinin portreti çəkilir.
Nizamişünas Yevgeniy Bertels, filosof Heydər Hüseynov, ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxminən necə olduğunu dedikdə, dahi bəstəkar Üzeyir Hacıbəyov belə bir ideya irəli sürür, təklif edir və deyir: - “Ağcabədidə siz dediyiniz parametrlərdə və sifət cizgiləri tam uyğun gələn bir axund var, onu tanıyıram”.
Həmin axundu Tarix və Diyarşünaslıq Muzeyindən alınmış geyimlərlə geyindirdikdən sonra Qəzənfər Xalıqov həmin axunda baxaraq Nizami Gəncəvinin portretini yaradır və müsabiqənin qalibi olur. Beləcə dahi şair N. Gəncəvinin o gündən bu günədək hər yerdə istifadə olunan portreti yaranır.
Haqqında danışacağımız ikinci portret isə Məhəmməd Füzuliyə aiddir. Füzulinin də portreti yubileyi ərəfəsində yaranıb. Onu canlandıracaq heç bir portret olmadığından yenidən müsabiqə elan edilir. Dahi Şərq mütəfəkkirinin daş portretini hazırlamaq çox ciddi iş olduğundan kimsə bu işi tam olaraq yerinə yetirə bilmir. Amma Şərq fəlsəfəsinin və klassik ədəbiyyatın vurğunu olan Fuad Əbdürrəhmanov ilkə imza atır və heykəltəraşlıq tarixində Füzulinin ilk heykəlini hazırlayır. Həmin heykəl barədə daha doğrusu, heykəl olaraq bizə müdriklik mücəssəməsi kimi görünən nurani qoca portretinin necə yaranması barədə bəzi maraqlı fərziyyələr var.
Belə ki, heykəltəraş Fuad Əbdürrəhmanov Füzuli obrazını yaratmaqda çətinlik çəkirmiş və bu səbəbdən də işləri gecikdirmək məcburiyyətində qalır. Ona bir xeyli portret təqdim olunsa da, rəssam-heykəltaraş təsəvvür etmək istədiyi Füzulini görə bilmir. Bu, onu çox məyus edir. Amma bir gecə yuxudan qəflətən ayılan rəssam hər zaman yaxınlıqdakı masanın üzərində saxladığı plastilinlə bir obraz hazırlayır. Sən demə, həmin vaxt yuxuda bir pirani qoca ona yaxınlaşaraq deyir: “Axtardığın insan mənəm”.
Məhz bundan sonra heykəltəraş əsl Füzuli heykəlini hazırlaya bilir. Hazırda həmin heykəl Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan 6 heykəldən birincisidir.
Beləcə Füzulinin portreti də yaranır...
Sonda isə növbəti böyük mütəfəkkir Xətainin portretinin yaranma tarixindən danışaq.
Bu gün hamımızın kitablarda, albomlarda, müxtəlif mənbələrdə gördüyümüz, sırf Qızılbaşlara xas olan papaqlı portretinin müəllifi isə naməlum florensiyalı rəssamdır.
O zaman, yəni XVI əsrin əvvəllərində venesiyalılar Səfəvilər dövləti ilə yaxın münasibətinə görə çox fərqlənirdilər. Oradan Səfəvilərin Təbrizdəki sarayına tacirlər, sənətkarlar və elçi qismində diplomatlar gələrdi. Avropada Şah İsmayılın şəxsiyyəti, onun vizual görkəmi haqqında ilk rəy yaradan şəxslər də elə Venesiya tacirləri olub.
Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır və onu bu cür xarakterizə edir:
“İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı, adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynayarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar.
O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.
Böyük ehtimala əsasən, həmin tacir qrupu ilə eyni vaxtda Şah İsmayılın sarayına gələn və adı hələ də naməlum qalan rəssamlardan biri onun portretini çəkir. Bu gün Xətaini necə təsəvvür ediriksə və necə görürüksə burada həmin portretin çox böyük rolu var.
Həm də Xətaininin portretini Nizami və Füzulinin portretindən fərqləndirən əsas cəhət budur ki, o ehtimallar əsasında yox, konkret olaraq obyektin (Xətainin) real siması əsasında çəkilib.
XVI əsrin əvvəllərində çəkilən həmin portret hazırda Venesiyada yerləşən Uffitsi muzeyində saxlanılır. İtaliyanın nüfuzlu Mediçi ailəsi tərəfindən inşa edilən muzeyin ilk eksponatlarından biri də elə Şah İsmayıl portreti olub.
Toksana hersoqu I Kosimo Mediçi üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanan sarayın memarı isə dünyada incəsənət tarixinin əsasını qoyan Corco Vasari olub.
Elmin Nuri