Xəbər lenti
19/01/2021 [22:09]:
Vladimir Putin temperaturu mənfi 20 dərəcə olan buzlu suya girdi - VİDEO
19/01/2021 [21:44]:
ADNSU-da 20 Yanvar hadisəsi qurbanlarının xatirəsi yad edilib
19/01/2021 [21:44]:
Bu axşam yayımlanacaq sənədli film dünyanı dərindən sarsıdacaq həqiqətləri ortaya çıxaracaq...
19/01/2021 [21:41]:
ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında memorandum imzalanıb
19/01/2021 [21:39]:
"AP hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir"
19/01/2021 [21:31]:
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
19/01/2021 [21:25]:
“Snayper ikinci dəfə vurmaq istəyəndə özümü təpədən atdım”- Cıdır düzündə yaralanan Kamil
19/01/2021 [21:23]:
Yeni doğulan uşaqda "Kovid-19"a qarşı antikor görüldü: Tibb dünyasında çaşqınlıq yaradan hadisə...
19/01/2021 [21:20]:
“Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu” - Seyran Ohanyan
19/01/2021 [21:17]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüb - FOTOLAR
19/01/2021 [21:01]:
Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi - Təfərrüat
19/01/2021 [20:53]:
Şuşaya qar yağır - FOTO
19/01/2021 [20:41]:
Mövlud Çavuşoğlu ilə Cavad Zərif arasında telefon danışığı olub
19/01/2021 [20:31]:
İran Tramp, Pompeo və Boltona qarşı sanksiya tətbiq edib
19/01/2021 [19:56]:
“Artıq digər bölgələrdən də yüzlərlə soydaşımız  Qarabağda yaşamaq arzusuyla ərizələr verib...” 
19/01/2021 [19:50]:
Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub - VİDEO
19/01/2021 [19:48]:
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
19/01/2021 [19:45]:
Bakıya qar yağır
19/01/2021 [19:42]:
Xalq artisti dünyasını dəyişdi
19/01/2021 [19:32]:
Avropada “Boeing 737 MAX”ın uçuşlarına qadağa götürülür
19/01/2021 [19:30]:
"Simpsonlar"ın ssenaristi öldü
19/01/2021 [19:26]:
"O, əlində avtomat dayanıb diqqətlə mənə baxırdı, avtomatı da mənə doğru tuşlamışdı"
19/01/2021 [19:06]:
Putin Tramp və Baydenlə əlaqə saxlamağı planlaşdırmır
19/01/2021 [18:50]:
Putin xaç suyuna girdi - VİDEO
19/01/2021 [18:42]:
Kəlbəcərin Çopurlu kəndi - VİDEO
19/01/2021 [18:39]:
"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
19/01/2021 [18:39]:
Nazirlik: "20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü Prezidentin aylıq təqaüdləri ilə təmin olunur"
19/01/2021 [18:32]:
Rusiya Azərbaycana minatəmizləmə texnikası göndərdi - FOTO/VİDEO
19/01/2021 [18:30]:
Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb
19/01/2021 [18:28]:
Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
19/01/2021 [18:14]:
Bayden Aişə və Samirəyə  Ağ Evdə vəzifə verdi...-FOTOLAR
19/01/2021 [18:04]:
Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub
19/01/2021 [18:04]:
“Uşaqlıqda Məlik Dadaşovun “Fəryad” filmindəki səhnəsi məni çox sarsıdıb...”
19/01/2021 [18:03]:
Hulusi Akar Məsud Bərzani ilə görüşüb
19/01/2021 [17:44]:
Milli Məclisin İnsan Hüquqları komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirildi
19/01/2021 [17:40]:
Messinin cəzası açıqlandı
19/01/2021 [17:32]:
Azərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı
19/01/2021 [17:26]:
Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
19/01/2021 [17:25]:
Azərbaycan vətəndaşlarının Türkiyəyə hansı sənədlərlə səfər edəcəyi məlum olub
19/01/2021 [17:24]:
Polietilen torbalar alıcılara pulla təqdim olunacaq
19/01/2021 [17:23]:
“Mənəvi dəyərlərimizlə bağlı bu cür filmlərin çəkilməsi olduqca faydalıdır”
19/01/2021 [17:23]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
19/01/2021 [17:20]:
Ağstafanın həbsdə olan icra başçısı və müavininin məhkəməsi təxirə salındı
19/01/2021 [17:20]:
BDU-da “20 yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19/01/2021 [17:16]:
Anavətənçilər 20 Yanvar Şəhidlərini yad etdilər - FOTO
19/01/2021 [17:16]:
Milli Məclisin Sədri Türk Şurasının Baş katibi ilə ilə görüşüb
19/01/2021 [17:12]:
Xalqımızın azadlıq və bölünməzlik uğrunda “20 YANVAR” tarixindən başlayan mübarizəsi...
19/01/2021 [17:09]:
"Kasıba ərə getmərəm" deyən Pərvinə əsgərdən cavab: "Sənin nəslini kasıb oğlanlar qoruyur"
19/01/2021 [17:00]:
Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasını keçirdi
19/01/2021 [17:00]:
Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradıldı - RƏSMİ
19/01/2021 [16:51]:
Ermənistan böyük silah ticarətçisinə bir neçə cinayət işi açıldı
19/01/2021 [16:50]:
Türk Şurası 2022-ci ildə Şuşada 20-yə yaxın tədbir keçirə bilər
19/01/2021 [16:49]:
MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir
19/01/2021 [16:46]:
İşdən çıxarılan icra başçısı VƏFAT ETDİ
19/01/2021 [16:44]:
“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI
19/01/2021 [16:43]:
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19/01/2021 [16:42]:
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub
19/01/2021 [16:41]:
Milli Məclisin deputatları işğaldan azad edilən ərazilərə gedəcək
19/01/2021 [16:40]:
Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ: Yeni proqram hazırlandı
19/01/2021 [16:39]:
“Kəlbəcərdə öz həyatını qurub, yaşaya bilər”
19/01/2021 [16:38]:
“Azərbaycan Dəmir Yolları” yeni şirkət yaradıb
19/01/2021 [16:36]:
Nazir müavini 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirib - FOTO
19/01/2021 [16:34]:
Fevralın 19-da dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
19/01/2021 [16:30]:
Vəzifəsinə xitam verilən gömrükçülərə birdəfəlik müavinət ödəniləcək
19/01/2021 [16:28]:
“Təşkilatımızın fəaliyyəti günün tələbləri səviyyəsində yenidən qurulacaq”
19/01/2021 [16:28]:
Cəsədləri axtaran erməni hərbçilər özlərinin basdırdıqları minaya düşdülər
19/01/2021 [16:27]:
İlham Əliyev TDƏŞ-in baş katibini qəbul etdi - YENİLƏNİB
19/01/2021 [16:25]:
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19/01/2021 [16:21]:
Adil Əliyev qanvermə aksiyasında iştrirak edib
19/01/2021 [16:16]:
İlham Əliyev: “Vaqifin məqbərəsi bu il bərpa ediləcək”
19/01/2021 [16:15]:
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
19/01/2021 [16:11]:
Şuşadan səslənən mesajları alman həkimlər necə qarşıladı?
19/01/2021 [15:49]:
Türkiyə prezidenti islahata başlayacaqlarını açıqlayıb
19/01/2021 [15:45]:
Ukrayna yeni nəqliyyat dəhlizi yaradır
19/01/2021 [15:43]:
Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 305 yeni yoluxma - FOTO
19/01/2021 [15:36]:
Laçının Zabux kəndindəki Qaregin Njde adına məktəb işini bərpa etdi?...-FOTOLAR
19/01/2021 [15:28]:
"20 Yanvarla bağlı bədii film üçün ssenarilər Mədəniyyət Nazirliyi tərəfindən qəbul olunmadı"
19/01/2021 [15:09]:
"Hələ ki əxlaqsızlıq et, pul yığ, sonra evlənərik" - FOTO
19/01/2021 [15:05]:
Şəhidlər Xiyabanını ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN-dən XƏBƏRDARLIQ
19/01/2021 [15:01]:
Rusiyada ölümlə nəticələnən qar uçqunu qəsdən yaradılıb – ANBAAN VİDEO
Bütün arxiv bir sırada
28/01/2018 [22:26] - Araşdırma - ( 6794 dəfə baxılıb)

