Prust – ədəbiyyatın Eynşteyni... - III məqalə
(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)
III məqalə
Heç nə danışmır, eşqinin necə
ölməsinə
tamaşa edirdi...
I
məqalə burada: https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU
II məqalə burada: https://moderator.az/news/282731.html
M.Prust
“İtmiş zamanın sorağında” romanını bitirəndən az sonra öldü. Mistik bir olay
kimi görünür. Prust üçün varolmanın sirri bu kitabın yazılması missiyasına
bağlı idimi? Missiya bitdi və həyat tamamlandı, hər iki kitab örtüldü... Bu
kitabın son sözünü yazmaq fərəhli bir hal kimi Prustun xidmətçisinin də xatirəsində
yer alıb. “Bu gecə son kəlməni yazıram!”-təntənəsini elan edən Prust 3 aydan
sonra vəfat edir (51 yaşında). Hətta ömrünün son illərində sağlamlığına diqqət
etmədiyini, yeməkdən qaçdığını deyirdilər. Tale kitabı ilə yazdığı “İç
kitabı”nı eyni vaxtda tamamlamaq lazım imiş...
İranlı filosof və yazar Daryuş Şayegan M.Prustun “İtmiş zamanın sorağında”
romanı haqqında yazır: “Yazar lap əvvəldən düşüncəsində bütün kitabı
tamamlamışdı. Bu baxımdan Prustu ədəbiyyatın Eynşteyni adlandırmaq olar. Prust
zamanı və məkanı bir-birindən ayırmır. Bir-biri ilə əlaqələndirir. Ona görə də itmiş zamanın izi
ilə itmiş məkanı da axtarır”.
Müəllif həm də yazır ki,
Prust ”Romanlarım Berqsonvaridir”– deyirdi.
Obrazlarını daima eyni hərəkət süjetində göstərir və bu eyniyyət
daxilində insanların necə dəyişdiyini, daxili “mən”in necə başqalaşdığını təsvir
edir. O, hərəkətin davamlılıq nəzəriyyəsindəki tezisləri Berqsondan götürmüş və
inkişaf etdirmişdir. İnsanları müxtəlif tərəflərdən və dərinliklərə enərək öyrənir,
onların fərqli zaman və məkanlarda, müxtəlif situasiyalarda vəziyyətdən asılı
olaraq dəyişən obrazını yaradırdı. Prust
heç bir vaxt Freydin əsərlərini oxumamışdı. Təbii ki Freyd də Prustu. Fəqət
ikisi də eyni qənaətə gəlmiş, dünyanın anlaşılmazlığına eyni prinsiplərlə işıq
tutmuşdular. Prust obrazlarını yaradarkən mütləq onların şüuraltını hədəfləyir
və vasvasılıqla onu incələyir, təhlil edirdi. Bəzən sanki hansısa elementi gözdən
qaçırmamaq üçün eyni dairəyə qapılıb qalırdı. Bu baxış stereoskopik, üç ölçülü
bir görünüşə malikdir. Əvvəllər heç bir yazar obrazlarını zamanın və məkanın
müşahidəsi fonunda, bu cür fərqli səbəblərlə qələmə almamışdır. Prust isə şücaət
göstərərək bu insanların məhz bu cür olması amillərini çox dərinliklərə enərək
analiz etmişdir.
M.Prustun romanında həm də ekzistensializm estetikasına xas əlamətlər var idi.
Baxmayaraq ki, bəzi tədqiqatçılar bu cərəyanın fransız ədəbiyyatı ilə
bağlılığını İkinci Dünya müharibəsi dövrünə aid edirlər.
XX əsrin əvvəllərində Avropada baş verən ictimai-siyasi, sosial,
hərbi hadisələr Avropa insanının estetik qavramında, ictimai düşüncəsində və
mənəvi təkamülündə yeni, daxili gərginliklərlə bağlı fundamental suallar ortaya
çıxarmışdı. Birinci Dünya müharibəsi insana qarşı ən böyük haqsızlıq nümunəsi
kimi travmatik sindiromlar yaratmışdı. İndi xarici aləmdən daha çox insanın
mənəvi-psixoloji aləminin inqilabı, üsyanı, müharibəsi püskürməkdə idi.
Ekspressionistlər insanın subyektiv dünyasını bütün xarici ələm mənzərəsinə
qarşı qoyur, onların depressiv, sıxıcı həyatını, tənəzzülüə uğramış ümid və
arzularını sənət dili ilə ifadə edirdi.
Frans Kafkanın, Alber Kamyunun, Jan Pol Sartrın romanlarında
bunu daha aydın görmək olur. Əslində mahiyyət etibarilə klassik Şərq
ədəbiyyatında sufizm fəlsəfəsi ilə üst-üstə düşən ekzistensializmdə insanın fərdi
kimliyi, şəxsiyyəti, “dünya və mən” kontekstində mərkəzdə olan obrazı
qabardılır. Bu estetikanın nəzəri qanunları ilə təhlil və təsvir edilən insanın
üzərinə həm də ciddi məsuliyyətlər qoyulur. İnsan obyekt və ətrafda baş
verənlərə cavabdehdir! M.Prust da həmin insanın kitabını yazmışdı. Özünün də
dediyi kimi, “daxili kitabı”nı... İçimizin romanını M.Prust qədər mükəmməl
yazan ikinci bir yazıçı hələ də yaranmayıb. Bu insanın “səssiz” səsi norveçli ekzistensialist rəssam Edvard Munkun
“Qışqırıq” əsərindəki qəhrəmanın harayı ilə eyni məna, mahiyyət daşıyır.
