Onlar konsert verməyə gəlməyib: Tarixi xəbərdarlıq!
Artıq uzun illərdir ki, Rusiya Ermənistanı silahlandırmaqda, rəsmi İrəvana ən müasir texnikaların tədarükünü həyata keçirməkdə davam edir. Boş büdcəyə malik Ermənistanın rus hərbi sənayesinə məxsus məhsulları almasını təmin etmək üçün bu ölkəyə böyük məbləğdə kreditlər ayıran Rusiyanın bəzi hallarda İrəvana təmənnasız hərbi yardım göstərdiyi də yaxın keçmişin bilinən həqiqətləri sırasındadır.
Bir mərkəzdə cəmləşən üç təhlükə
Ümumiyyətlə, Rusiyanın
Ermənistandakı hərbi mövcudluğu özünü üç müxtəlif istiqamətdə büruzə verir.
Bunlardan birincisi Ermənistanda Rusiyaya məxsus hərbi hissənin mövcudluğudur.
Kifayət qədər böyük və müasir hərbi texnikaya malik bu hərbi hissə Ermənistanın
təhlükəsizliyinin əsas qarantı hesab edilir. Ermənistanın hava məkanının rus
aviasiyası tərəfindən müdafiəsi faktı buna nümunədir.
Rusiyanın Ermənistandakı
hərbi mövcudluğu özünü həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
timsalında büruzə verir. Hansı ki, Ermənistanda bu təşkilata məxsus hərbi hissələrin
mövcudluğu da Azərbaycan üçün xoş olmayan gerçəkliklərdən biridir.
Kremlin Ermənistana hərbi
dəstəyi bir də Rusiyanın İrəvana verdiyi
müasir hərbi texnikaların timsalında təzahür edir. Son günlər Kremlin Ermənistana
SU-30 təyyarələri verməsi ilə bağlı deyilənlər bu məqamın təhlükəlilik dərəcəsi
haqqında az şey demir.
Təhlükənin miqyasını kiçiltmək ondan sığortalanmaq
demək deyil
Bütövlükdə, hər üç amil
Ermənistanın Rusiyanın hərbi çətiri altına sığındığını göstərir. İrəvanın məhz
bu çətirin himayəçi gücünə sığınaraq Azərbaycanın sülh çağırışlarını cavabsız
qoyduğu, Qarabağın işğalından imtina etmədiyi məlumdur.
Mövcud mənzərə fonunda ən
çox təəssüf doğuran məqam ölkəmizin Rusiyanın Ermənistandakı hərbi
mövcudluğuna, bu ölkənin İrəvanı sürətlə silahlandırmasına lazımi dərəcədə
etiraz etməməsi, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməməsidir.
Hətta bəzi siyasilər özlərini və Azərbaycan ictimaiyyətini inandırmağa çalışır
ki, Ermənsitandakı rus ordusu Qarabağda müharibəyə başlayacağı təqdirdə belə
neytrallıq sərgiləyəcək və İrəvana hərbi yardım göstərməyəcəkdir. Halbuki,
1905-1906-cı il hadisələrindən bu günə qədərki tarixi olaylar, eləcə də Kremlin
ciddi-cəhdlə Ermənistana verdiyi hərbi dəstək bu ölkədəki rus ordusunun həlledici
məqamlarda susqunluq sərgiləyəcəyi ilə bağlı proqnozların əsassız olduğunu göstərir.
Çox güman ki, Ermənistanla hərbi qarşıdurma aktuallaşarsa, o zaman “atan
kazaklardır” ifadəsi yenidən aktuallıq kəsb edəcək.
Ümumiyyətlə, unutmaq
olmaz ki, təhlükənin miqyasını kiçiltmək ondan sığortalanmaq demək deyil. Əksinə,
bu, yeni və daha ciddi təhlükələrə çağırışdır.
Heydər Əliyev: “Rusiya bu bazanı konsert vermək,
toy etmək üçün saxlamır ki!”
Xatırladaq ki, rus
ordusunun Ermənistandakı mövcudluğu, habelə Rusiyanın işğlaçı ölkəni
silahlandırması faktı vaxtiylə Heydər Əliyev tərəfindən dəfələrlə beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılıb, mərhum prezident Kremlin bu siyasətinə
qarşı narazılığını açıq şəkildə ifadə edib.
