“Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Moderator.az xəbər verir ki, noyabrın 30-da Bakıda “Media və mənəvi dəyərlər” mövzusunda konfrans və eyni adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Mehman İsmayılov mərasimi açaraq Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti
barəsində danışıb. O, həmçinin qalibləri təbrik edib. Bildirib ki, mənəvi dəyərlərimizin
qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki mənəvi
dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi,
milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli
ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət,
milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz,
muğamlarımız, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz milli-mənəvi dəyərlərimizdir.
Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz mənəvi dəyərlər
sisteminə aiddir.
Mənəvi
Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri
Bəhruz Quliyev Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın
ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib. Bildirib ki, milli və bəşəri
dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm
vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi
olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq,
dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın
üzərinə böyük məsuliyyət düşür.
Daha
sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “Xalq
Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək
mövzu ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, gənclərimizin mənəvi-əxlaqi
zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya
vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü
vasitədir.
Sonra
qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yazılar ekspertlər tərəfindən
qiymətləndirilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3, həmçinin
5 həvəsləndirici yer müəyyən edilib. Birinci yer üzrə “Azərbaycan” qəzetindən
Yasəmən Musayeva, ikinci yer üzrə “İpək Yolu” nəşriyyatından Əziz Sultanov və
Azərbaycan İnformasiya Mərkəzindən Təbriz Vəfalı, üçüncü yer üzrə “Səs” qəzetindən
Tünzalə İsmayılova, “sputnik.az” saytından Rumiyyə Miraslan və “moderator.az”
saytından Seymur Əliyev, 5 həvəsləndirici yer üzrə isə Məhsəti Hüseynova, Rufik
İsmayılov, Habil Hüseynov, İlkin Nəcəfzadə və Pərviz Sadayoğlu layiq görülüb.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247