“Türkün dili tək sevgili, istəkli dil olmaz”



Son günlərdə Azərbaycan dilinin orfoqrafiya qaydalarının müzakirəsinin çoxsaylı mübahisələrə yol açması təsadüfü deyil. Çünki bu məsələ təkcə filoloji xarakterli deyil, cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan, hər birimizin bilik və savadımızın göstəricisi olan yazı tərzimizi müəyyənləşirməyə yönəlikdir. Buna görə də son günlərin gündəmini zəbt edən Azərbaycan dilinin orfoqrafiyasında tətbiq olunacaq qaydalar layihəsi elmi çevrələrdə və ümumiyyətlə, cəmiyyətdə az qala  “şok effekti” yaradıb. Doğrudur, müzakirəyə təqdim olunan qaydaların hamısı mübahisə obyekti deyildir. Bu qaydalar içərisində ənənənin davamı və yaxud artıq imlada sabitləşmiş qaydaların rəsmiləşdirilməsi və tənzimlənməsi də müşahidə olunur. Bu, təbii ki, müsbət bir haldır və təqdirəlayiqdir. Amma 69 bəndlik qaydalar içərisində 3 bənd (22, 37 və 69) dilin orfoqrafiyasının “ab-hava”sını dəyişdirdiyi üçün ciddi etiraz doğurur.

37 və 69-cu bəndlərin layihədə təklif olunduğu şəkildə qəbulunun klassik ədəbiyyatın tədqiqi, tədrisi və təbliğinə mənfi təsiri şübhəsizdir. Müasir Azərbaycan orfoqrafiyası ilə  orta çağ ədəbiyyatı arasında arzuolunmaz uzaqlığın “təminatçısı” kimi gördüyüm məhz bu iki bənddir. Məlum olduğu kimi, -iyyət, -iyyat sonluğu ilə bitən sözlər Azərbaycan dilinin müxtəlif səviyyələrində yer alır. Azərbaycan bədii mətnində, xüsusilə şeirdə ayrıca bir yeri və müəyyən bir çəkisi olan bu ifadələrin yazılış və deyiliş şəklinin dəyişdirilərək, -iyət, -iyat şəklini alması mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri və s.-də ancaq və ancaq problemə yol açacaq. İlk növbədə ona görə ki, bu sonluqla bitən kəlmələr bir y ilə yazılarsa, əruzla qələmə alınmış şeirin bəhrinə təsir edərək, qapalı hecanın açıq heca ilə əvəzlənib oxunmasına və öncəki saitin lüzumsuz uzanmasına yol açacaq.

İlk dəfə diqqətimi cəlb edən və sosial şəbəkədə həmkarlarımla müzakirəyə çıxardığım bu məsələdə birgə gəldiyimiz qənaət 37-ci bəndin  əruza vuracağı zərbədir. Tanınmış tədqiqatçı alim Kamil Allahyarova görə, əruz vəznində yazılmış şeirlərdə qoşa samitlərdən birinin düşməsinin vəzn pozuqluğu yaradacağı şübhəsiz və qaçılmazdır. Aydınlıq üçün bu beytlərə nəzər salaq. Füzuli:

Cəm’iyyəti-əsbabə könül vermə, Füzuli

Kim, təfriqədir xatirə cəm’iyyəti-əsbab.

Cabbarlı:

Azərbaycan deyiləndə ayağa dur ki ,
Füzulinin ürəyinə toxuna bilər .
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.

