“Onları peşəkar jurnalistlərlə yanaşı qoymaq olmaz”
Son vaxtlar “sosial media”, “vətəndaş jurnalistikası” kimi anlayışlar populyarlaşmaqdadır. Bəs bu anlayışlarlarla peşəkar jurnalistika arasında bərabərlik işarəsi qoymaq mümkündürmü?
Moderator.az-a açıqlama
verən media eksperti Elçin Şıxlı sosial media ilə ənənəvi media arasında ciddi
fərqin mövcudluğu vurğuladı:
“Sosial media” insanların
bir-birləri ilə ünsiyyətdə olduğu platformadır. Sosial medianın peşəkar
jurnalistikaya heç bir aidiyyatı yoxdur. Facebook, Tvitter və s. sosial şəbəkələr
sadəcə daşıyıcıdır. Bunlar peşəkar jurnalistikaya aid deyil.
Əvvəl xəbər daşıyıcıları
çap mediası idi, daha sonra elektron media meydana gəldi. Indi isə daşıyıcı
qismində sosial şəbəkələr çıxış edir.
“Vətəndaş jurnalistikası”na
gəlincə, belə bir anlayış mövcud olsa da, bunu normal qəbul etmirəm. Çünki jurnalistika
peşədir. Əgər peşəkarsansa, deməli jurnalistsən. Yox əgər peşəkar deyilsənsə,
jurnalist deyilsən. Vətəndaş jurnalistikasının peşəkar jurnalistika ilə heç bir
əlaqəsi yoxdur. Vətəndaş sadəcə olaraq informasiyanı alıb bunu digərinə ötürmək
hüququna malikdir və bu, bizim konstitusiyamızda da öz əksini tapıb. Amma peşəkar
jurnalistika ilə vətəndaş jurnalistikası anlayışları başqa-başqa şeylərdir. Vətəndaş
yalnız gördüyü şeyi çəkib göstərə bilir. Lakin bunu yozmaq, onun izahını vermək
artıq peşəkarın işidir. Çünki bəzən hər hansı hadisənin şəklini çəkib onu peşəkar olmayan şəkildə yozurlar. Nəticədə
yanlış informasiya meydana çıxır, təsdiqlənməmiş məlumatlar yayılır və s. Buna
görə də “vətəndaş jurnalistikası”nı peşəkar jurnalistika ilə yanaşı qoymaq
olmaz. Peşəkar media sosial şəbəkələrdən sadəcə bir daşıyıcı kimi istifadə edir”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247