Son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivi, bu inkişafın Qarabağ probleminin milli maraqlarımız baxımından həllində mühüm rol oynayacağı ilə bağlı səslənən proqnozların sayı artmaqdadır. Aşkar şəkildə hiss olunur ki, bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən əsrlər uzunu ermənilərin Cənubi Qafqaza axınını təmin edən, Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasına nail olan Rusiyanın xilaskar obrazını formalaşdırmağa çalışır. Tarixən ermənilərin xalqımıza qarşı törətdiyi qətliyamlara müxtəlif formalarda dəstək verən, Xocalı soyqırımında bilavasitə iştirak edən, 1990-cı ilin 20 yanvar tarixində Bakı küçələrini al qana qərq edən Rusiya, bütün bu vəhşiliklərin ağrı-acısını hələ də iliklərində hiss edən milyonlarla insana əsl xilaskar kimi təqdim olunur. Və yenə hansısa qüvvələr xalqı inandırmağa çalışır ki, Qarabağ münaqişəsini yaradan, torpaqlarımızın işğal edilməsində Ermənistana hərbi-iqtisadi yardım göstərən, problemin bu gün də həll olunmasına imkan verməyən Rusiya, birdən-birə öz qurbanının qeydinə qalan qayğıkeş himayədara çevriləcək.
Rusiyaya ümid və sevgi dolu cümlələr həsr edən bu şəxslər başqalarını da Rusiyanı sevməyə, ona inanmağa və güvənməyə səsləyir. Halbuki, Rusiyanı sevməyə, ona etibar etməyə çağırış insanları şəri sevməyə, ona güvənməyə səsləmək kimi bir şeydir. Şəri sevmək, yaxud özünü onu sevdiyinə inanmağa məcbur etmək isə dünyanın ən böyük əzabı, ən dəhşətli işgəncəsidir. Bu, qurbanı öz qatilini, qulu ayaqlarındakı zəngirləri, kəpənəyi şiddətli qasırğanı, mələkləri günahı sevməyə məcbur etmək kimi bir şeydir.
Bu çarəsizliyin, əlacsızlığın, özünəyenikliyin elə bi pilləsidir ki, bu pillədən o tərəfə əbədi qaranlıq - milli korluq, təfəkkür və iradə köləliyi başlayır. Orada parlaq, işıqlı, qürurverici nəyəsə rast gəlmək mümkün deyil. Bu mərhələdən sonra bütün mənəvi təhlil və dəyərlər sistemi ortadan qalxdığı kimi, dost və düşmən, təltif və təzyiq, nifrət və sevgi, köləlik və azadlıq kimi anlayışlar arasındakı fərq də heç bir əhəmiyyət kəsb etmir. Fərd və toplum şəri sevə-sevə, qaranlığa baxa-baxa şərin və qaranlığın bir parçasına çevrilir.
Şübhəsiz, bir qonşu və nəhəng güc mərkəzi olaraq Rusiya ilə normal münasibətlər qurmaq, rus xalqı ilə dostluq əlaqələrini genişləndirmək ölkəmiz üçün vacibdir. Lakin bu zərurətin özü belə ölkəmizi Kremlə əzdirmək, onun siyasətinin qurbanına çevrilmək dəhşəti üçün səbəb ola bilməz. Öz tariximizə arxa çevirmək, onu unutmağa və unutdurmağa çalışmaq, bu tarixin gələcək üçün qoyduğu mesajları görməzdən gəlmək bizi xoşbəxt etməyəcək. Çünki korluq heç bir halda xoşbəxtlik gətirmir. Əksinə, bu gələcək müsibətlər üçün qızılı dəvətnamədir. Bir gün hökmən qapımızın önünə buraxılacaq dəvətnamə....
Seymur ƏLİYEV
e-mail: [email protected]