Cavid:

Turana qılıncdan daha kəskin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Təbii ki, nə Füzuli, nə Cabbarlı, nə də Cavid sözləri süni şəkildə uzatmaqla vəznə uyğunlaşdırmamışlar. Çünki bu tərzdə süni uzunluq (imalə) əruzda nöqsan sayılırdı. Yeni orfoqrafiya qaydalarının 37-ci maddəsi qəbul olunarsa, klassiklərimizin irsini bu şəkildə təhrifli təqdimimiz onların söz sənətinə hörmətsizlik olar. Belə ki, yeni imla qaydasında bu söz sənətkarlarımızın əslində uğurlu düşünülmüş şeiri poetiklik baxımından qüsurlu kimi qəbul olunacaq, nəticədə onların sanki əruzun ölçülərinə müvafiq söz tapa bilmədiyi və ilhamının zəifliyi təsəvvürü yaranmış olacaq. Göründüyü kimi, söz ustalarımızın zərgər dəqiqliyi ilə işlədiyi əruz, şeirin musiqi və bölgüsü bu dəyişikliklərdən ciddi zərbə alacaq. Bu tərzdə təqdimat nəticəsində müasir insanımızın, xüsusilə gələcək nəsillərin həmin mətnləri düzgün oxusu, ədəbiyyatşünasların isə dəyərləndirməsi də problemlə qarşılaşacaq.

Bir sıra ərəbcə sözlərdə xüsusi məxrəci olan və Azərbaycan türkcəsində həmin sözlərin həm də vurğusunu müəyyənləşdirən apostrofun ləğvinin ardınca bu yeni heca bölgüsü (69-cu bənd) və qoşa y hərfindən birinin götürülməsi (37-ci bənd) təklifi qəbul olunarsa, yüzilliklər boyunca şairlərimizin gərgin zehni əməyi nəticəsində əruz vəzninə Azərbaycan şeirində çətinliklə qazandırılan mövqe ciddi şəkildə sarsılacaqdır. Çünki öyündüyümüz və qürur mənbəyimiz olan 700 illik anadilli divan şeiri və məsnəvi ədəbiyyatımızda, hətta XX yüzilliyin bir sıra mənzum dramlarında yer alan bir çox örnəklər bu yenilik sayəsində təhrifli oxunacaq. Ərəb dilində müstəqil bir hərfin “eyn” (ع) qarşılığı olan apostrofun ləğvinin ardınca qoşa y hərfindən birini də ləğv etmək (37-ci bənd) və əskidən apostroflu yazılan sözlərin hecasını, eyni zamanda vurğusunu dəyişmək (69-cu bənd) mənəvi mirasımız qarşısında tamamilə məsuliyyətsiz bir addım olar.

Sosial şəbəkədə həmkarlarımla bu problemin müzakirəsi zamanı müvafiq sözlərin hətta orta çağ şeirinin nəşrində qoşa y, nəsr və digər yazılarda isə bir y ilə yazılması da bir təklif kimi irəli sürüldü. Doğrudur, klassik şeirin mətnində bəzən qoşa samitli sözlər əruzun tələbinə görə bir hərflə yazıla bilir: “xət”, “həq” və s. Amma bu səpkili ifadələr müasir Azərbaycan orfoqrafiyasında cəm şəkilçisi qəbul edərkən dəyişdiyindən, yəni onun bir və ya iki samitlə yazılmasında sabitlik olmadığından oxucuda çaşqınlıq yaratmır. Amma - iyyət, - iyyat sonluqlu sözlərin yazılışında vəziyyət başqadır. Belə ki, klassik şeirimizin çağdaş nəşrlərində qoşa y hərfinin əruzun tələbi ilə belə olsun heç bir halda ixtisarına təsadüf etmədim. Bu zaman sual yaranır: ikinci y hərfi məgər ölü dil elementidir və ya arxaikləşmiş bir hərfdir ki, klassik mətnin yazısında xüsusi tərzdə qorunsun? Klassik mətnin ön sözü, şərhi və lüğətində eyni ifadələr bir y, qaynaqda isə iki y hərfi ilə verilərsə, bu imla hərc-mərcliyindən soraq verib, oxucunun diqqətini məzmundan yayındıran əsassız bir imla üslubu olmazmı? Həm də həmin söz müasir dildə də klassik mətndəki şəkildə işlənə bildiyi halda, onlar arasında süni ayrılıq yaratmaq heç bir tarixi və qrammatik zərurətə dayanmır.

Tanınmış tənqidçi alim İ.Musayevanın da qeyd etdiyi kimi, bədii sənət dilimizin harmoniyası, ahəngi, intonasiyası və ritmi əsrlər boyu bu dildəki sözlərin səs düzümü ilə tənzimlənib. Qoşa samitlərin şeirdəki funksiyası da poetik çalarlıdır.

“Ədəbiyyat” və eyni sonluqlu sözlərin yazılışında ənənəyə uyğunluğun  qorunmasının vacibliyində daha iki mühüm cəhətə əsaslanıram:  

1. Bu maddədə yer alan “ədəbiyyat”, “fəaliyyət”, “üslubiyyat” kimi kəlmələrinin şəkli Azərbaycan türkcəsinin yazı özəlliyidir. Məsələn,  “ədəbiyyat” türk ləhcələrində fərqli biçimlərdə ifadə olunur və bu həmin dillərin spesifikası və normativləşmiş qrammatik qaydaları ilə yaxından bağlıdır: ifadə Türkiyə türkcəsində “edebiyat”, özbəkcə “adabiyot”, türkməncə “edebiyaat” və s. şəkillərdədir.

