(12 il Dağlıq Qarabağda yüksək vəzifədə çalışmış mərhum Fərrux Hüseynovun xatirə-gündəliyindən)
1988-ci ildə Azərbaycan SSR-in Mardakert(Ağdərə), Əsgəran, Martuni(Xocavənd), Hadrut, Şuşa rayonları və Stepanakert(Xankəndi) şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) Ermənistana verilməsi tələbi ilə başlanan separatçı hərəkat, hərbi təcavüz 1991-ci ildə ermənilərin Dağlıq Qarabağı “müstəqil dövlət” elan etməsi və 1994-cü ilədək Dağlıq Qarabağ və ətraf Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirməsi ilə nəticələndi. Həmin şəhər və rayonlarımız hələ də işğal altındadır...
İşğala məruz qalmış ilk şəhərimiz isə Xankəndidir. Bu günlərdə Xankəndinin işğalından 27 il ötür. 1991-ci il dekabrın sonlarında gərgin döyüşlərdən sonra Kərkicahan qəsəbəsinin də zəbt edilməsi ilə düşmən Xankəndinin işğalını başa çatdırıb....
Haqqında bəhs edəcəyimiz mərhum Fərrux Hüseynov o zamanlar Xankəndi şəhərini sonuncu tərk edən azərbaycanlı, özü də yüksək vəzifəli azərbaycanlı olub...
Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında ərazisində “Ermənistan” dövlətinin qondarıldığı Qərbi Azərbaycanın Zəngibasar rayonunun Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib.
Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11 büro üzvündən yeganə azərbaycanlı) Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır.
(Əvvəli bu linkdə://www.moderator.az/news/253237.html)
“Telman Orucov ermənilərin xeyrinə müstəsna xidmətlər göstərdi...”
“Bu gün Qarabağın işğal altında qalmasında Kamran Bağırov, Əbdürrəhman Vəzirov kimi rəhbərlər və onların bəzi yarıtmaz kadrlarının məsuliyyət və günahı çox böyük olub. Vəzirovun sağ əli olan Mərkəzi Komitənin katibi Telman Orucov ermənilərin xeyrinə müstəsna xidmətlər göstərib. Məsələn, 1988-1989-cu illərdə ermənilərin Qərbi Azərbaycandan qovduğu soydaşlarımız öncə əsasən Dağlıq Qarabağ, o cümlədən Şuşa ərazisinə toplaşmışdılar. Onlar özləri xahiş edirdilər ki, bu yerlərin təbiəti də elə Zəngəzurun, Göyçənin təbiətinə uyğundur, bizə şərait yaradın, buralarda məskunlaşaq. Lakin təəssüf ki, Telman Orucov özü şəxsən bu işə rəhbərlik edərək Ermənistan qaçqınlarını milislərin vasitəsi ilə yerləşdikləri ərazilərdən, eləcə də Şuşadan, Xocalıdan, Azərbaycanlı yaşayış məntəqələrindən zorla çıxarıb digər rayonlara göndərdi. Halbuki, qaçqın soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsi oradakı azərbaycanlı əhalinin say tərkibinin xeyli artmasına və onların yerli soydaşlarımıza dəstəkləri nəticəsində ermənilərin separatçılıq hərəkatının qarşısının alınmasına gətirib çıxarmaqla, Qarabağ məsələsinin ilkin mərhələdə həllinə şərait yarada bilərdi...
Ermənilərin separatçılıq hərəkatının başlandığı ilk illərdə Azərbaycan xalqına ən böyük xəyanət Ə.Vəzirov tərəfindən edildi. Belə ki, Vəzirovun təklifi və razılığı əsasında Moskva Dağlıq Qarabağda Xüsusi Komitə yaradılması haqda qərar verdi və ermənipərəst Arkadi Volski də həmin komitənin rəhbəri təyin olundu. Bundan sonra Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən tamamilə çıxdı . Məhz həmin komitənin dövründə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məntəqələrinin faciəli günləri başladı və tədricən azərbaycanlıların çıxarılıb orada ermənilərin məskunlaşdırılmasına şərait yaradıldı. Bir sözlə, A.Volski və Vəzirov tərəfindən erməni daşnakların liderlərinə böyük dəstək verildi...
“Vəzirov özünün “Çayka” avtomobillərini Xankəndinə göndərdi ki, erməni büro üzvləri Bakıya gəlsin...”