Prustun insanı da üzünü öz içinə, daxilinə çevirib heyrətlənən, bütün
bəşəriyyətə yad kimi görünən qərib adamdır. E.Munkun kişi və ya qadın olması
bilinməyən qəhrəmanı homoseksual olan M.Prustun eyni təbiətli qəhrəmanlarının
bir çoxunun daxili “mən” obrazı ilə ekvivalentləşir.
“Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli
qışqırıqla ağzını açmış insan təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran
ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə görə bu insan qışqırır?
Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına
baxmayaraq insanın əzabının böyük səbəbini tamşaçı özü hiss etməlidir. Aləm
bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir.
Bizim qarşımızda “cinssiz insan” durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın
qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli
qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb
parçalayan haraya elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və
doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir,
qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir.
Munk öz şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından
bağırmaq, can verən canlı orqanizmin instinktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən
qışqırıq qalır”. (Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə məqalələri
e-Antologiyası Beşinci buraxılış - V cild)
M.Prust da C.Coys kimi özündən əvvəlki
yazarları və bəzən də müasirlərini
bilərəkdən təqlid edir, bəzi hissələri onların üslubu ilə yazırdı. O.Balzak,
Q.Flober və başqalarını buna misal göstərmək olar. 1909-cu ildən yazmağa
başladığı bir milyon yarım sözdən ibarət
“İtmiş zamanın sorağında” əsərində Prust hətta əvvəlki əsərlərində
olduğundan da fərqli bir üslub nümayiş etdirdi. “İtmiş zamanın sorağında”
romanında Prustun zamanla bağlı
görüşlərinin Berqson və Haydegger
nəzəriyyəsi ilə üst-üstə düşdüyünü deyirlər. Onu da qeyd edək ki, Prust 1891-ci
ildən 1893-cü ilə qədər Berqsonun Sarbonnadakı dərslərində iştirak etmişdir.
M.Prustun qəhrəmanları
(müxtəlif sosial təbəqə nümayəndələri – kəndli, aristokrat, məmur, xidmətçi,
rahib, tələbə və s.) həyat adlı bir
boşluğun içərisində zamanı ələ keçirirlər. “Bəlkə də əsl həqiqət elə yoxluq,
heçlikdir və həyatımız, həyat dediyimiz reallıqdan uzaq yuxudur?”
Və hər şey yenidən
başlanır, yenidən təkrarlanır. Dairə təkrarı inkişafdırmı? – sualı yenidən
ortaya çıxır. Zamanı bəzən qoxular, buruna gözlənilmədən gələn iy vasitəsi ilə
də bərpa etmək olur. Necə ki, anasının
anidən təklif etdiyi çay və tort qoxusu Kombre ilə bağlı bir kitablıq xatirələrə start verir. Zaman
hisslərin əsiridir və istənilən vaxt geriyə çağrıla bilər. Süjet və hadisələr
düzümü də dairə assosasiyalıdır.
“Məsələn, romanın əlliinci
səhifəsindəki bəzi səhnələr məna-məzmun baxımından romanın üç mininci (təxminən
romanın sonu) səhifəsi ilə səsləşir. Belə çıxır ki, əvvəldə artıq son
yazılmışdı”. (M.Mamardaşvili)
Svan Odetta ilə bağlı
sevgisinin ən xoş, başlanğıc çağında dinlədiyi musiqidəki bir misranı uzun müddətdən
sonra təkrar eşidəndə həmin misra vasitəsilə (necə ki, tort parçasının qoxusu
ilə Kombre həyatını tam təfərrüatı ilə yenidən yaşamışdı) də zamanı geriyə
çevirə bilir. Prust “ölən zamanla birgə yox olmaq” taleyinə üsyan edirdi. “Bəlkə
də reallıq heç bir şey deyil və həyatımız mövcud olmayan bir xəyaldır, amma
sonra hiss edirik ki, bu musiqi cümlələri (? – İ.M) və həyatımızla əlaqəli digər
anlayışlar da hiss olunmadan yox olur. Biz məhvə məhkumuq, amma taleyimizi izləyən
bu ilahi zaman əlimizdə girovdur. Onunla birlikdə ölmək fikri isə ölümün
acılığı, sıradan bir iş olması ehtimalını azaldır”.
Həmin ecazkar və
yaddaşında keçmiş zamanla bağlı yeni bir dünya yaradan musiqi misrası haqqında,
o misranın – musiqili misranın müəllifi haqqında xəyallara dalır. Həyatının müəyyən
qarışıq məqamı ilə bağlı kod rolunu oynayan həmin əsər və dünyanın bütün dahi sənətkarları
haqqında əsl həqiqəti də kəşf edir.