2. Bu dəyişiklikdə israr edənlər rəsmi və qeyri-rəsmi olmaqla müxtəlif “dəlil”lər göstərirlər. Bəzi iddialara görə, bununla həmin ifadələr guya Türkiyə türkcəsinə uyğun şəkil ala və ortaq türk ədəbi dilinə doğru bir addım atıla biləcəkdir. Amma  onlar unudurlar ki, çağdaş Türkiyə ədəbi dilində bu kəlmələrin çoxu istifadə olunmur, “fəaliyyət”  daha çox “etkinlik”, “mədəniyyət”  kültür,  “üslubiyyat”  “stil” və ya “üslup”, “iqtisadiyyat” “ekonomi”, “riyaziyyat” “matematik” biçimlərində işlədilir. Əgər günün birində Türkiyə türkcəsi  “edebiyat” sözünü də başqa bir yeni sözlə əvəz edərsə, “ədəbiyyat” sözünün zavalına gələrək, naqis şəklə salınmış bu qədər sözün taleyi necə olacaq? Bundan başqa, iddiaçılar nədənsə bu sözlərin tam eyniləşməsi üçün Türkiyə türkcəsinin əlifbasına ə hərfinin əlavə edilməsinin gərək olduğunu da unudulur.

Burada Azərbaycan türkcəsindən fərqli olaraq, Türkiyə türkcəsində qoşa samitlərdən birinin ixtisarı ilə yazılan sözlərin yalnız -iyyat, -iyyət  sonluqlu “ədəbiyyat” (“edebiyat”), “cümhuriyyət” (“cumhuriyet”) və s.-dən ibarət olmadığını da qeyd etməliyəm. Türkiyə türkcəsində “zidd”, “klassik” və s. kimi kəlmələr də müvafiq olaraq, “zıt”, “klasik” və s. şəkillərdə yazılır. O zaman növbəti orfoqrafiya qaydalarına artıq qoşa d, s və s. hərflərdən birinin ixtisarı təkliflərinin salınmayacağına kim zəmanət verə bilər? Bundan başqa, bəzi yazılarda rast gəldiyimiz və bəzən isə müxtəlif elmi çevrələrdə şifahi şəkildə səsləndirilən Azərbaycan türkcəsinin əlifbasından ə və x hərflərinin çıxarılması təkliflərinin də bu qoşa y samitinin dəyişdirilməsi təklifinin ardınca gəlməyəcəyini də söyləmək çətindir və bu kontekstdə Azərbaycan türkcəsinin yuvarlanacağı girdabın sonu görünmür. Bu baxımdan 37-ci bənddə irəli sürülən təklifin söylədiyimiz istiqamətdə yeni təşəbbüslərə yol aça biləcəyi də çox ciddi narahatlığa səbəb olur. Məlum olduğu kimi, o əlifba mükəmməl sayılır ki, dildəki səsləri maksimum ifadə edə bilir. Azərbaycan türkcəsi xoşbəxtlikdən bu baxımdan digərləri üçün örnək bir əlifba sayıla bilər və onu hərf ixtisarına sürükləmə yolverilməzdir.

37-ci maddədə yer alan ərəb mənşəli kəlmələrin təsnifatı və dəyərləndirilməsi də tamamilə yanlışdır. Bu barədə gənc tədqiqatçı alim Elvüsal Məmmədova istinadən xatırlatmaq istərdim ki, sonluğu “-iyyat”, “-iyyə”, “-iyə” ilə bitən sözlər fərqli qrammatik xassələrə malikdir və ayrı-ayrı qrammatik hadisələrdir. Bu mənada 37-ci maddəyə daxil edilən fərqli qrammatik qəlibli kəlmələrin ümumiləşdirilib eyni bir maddəyə daxil edilməsi qeyri-peşəkarcasına görünür və bu təsnifat aparılarkən mütləq ərəbşünaslara müraciət edilməli idi.

69-cu bənddə yer alan apostrofu ləğv olunmuş sözlərin hecası ilə bağlı qaydalar da 37-ci bənd kimi bir çox baxımdan etiraz doğurur. Həmin sözlərin hazırkı orfoqrafiyada mövcud olan bölgüsü, yəni hecası müəyyən anlamda apostrofun funksiyasını qoruyur və ifadənin vurğusunu müəyyənləşdirərək, doğru oxumağa yardım edir. Həmin bölgünün dəyişməsi artıq vurğunun da yerdəyişməsi ilə nəticələnəcək ki, bu da sonunda tələffüz və yazıda ortaya gərəksiz problemlər çıxaracaq. Bu xüsusilə Quran sözünün bölgüsündə özünü göstərir: Qur-an və Qu-ran. İkinci şəkli ilə ifadə türkmənşəli “(nəyi isə) quran” mənası ilə assosiativləşir ki, bu da mənanı təhrif etdiyindən yolverilməzdir. Daha aydın təsəvvür yaransın deyə Füzulinin bu beytini iki şəkildə oxumaq kifayət edər:

Nə bilir oxumayan müshəfi-hüsnün şərhini

Yerə gökdən nə üçün endiyini Quranın.

Əslində apostrofun yazıdan götürülməsi yazı və tələffüz arasında süni bir uzaqlaşmanın bünövrəsini qoydu. Burada  Quran ifadəsinin oxusunu istisna hal kimi daxil etməyi də təklif edə bilərdim. Lakin müzakirəyə təqdim olunan qaydalarda istisnalar onsuz da çoxluq təşkil edir, hətta öncəki istisnalar qrupu ləğv edilərkən belə yerinə  digər istisnalar qrupu gətirilir. Məsələn, 37-ci bənddə olduğu kimi. İkincisi, bu əskidən apostroflu yazılan digər sözlərin vurğusu ilə də bağlı problemi aradan qaldırmayacaq. Məsələn, digər apostrofu ləğv olunmuş sözlərin, o cümlədən himnimizdə yer alan “məsud” sözünün də tələffüz və yazılışında ikilik yaranacaq: məs-ud - mə-sud. Yeri gəlmişkən, burada diqqətimi apostroflu sözlərlə bağlı 69-cu bəndə yönəltdiyi üçün dəyərli dilçi alim Mayıl Əsgərova da xüsusi təşəkkürümü bildirirəm.