Ermənistandakı rus hərbi
bazası və bütövlükdə Kremlin Ermənistana göstərdiyi hərbi yardımların Azərbaycan
üçün təhlükəlili dərəcəsini anlamaq üçün Heydər Əliyevin 7 may 1997-ci il
tarixində İstanbulda mətbuat nümayəndələri ilə görüşdə səsləndirdiyi aşağıdakı
fikirlərə nəzər salmaq kifayətdir:
“Əgər Rusiyanın Ermənistanda
hərbi baza, böyük ordu hissələri saxlayırsa, nə üçün saxlayır? Konsert vermək,
yaxud da toy etmək, ticarət etmək üçün saxlamır ki! Əgər bir ölkə başqa bir ölkədə
ordu saxlayırsa, bunun məqsədi aydındır, bunu sizə deməyimə ehtiyac yoxdur”.
Göründüyü kimi, Heydər
Əliyev Azərbaycan üçün arzuedilməz olan bu həqiqəti ört-basdır etməyə səy göstərmir.
Əksinə, bu həqiqəti bütün çılpaqlığı ilə ortaya qoymaqla bütün dünyanı bu təhdiddən
xəbərdar etməyə çalışır.
“Rusiya doğrudan da sülhsevər siyasət aparırsa, hərbi
bazaları orada yerləşdirmək nəyə lazımdır?”
Heydər Əliyev Ermənistandakı
rus hərbi bazasının, eləcə də İrəvanın sürətlə silahlanmasının Azərbaycanla
yanaşı, Türkiyə üçün də ciddi təhdid təşkil etdiyini bildirir, Türkiyənin də Azərbaycanla
birlikdə bu məsələ ilə bağlı öz etiraz səsini qaldırmasını zəruri hesab edirdi.
Heydər Əliyev bu barədə
deyirdi:
“Türkiyənin ictimai rəyi,
xalqı düşünməlidir ki, Türkiyənin qulağının dibində, Ermənistanda Rusiyanın
böyük hərbi bazası yerləşibdir, hərbi, əsgəri hissələri yerləşibdir. ...Bu, nə
üçündür, nədən ötrüdür? Mən buna etirazımı bildirmişəm. Hətta Rusiyanın
prezidentinə - dövlət başçısına da rəsmi olaraq bildirmişəm ki, biz Ermənistanda
Rusiyanın hərbi bazasının yerləşməsinə etiraz edirik, Gürcüstanda da yerləşməsinə
etiraz edirik. Çünki onalr bizimlə qonşu ölkələrdir. Biz Ermənistanda Rusiyanın
hərbi bazasının yerləşməsinin heç bir mənası olmadığını deyirik. Yəni əgər
Rusiya burada doğrudan da sülhsevər siyasət aparırsa, Ermənistan işğalçılıq
siyasətindən əl çəkirsə, o hərbi bazaları orada yerləşdirmək nəyə lazımdır?”
Ermənistana istənilən ad və statusda daxil olan hərbi
texnika bizim üçün təhlükədir
Heydər Əliyevin bu tarixi çıxışı göstərir ki, Ermənistana
hansı ad, hansı bayraq, hansı statusla daxil olmasından asılı olmayaraq, bu ölkəyə
gətirilən hər bir texnika, hər bir mərmi, hətta adi bir güllə belə Azərbaycan
üçün təhlükədir və bu, bizi, eləcə də qardaş Türkiyəni narahat etməlidir. Bu
silah və texnikanın Ermənistandakı rus hərbi bazasına, yaxud KTMT-ə aid olması
bizim üçün təsəlli sayıla bilməz. Çünki kimə məxsus olmasından asılı olmayaraq,
Ermənistanda mövcud olan silah və texnikanın bu və ya digər şəkildə bu ölkəyə
aidiyyatı var və heç kim qarant verə bilməz ki, bu silah-sursat heç bir halda
Ermənistanın maraqlarına naminə istifadə edilməyəcək.
Odur ki, Heydər Əliyevin
Ermənistandakı rus bazası və Ermənistanın silahlandırılması ilə bağlı tarixi
fikirləri unudulmamalı, bu fikirlər məlum yöndə atılan və ya atılmalı olan
bütün addımlar üçün ideya mayakı rolunu oynamalıdır. Milli maraqlarımızın bizdən
tələb etdiyi də məhz budur.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247