Azərbaycanın xalq artisti Rasim Balayevə şöhrət gətirən filmlərin başında, heç şübhəsiz ki, "Babək Əl-Xürrəmi" rolu dayanır.
Orda Balayev "suflyor"suz əla qılınc oynatması ilə diqqətləri çəkir. Bəs ona qılınc oynatmağı kim öyrədib?
Bununla bağlı ona qılınc oynatmağı öyrətmiş “Şöhrət” ordenli əməkdar məşqçi Yaşar Məmmədov fikirlərini bildirib.
Hazırda Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarovun məsləhətçisi işləyən Yaşar Məmmədov hazırda xəstə yatan Rasim Balayevlə əlaqələrinin kəsildiyini bildirib:
“Onu çoxdandır ki, görmürəm. Biz “Babək” filmində bir yerdə işləmişik. Film 1979-cu ildə çəkilib. Mənim də onunla əlaqəm o vaxtdan kəsilib. Arada oxudum ki, dərman almağa pulu çatmır. Lakin o, prezident təqaüdü alır - 1300 manat. Hələ yaşa görə də pensiyası var. İstənilən halda, dərmanlar günü-gündən qalxır. Allah köməyi olsun!”
Rasim Balayev əvvəllər qılınc tutmaqda çətinlik çəkib. O, R.Balayevə qılıncoynatma öyrətməsindən danışıb:
“Sınaq çəkilişindən sonra dedilər ki, Rasim vuruşanda gözünü tez yumur. O vaxt kinostudiyanın həyətində aktyorlarla məşq edirdim. Rasimi kənara çəkib dedim ki, paxıllar deyir ki, “Nəsimi”dən “Babək” çıxmaz. Dedim ki, maska geyinməyinə imkan verməyəcəyəm. Qılınclar ağır idi, taxtadan deyildi, qorxulu idi, yaralanmaq ehtimalı vardı. Lakin məşqlər sayəsində Rasim tezliklə əsl cəngavər kimi vuruşmağı öyrəndi”.
Milli Olimpiya Komitəsinin sabiq vitse-prezidenti Yaşar Məmmədovdan Eldar Quliyevin rejissoru olduğu filmə necə dəvət alması haqqında da soruşduq:
“1979-cu ildə məni filmdə döyüşləri təşkil etməyim üçün dəvət etmişdilər. O vaxt bizim idmançılarımız arasında erməni, ruslar da vardı. Biz epizodik rollarda döyüş səhnələrində yer alırdıq. Sonra Eldar Quliyev mənə Əbu İmran rolunu təklif etdi. Dedi, Əbu İmranın filmdə Cavidanla döyüş səhnəsində cəmi iki kəlmə sözü var. Mən də razılaşdım. Həmin döyüş səhnəsi Naxçıvanda çəkilib. Orada Babək deyir ki, qardaş qanı tökməyin. Mən isə deməliyəm ki, çəkil, igid. Lakin mənim ağzımdan pis söz çıxdı (gülür). Həmin vaxt Rasimi gülmək tutur, gülüşü bilinməsin deyə üzünü qayaya çevirir. Bir də mənim başımdan qan çıxması səhnəsi yaxşı alınmışdı. Anam o səhnəni görəndə demişdi ki, can bala, səni nə günə qoyublar”.
Bu filmə Azərbaycan tərəfindən bir milyon, Rusiya tərəfindən isə 650 min rubl ayrılıb. Bununla belə, Məmmədov qeyd edir ki, epizodik rollara çəkilənlərə az məbləğ verilirdi:
“Mənə həm roluma, həm də məşqləri öyrətdiyimə görə 600 rubl verildi o vaxt. Filmdə atların üstündən yıxılma səhnəsi var. Ora bir baş leytenant dəvət etmişdilər. Yazıq çəkiliş vaxtı dəfələrlə yıxılırdı. 125 rubl söz vermişdilər, cəmi 25 rubl verdilər”.
O bildirib ki, “Babək”dən 20 il əvvəl çəkilmiş “Bir qalanın sirri” filmində də aktyorlara qılıncoynatma təlimi keçib. Həmçinin 1956-cı ildə "Bakı Komissarları" adı ilə yeni film çəkilməliymiş və Anastas Mikoyan rolunda Yaşar Məmmədov rol almalıymış. Ancaq Mikoyanın xalq komissarlarını satmasına dair fikirlərə görə, sonradan bu filmin çəkilişindən imtina edilib.(oxu.az)