22-ci bənddə yer alan “əskər”, “əskinas”, “İskəndər”, “işkəncə” sözlərinin yazılışında hətta qrammatik baxımdan iki kar samitin bir-birini izləməsi doğru sayılsa da, ifadələr cingiltili samitlə yazılışı (“əsgər”, “əsginas”, “İsgəndər”, “işgəncə”) ilə xalq tərəfindən məqbul sayıldı və dövriyyəyə girdi. Layihədə “ədəbiyyat” sözündə tələffüzün, “əsgər” sözün yazılışında isə qaynaq dilin əsas götürülməsi məntiqi baxımdan əsaslı görünmür. Çünki ərəb dilində g hərfi olmadığı üçün yuxarıda qeyd etdiyimiz  sözlərin ərəb və Azərbaycan dillərindəki yazılışının fərqliliyi təbiidir. Azərbaycan türkcəsinə nəqldə kəlmə artıq keçdiyi dilin təbiətinə uyğunlaşdırılıb və onun yazılış şəklinin təkrar-təkrar dəyişdirilməsi gərəksiz müdaxilədir və qeyri-ciddi yanaşmadır. Qrammatik baxımdan səhv və  köhnə dilçilərin termini ilə desək, “qələti-məşhur” statusunda olsa belə, bu bəndə daxil olan sözlər fərdi qaydada diqtə ilə, məcburi qəbul etdirilən yeniliklərdən fərqli olaraq, kollektivin məqbul gördüyü bir şəklə malikdir. Burada yeri gəlmişkən qeyd etməliyik ki, eyni tipli maddələrin hər birində qayda və yanaşma prinsiplərinin dəyişkənliyi də məqbul  görünmür.

Qaydalarda “sözün qaynağı” deyilərkən nəyin nəzərdə tutulması açıqlanmır. Çünki Azərbaycan ədəbiyyatşünaslıq və dilçiliyi bir sıra elmi termin və ifadələri (“metafora”,   “sanatoriya” və s.) rus dili vasitəsilə və artıq o dildə qazandığı  şəklə uyğun almışdır. Bu mənada “qaynaq dil” anlayışı da birmənalı deyildir, çünki  ifadənin ilkin şəklinin mənsub olduğu, yoxsa Azərbaycan dilinə qaynaqlıq edən dilin nəzərdə tutulması aydın olmur.

Bundan başqa, orta çağ Azərbaycan türkcəsi mətnləri ilə işləyən bir tədqiqatçı kimi samit hərflərin kardan cingiltiliyə doğru keçidlərini çox müşahidə etmişəm. Hətta şair bəzən t hərfi ilə yazılan sözü elə kontekstdə işlədir ki, digər sözlərin yaratdığı alliterasiyadan onu d kimi tələffüz edildiyi məlum olur. Bir örnəyə nəzər salaq. Nəsiminin eyni bir beyti əlyazma nüsxələrinin bəzilərində “Totağın qəndinə şəkkər dedilər // Cani-şirinə gör nələr dedilər” , digər nüsxələrdə “Dodağın qəndinə şəkkər dedilər // Cani-şirinə gör nələr dedilər” şəklini alır. Öncəki variantın XV yüzilliyin imla norması olması, yaxud katibin onu öz tələffüzünə uyğunlaşdırması  xüsusi tədqiqata möhtacdır. Amma Nəsimi şeirini uzun illərdən bəri tədqiq edən, onun üslubi və poetik xüsusiyyətlərinə bələd olan bir tədqiqatçı kimi şairin həmin sözü, dövrün imla xüsusiyyətindən asılı olmayaraq, “dodaq” olaraq tələffüz etdiyi, onunla “qənd” və “dedilər” arasında səs simmetriyası və alliterasiyanı nəzərdə tutduğuna əminəm. Bu kimi keçidlərin nümunələri olduqca çoxdur və bu tipli dil hadisələri üzərində apardığımız müşahidələr Azərbaycan türkcəsində sözlərin karlaşmaya deyil, cingiltililiyə meylinin güclü olduğunu söyləməyə əsas verir.

Əslində Azərbaycan dilinin sözlüyü kar samitlərdən cingiltililiyə doğru uzun bir tarixi yol keçmişdir, odur ki, bu gün hətta 22-ci bənd qəbul olunaraq, yazıda süni karlaşma yaradılarsa belə, canlı dilin təbiəti bunu qəbul etməyəcək. Bu da növbəti orfoqrafiya dəyişikliyinə yol açacaq.  Təkrar-təkrar dəyişmələr isə arzuolunmazdır.

Azərbaycan türkcəsi ümumiyyətlə cingiltili samitlərə və incə saitlərə meylli dildir, dildəki musiqililik eynitipli səslərin, qoşa samit və ya yaxın səslərin təkrarı hesabına təmin olunur. Azərbaycan türkcəsini bu xüsusiyyətdən – onun  musiqiliyindən zorla məhrum etmək, əsrlərdən bəri cilalana-cilalana gələn təbiətini dəyişdirmək dilə heç bir fayda verməyəcək və tam əks təsir göstərəcək. Bundan başqa, haşiyə çıxaraq xatırlatmaq istərdim ki, yanaşı gəlməsə də, eyni samitlərin təkrarı islamaqədərki türk şeirində qafiyəni əvəz edərək, şeirin musiqilik və ahənginin təminatçısı olmuşdur.