Bu məqamda yenə Azərbaycan rəhbərliyi və xalqı üçün bir utancverici hadisəni ürək ağrısı ilə xatırlayıram.
Boris Gevorkov Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad ediləndən sonra K.Bağırovun razılığıyla həmin vəzifəyə “Krunk “ təşkilatının yaradıcılarından və rəhbərlərindən biri olan Henrix Poqosyan təyin edilmişdi (Bu haqda ətraflı növbəti hissədə-S.L.) Bir müddət sonra Azərbaycana 1-ci katib təyin olunan Vəzirov Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlərini Bakıya Mərkəzi Komitəyə görüşə dəvət etdi. Lakin ermənilər həmin görüşə getməkdən imtina etdilər. Vəzirov çox təkid edəndən və ermənilərə Moskvadan göstəriş verildikdən sonra onlar Bakıda Vəzirovla görüşmələrinə razılıq verdilər. Həmin görüşdən bir gün öncə mən Vəzirovun qəbulunda olub real vəziyyəti ona çatdırdım. Ona bildirdim ki, Poqosyan və digər büro üzvləri “Krunk” təşkilatının yaradıcıları və rəhbərləridir, onlarla görüşüb söhbət etməyin heç bir mənası və əhəmiyyəti yoxdur. Çox təəssüf ki, onunla söhbətimdə Vəzirov real vəziyyəti anlamadı və ya anlamaq istəmədi. Hətta o, məni təhqir edərək xidməti otağından çıxardı...
Bir gün sonra isə Vəzirov öz xidməti “Çayka” markalı iki avtomobilini Xankəndinə göndərdi ki, erməni büro üzvlərini Bakıya onunla görüşə gətirsin. Lakin ermənilər həmin maşınlardan imtina edərək öz xidməti avtomobillərində, mən isə öz xidməti avtomobilimdə Azərbaycan milisinin müşayiəti ilə Bakıya yola düşdük. Vəzirovun tapşırığı əsasında Ucar rayonu ərazisində erməni büro üzvlərinə yüksək səviyyədə ziyafət hazırlanmışdi . Lakin ermənilər orada heç nə yemədilər...
Həmin gün Vəzirov Bakıya gələn erməni büro üzvlərini və məni Mərkəzi Komitənin kiçik dairəvi zalinda qəbul etdi. O qəbul ən utancverici bir olay kimi ömrümə həkk olundu...
“Azərbaycanın 1-ci katibi danladı ki, ermənilərdən bizə xəbərlər çatdırma, get, onların rəhbərliyi altında işlə...”
Ermənilərin əyləşdiyi masanın uzərində mineral su və şəkərbura, paxlava var idi. Azərbaycanın rəhbəri şəkərbura və paxlava boşqablarını götürüb ermənilərə özü xidmət etməyə girişdi. Şirniyyatlardan öz əli ilə separatçılara paylamağa və onları yeməyə məcbur etməyə başladı. Lakin ermənilər heç nəyə əllərini vurmadılar və bir kəlmə də olsun, danışmadılar. Vəzirov özü danışdı və sanki heç bir şey olmayıbmış kimi başladı erməniləri tərifləməyə. O bildirdi ki, bunlar mənim komsomol dostlarımdır. Üstəlik, gözləmədiyim halda məni ayağa qaldırıb onların yanında danlayaraq bildirdi ki, səni o vəzifəyə təyin etməmişik ki( halbuki, məni bu vəzifəyə, yəni DQMV İcraiyyə Komitəsinin rəhmətlik Heydər Əliyev təyin etmişdi), oradan bu erməni yoldaşlar haqqında bizə məlumat daşıyırsan, get bu yoldaşların rəhbərliyi altında işlə, onlara kömək et... Ermənilər bu mənzərəyə baxıb gülürdülər...
Həmin qəbuldan bir müddət sonra Xankəndində Vilayət İcraiyyə Komitəsinin inzibati binasında xidməti iş otağımda həmin erməni büro üzvlərinin gözləri qarşısında erməni daşnak quldurları tərəfindən ölümcül döyülərək Şuşa şəhərinə göndərildim(ətraflı növbəti hissədə). Vəzirovun erməniləri Azərbaycan rəhbərinə yaraşmayan və xalqımıza düşmənliyi açıq bəlli olan separatçılara layiq olmayan şəkildə elə bayağı qəbulunun mənim üçün də belə nəticəsi olmalı idi...
(Davamı var)
Təqdim etdi: Sultan Laçın