Bu qeyd etdiyimiz bəndlər təkcə Quzey Azərbaycanda deyil, ana dilində məktəbi olmayan, yazı dilində bizim ədəbi dil normativlərini əsas olaraq götürən Güney Azərbaycanda da imla hərc-mərcliyinə səbəb olacaq və ədəbi dilə marağı müəyyən qədər azaldacaq. Əslində son dövrlərdə  Güney Azərbaycanın bəzi müəlliflərinin dili və yazısında Türkiyə türkcəsinə meyllənmə müşahidə olunur. Bu kontekstdə eyni kəlmə qruplarının son illərdə təkrar-təkrar kaleydoskopdakı kimi dəyişməsinin ədəbi dilimizin nüfuz dairəsinə mənfi təsir edə biləcəyi təhlükəsi də mövcuddur.

Orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində vahid elmi prinsipin  gözlənilməməsi xüsusilə 22, 37 və 69-cu bəndlərə münasibətdə qabarıq nəzərə çarpır. 37-ci bənddə yer alan bir qrup sözün imlasında tələffüzə yaxın şəklin, 22-ci bəndə daxil edilən bir qrup sözün isə qaynaq dilə uyğunluğu əsas götürülür. 69-cu bənddə isə hər hansı bir əsaslandırmaya ehtiyac görmədən apostroflu sözlərin  ümumi heca prinsipinə tabeliliyi tələb olunur. Bu cəhət isə apostrofu ləğv olunmuş sözlərin yazı və deyilişi arasında ciddi fərqlərə gətirib çıxaracaq. Yəni Qur-an kimi tələffüz edib, Qu-ran kimi hecalamaq məcburiyyətində qalacağıq.

Artıq bu cəhətlərin özü sözlərin imla xüsusiyyətlərinin təyin edilməsinə yenidən baxılmasına ehtiyac olduğunu göstərir. Yuxarıda söylədiklərimizdən də göründüyü kimi, bu bəndlərdə qruplaşdırılan sözlərə münasibət dilin təbiətinə uyğun biçimdə əks sıra ilə olmalı, 22 və 69-cu bəndlərdəki sözlərin tələffüzə yaxın şəkli, 37-ci bənddəki ifadələrin isə ənənəvi və qəlibləşmiş şəkli nəzərdə tutulmalı idi. 

Bu cəhəti də vurğulamaq istərdim ki, bütün sözlərin yazılışının  tələffüzə uyğunlaşdırılması təşəbbüsü cəmiyyətdə birmənalı qarşılanmır. Ciddi etiraz və mübahisələrə səbəb olan 37-ci bənddəki dəyişikliyi təklif edənlər rəsmi şəkildə  tələffüzə əsaslandıqlarını bəyan edirlər. (Müsahibələrdə isə bunun ortaq türkcə yaratmaq niyyətindən qaynaqlandığı vurğulanır. Bir ifadənin (“ədəbiyyat”) bircə hərfini dəyişməklə necə ortaq türkcə yaradılacaqmış? Buna səmimi olaraq çox heyrət edirəm. Çünki bu qəbildən olan müştərək sözlərimiz olduqca azdır və artıq qeyd etdiyim kimi, digərləri Türkiyə ədəbi dilində artıq öz yerini yeni sözlərə vermişdir). Burada belə bir sual ortaya çıxır ki, əgər orfoqrafiya lüğəti danışıq dilinə tamamilə uyğunlaşacaqdırsa, onda orfoepiya və dialektologiya sahələrinə nə ehtiyac var? Bundan başqa, tələffüz deyilərkən, kimin və ya hansı bölgənin tələffüzünün əsas olaraq alınması sualı yaranır. Məlum olduğu kimi, tələffüzlər bölgədən-bölgəyə, fərddən-fərdə dəyişə bilir. Belə ki, “əsgər” və Quran kimi sözlərin tələffüzündə eyniyyət olduğu halda, “ədəbiyyat” sözünün tələffüzdə ədə-bi-yat, ədəb-yat, ədə-biy-yat kimi variantları mümkündür. İskəndər sözü isə əslinə uyğun yazılarsa, Skəndər (سکندر) biçimində olmalıdır. Bu cəhətlər isə qaydalarda müəyyən boşluqların mövcud olduğunu göstərir.

Burayadək söylədiklərimdə müzakirəyə təqdim olunan orfoqrafiya qaydalarının mübahisəli məqamlarına diqqəti cəlb etdim. İndi isə qaydalar içərisində olmayan, lakin olması zərurətini gördüyüm bəzi cəhətləri təklif şəklində irəli sürmək istərdim: 

Orfoqrafiya qaydalarında əski əlifba ilə yazıya alınan türkcə, eləcə də farsca və ərəbcə mətnlərin transkripsiyasına dair heç bir bənd yer almır. Halbuki Türkiyədə Türk Dil Kurumu tərəfindən yazı sisteminin bütün səviyyələri tənzimlənir. Qardaş ölkənin bu təcrübəsindən yararlanaraq, orta çağ mətnlərinin də sistemli qaydaları müəyyənləşməli və tənzimlənməlidir. Halbuki bu sahədə kortəbiilik və pərakəndəliyin olması çoxsaylı orta çağ qaynaqlarının müasir nəşrlərinin imlasında qabarıq nəzərə çarpır.  Xüsusilə türkcə və farsca mətnlərdəki sözlər çox zaman eyni tərzdə müasir əlifbaya transfonoliterasiya olunur ki, bu da doğru deyildir. Çünki bu iki dildə bir sıra saitlər və izafətlərin yazılışı və deyilişi fərqlidir. Əski əlifbada yazıya alınmış anadilli mətnlərin latın qrafikası ilə nəşrində isə bütün apostroflu və “sağır nun”lu sözlərin imlasının xüsusi işarələrlə fərqləndirilməsi tarixi qrammatikanın prinsipləri baxımından doğru olar.

Bir sıra sahələrdə (xalçaçılıq, zərgərlik, etnoqrafiya və s. və i.a.) terminoloji baza qənaətbəxş səviyyədə deyildir. Həmin sahələr üzrə mütəxəssislərlə əlaqədə ixtisas terminləri nəzərdən keçirilməli və orfoqrafiya lüğətində yer almalıdır.

Orfoqrafiya qaydalarında ərəb və fars mənşəli bir sıra sözlərin (“şeir”, “feil”, “səpki”...) mövcud şəklinin hansı prinsip əsasında müəyyənləşdirilməsinə də açıqlıq gətirilməlidir. Kəlmələrin təhrif olunmuş bu yazılış şəklində tələffüzün əsas alınması bildirilir. Halbuki bu gün həmin sözləri kimsənin “şeir” və ya “feil” şəklində tələffüz etdiyinə çox şübhə edirəm və hər iki kəlmə tələffüzdə bir uzun e səsi kimi səslənir. Bu ifadələrin dövriyyəyə gətirilməsi cəmiyyətdə birmənalı qarşılanmadı və o ögey münasibət bu gün də qalmaqdadır.  “Səpki” sözünü isə orta çağ mütəxəssisləri əslinə uyğun – “səbk” olaraq yazmağa meyillidirlər. Bu şəkildəyişmədə hansı prinsipə əsaslanıldığı, “şeir” və “feil” biçiminə salınan sözlərin  hallanarkən hansı qaydalara tabe olmasının lazım gəldiyinə də aydınlıq gətirilməlidir.

Sonda deyəcəklərim isə orfoqrafiya qaydaları ilə bağlı olmayıb, birbaşa lüğətlə əlaqəlidir.  Məlumdur ki, dil canlı orqanizmdir, onun dəyişməsi və inkişafı labüd və  qaçılmaz prosesdir. Bu proseslərin nəticəsində biz elm və texnologiyanın inkişafı ilə əlaqədar digər dil ailələrinin sözlüyündən də kəlmələr almaq məcburiyyətində qalırıq. Müstəqillik dövründə isə Türkiyə türkcəsindən kəlmələrin alınması söykökümüzə, həmçinin qardaş ölkəyə sevgimizdən qaynaqlanır. Belə ki, Türkiyədə ədəbi dildə istifadə olunan, bizdə isə arxaikləşmiş kəlmələrin Azərbaycan dilinə qaytarılması təşəbbüsləri, eləcə də ərəbcə sözlərin qarşılığı kimi düşünülərək dövriyyəyə buraxılan yeni türkcə sözlərin Azərbaycan orfoqrafiya lüğətinə daxil edilməsi təqdirəlayiqdir.  Bu sahədə təkcə dilçilər deyil, bir sıra digər tədqiqatçılar da müəyyən təşəbbüslər göstərmiş, elmi işlərində həmin ifadələri işlətməklə dili zənginləşdirməyə cəhd etmişlər. Lakin dilçiliyimizin fəaliyyətinin yalnız çox sayda söz almaqla hüdudlanmaması, bizim də uğurlu sözlərimizdən bir qisminin digər qohum türk dillərinə nəqlinə cəhd edilməsi arzu olunandır, məsələn, gələcək, dondurma, soyuducu, açar, çimərlik, yetərsay və s. bu uğurlu sözlərə bir nümunə ola bilər.  

Haqqında təfərrüatlı bəhs etdiyim hər 3 maddənin (22, 37 və 69) təhsil və tədris sisteminə əks təsiri olacağı da şübhəsizdir. Çünki bir sıra sözlərin hər nəşrdə bir şəkildə olması “mozaik rəngarənglik” yaradır. Bu qeyri-stabillik isə şagird və tələbədə dilin qanunlarının dəyişməzliyinə imamı sarsıdır. Eyni söz qrupunun yazılış və hecasında təklif olunan dəyişikliklər müəllim – tələbə, valideyn – övlad arasında uzunmüddətli psixoloji gərginliyə, eləcə də şagirdin müəllimi  və valideyninə etimadsızlığına yol açır. Dövlətin olduqca çox sayda olan nəsrləri dəyişdirmə imkanı olmayacağından şagird və tələbənin səhvlərlə dolu saydığı kitaba inamı da zəifləyəcək, təbii ki, bu psixoloji proses təhsilin səviyyəsinə də mənfi təsirsiz ötüşməyəcək.

Bir çox dərsliklərin adında - iyyat, - iyyət sonluğu ilə bitən sözlər (ədəbiyyat, iqtisadiyyat, riyaziyyat,  üslubiyyat, mədəniyyət və s.) yer alır. Bu cəhət həmin dərslikləri dəyişdirmə zərurətini də ortaya çıxaracaqdır, nəticədə isə müharibə şəraitində yaşayan dövlətimiz gərəksiz küllü maddi vəsait məsrəfi qarşısında qalacaqdır.

Bu layihədə yenilik deyə təqdim olunan, cəmiyyətdə ciddi etiraz doğuran və mübahisələrə səbəb olan 22, 37 və 69-cu bəndlərdəki dəyişikliyi bir filoloq kimi tamamilə lüzumsuz sayıram. Çünki bu dəyişikliklərin heç biri ciddi elmi əsasa dayanmır.

İfadələrin yazılışının təkrar-təkrar dəyişdirilməsi təkcə dil və imlada sistemsizlik və  çoxvariantlılıq yaratmayacaq, yazıların elektron variantına nəzarət imkanı da zəifləyəcək. Çünki layihə bu şəkli ilə qəbul olunarsa, müxtəlif kompüter proqramları üçün işlənmiş Azərbaycan dilinin imla yoxlayıcıları tamamilə gərəksiz olacaq, yenilərin işlənməsi isə uzun sürən bir prosesə çevrilə bilər. Buna görə də, çox təəssüf ki, imla qaydaları ciddi gözlənilməyən bir mühitdə sözlərin 3-4 il fasilə ilə yenilik adı altında şəkildən-şəklə və cilddən-cildə salması ən arzuolunmaz haldır.

Təklif olunan qaydaları müzakirə edərkən nəzərə almaq lazımdır ki, bu, 50 mln-dan yuxarı Azərbaycan türkünün əlifbası, yazı dili və imlasıdır. Çünki hazırkı dövrdə soydaşlarımız arasında yazılı ədəbi dil yalnız bizim respublikamızda mövcuddur. Onun cilalı və məqbul kəlmələrini kəskin dəyişmələrdən qorumaq isə ədəbi dil normalarını yaratmış müstəqil bir dövlətin müstəqil dilinin daşıyıcılarının, yəni bizim  digərləri qarşısında məsuliyyətimizdir.

Bizim danışıq dili və ədəbi dilimiz arasında kəskin fərqin olmaması, ədəbi dilin ənənəyə bağlılığı onun Təbrizdə də, Malatiyada da, Xarəzmdə də asanlıqla anlaşılmasına şərait yaradır. Çünki Azərbaycan türkcəsi əsrlərin sınağından keçən, bir az mühafizəkar, amma saflığı və təmizliyini qoruyan bir türkcədir. Biz də onun bu ahəngdarlıq, özəllik və musiqili gözəlliyini süni müdaxilələrdən qoruyaraq, gələcək nəsillərə ötürməliyik. Bu kontekstdə 37-ci bənd qəbul olunaraq icra edilərsə, poetikliyə, 22-ci maddənin qəbulu birbaşa Azərbaycan dilinin təbiətinə – cingiltili samitlərə meylliliyə, 69-cu bənd isə həmin kəlmələrin deyilişinin ənənəviliyinə ciddi zərbə vurar. Halbuki nəsillərarası əlaqənin qırılmaması təşəbbüsü sələflərə sədaqətimizin təzahürü olmaqla yanaşı, gələcək nəsillər qarşısında da mənəvi borcumuzdur.

Azərbaycan türkcəsinin xüsusiyyətlərinin təhrifi ilə nəticələnəcək bu dəyişikliklər milli varlığımızın əsas göstəricilərindən olan dilimizə etimadsızlığı artırmaqdan başqa heç nəyə yönəlməyəcək və insanlarda Azərbaycan dilçiliyi və ümumiyyətlə, elmi fikrinə etinasızlığa yol açacaq. Çünki dilin imlasını insanlar hər zaman orfoqrafiya qaydalarını oxuyub əzbərləməklə öyrənmirlər, bu çox zaman oxunan yazılı mətndən yadda qalanlar vasitəsilə də olur. 3-4 ildən bir dəyişən orfoqrafiya qaydaları ilə yazılan mətnlərdən insanlar dilin hansı imla xüsusiyyətlərini öyrənə bilər?

12 il ərzində 3  dəfə dəyişdirilən orfoqrafiya qaydaları bu sahəyə nəzarətin olmadığı, dilimizin orfoqrafik qaydalarının şəxsi istək və maraqlara uyğun biçimdə istənilən vaxt dəyişdirilə biləcəyi kimi yanlış təsəvvürlərə də rəvac verəcək.

Sonda bunu da əlavə etmək istərdim ki, Azərbaycan türkcəsinin söz və səs tərkibi ənənəyə bağlılığını qoruya bildiyi üçün nüfuzedici gücə malikdir. Çünki bu dildə əcdadlarımızın  ruhu, şadlığı, kədəri, əzabı, bir sözlə, bütün bəşəri yaşantıları əks olunub. Hər bir səsə o əcdadlarımızın nəfəsi və sədası  hopub. Süni yaradılışlı sözlər, küll halında alınan kəlmələr və onları təşkil edən səslərin müəyyən bir enerji yığması və təsir gücü qazanması isə ən azı neçə onilliklərə möhtacdır. Bu mənada Nəsimilər, Füzulilər, Şəhriyarlar və neçə-neçə söz sənətkarımızın dilinə bağlılığımızı müəyyən anlamda mühafizəkarlıqla qorumamız lazım gəlir və orfoqrafiya lüğətinin  tərkibi müəyyənləşdirilərkən bu cəhətlərin də nəzərə alınması, təsadüfü, anlamsız və gəlişigözəl sözlərdən qaçılması məqsədəuyğundur.

Sözümə ustad Şəhriyarın Azərbaycan türkcəsini yad təsirlərdən qorumağa və əzəli saflığına xələl gətirməməyə səsləyən beyti ilə yekun vurmaq istərdim:

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz. 

 

Səadət Şıxıyeva,

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu,

aparıcı elmi işçi

 

loading...
Vladimir Putin temperaturu mənfi 20 dərəcə olan buzlu suya girdi - VİDEO
Bu axşam yayımlanacaq sənədli film dünyanı dərindən sarsıdacaq həqiqətləri ortaya çıxaracaq...
Yeni doğulan uşaqda "Kovid-19"a qarşı antikor görüldü: Tibb dünyasında çaşqınlıq yaradan hadisə...
Ən ağır xəstələri çiy su və duz ilə müalicə edən həkimdən MARAQLI RESEPTLƏR...
Koronavirus qorxusu ilə 3 ay hava limanında yaşadı - MARAQLI
N.Tusi adına Klinika

Dünya
Bayden Aişə və Samirəyə  Ağ Evdə vəzifə verdi...-FOTOLAR
Müsahibə
“Uşaqlıqda Məlik Dadaşovun “Fəryad” filmindəki səhnəsi məni çox sarsıdıb...”
Dünya
Ermənistan böyük silah ticarətçisinə bir neçə cinayət işi açıldı
Cəmiyyət
Saatlıda sakinlər həyətlərindəki meyvə ağaclarını kəsirlər... - QAZ BOYDA DƏRD...
Cəmiyyət
“O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi..."

Yazar
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Qarabağda baş verənlərə görə narahatçılıq keçirənlərə üzümü tutub deyirəm ki..."
"Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Azərbaycan 63 Ermənistan vətəndaşını yalnız bu şərtlə verə bilər - Elxan Şahinoğlu
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}