Göstərir ki, hər biri bir aləm olan milyonlarca sevgi, eşq, cəsarət və
sükut notlarının kəşf olunmamış qaranlıqlarında ancaq tək-tük notlar var ki,
böyük sənətkarlar tərəfindən icad edilmişdir. Bu sənətkarların tapdıqları
motivlər içimizdəki duyğulara qarşılıq olaraq, onları oyandırmaq üçün əhəmiyyətlidir,
bir boşluq, bir heçlik zənn etdiyimiz ruhumuzun o məchul, usandırııcı qaranlığı
içində bizdən xəbərsiz nə böyük bir zənginlik və müxtəliflik gizləndiyini
anlamağımıza kömək edir. Həmin musiqi
eleminti ilə bağlı assosasiya onun daxilində sevgi və xoşbəxtlik simvolu kimi
qalmışdı. Çünki Odetta ilə bağlı ən gözəl anların xatirəsi içərisində idi.
Prust da insan xarakterinin qaranlıq dərinliklərində
əlifənərli gəzir və ədəbiyyatı musiqi, rəsm “dili”nin kəşfləri ilə zənginləşdirərək
bir elm halına gətirirdi. Elə bir elm ki orada həm psixoloq, həm də filosof və
insan fiziologiyasının sirlərini bilən mütəxəssis kimi söz demək lazım idi.
“İtmiş zamanın sorağında” romanında adı xüsusi
başlıqlarda diqqət mərkəzinə gətirilən Svan obrazı vasitəsi ilə M.Prust həmin
dövrün aristokratiya mühitinin mənzərəsini, o mühitə aid insanların maraq və əyləncə
növlərini, aristokratiya tiplərinin xarakterik cizgilərini əks etdirmişdi. Svan
müəllifin də vurğuladığı kimi, “yüksək aristokratiya mühitində intellektual
bacarığını havayı, boş-boşuna mənasız zövqlərə xərcləmiş sənətşünas” olaraq öz
dərin bilgisini aristokratiya xanımlarının xidmətində israf etmiş, onların
tablo almalarında və digər məsələlərdə yardımında olmuşdur. Onun amalı daha çox
aşiq olduğu qadınların gözündə parlamaqdır. Prust göstərir ki, dünya yaranandan
ən bacarıqlı, istedadlı insanların qazandıqları onlardan qat-qat aşağı səviyyəli
adamların yolunda xərclənir və çox zaman da əhəmiyyətsiz şəkildə. Svan da aşağı
təbəqəyə məxsus qadınlarla əlaqə quranda bundan qorxurdu. O qorxurdu ki, bir otaq xidmətçisinin
qarşısında düzgün qiymətləndirilmədiyi
üçün rəzil olar. Dərin, kədərli bir üz ifadəsi Svanın hissiyyatını dondururdu,
ancaq sağlam, dolğun bədən, çəhrayı bir üz isə emosiyalarını oyadırdı. Svanın nəzərində
səyahət etmək əvəzinə otağına qapılıb Paris mənzərələrini seyr etmək kimi,
reallıqdan uzaq qorxaqlıq yeni xoşbəxtliklərə abdalcasına arxa
çevirmək kimi bir davranışdır.
Qadınlar və sevgi məsələsinə
münasibətini ifadə edəndə isə deyirdi ki, bu yaşa gəlincəyə qədər həyatımızda
eşqə bir neçə dəfə məruz qalmışıq. Eşq bizim qarışıq və passiv, ətalətdə olan qəlblərimizdə
təkcə öz qüsursuz və dəyişməz qanunları ilə inkişaf etmir. Ona biz dəstək olur,
yaddaşın köməyi, təlqinlə onu istiqamətləndiririk. Bir əlaməti tanıdığımız
zaman digər əlamətləri də xatırladır, canlandırırıq. Sevgi mahnısını başdan
sona qədər əzbər bildiyimiz üçün, qadının başlanğıc notalarını oxumasına
ehtiyac duymuruq. “Qadın mahnını ortasından – qəlblərin bir-birinə
yaxınlaşdığı, iki adamın bundan sonra belə sadəcə bir-birləri üçün var
olacaqlarından söz açdıqları nöqtədən söyləməyə başladığı təqdirdə də, bu
musiqiyə kifayət qədər alışqan olduğumuzdan gözlənilən andan dərhal qarşılıq
veririk”.
Onun Odetta ilə münasibətlərində
açılan xarakteri qarşımıza yeni bir Svan
obrazı çıxarır. Əvvəllər davranışlarında tam səmimi görünən Odetta bu ali
kateqoriya insanına yanaşmasında etirafını açıqlayır. “Sizin kimi böyük bir
alimə mənim kimi bir qadın kömək edə bilməz, bilirəm, – deyə cavab verir
Odetta. Alimlər heyəti qarşısında qurbağaya bənzəyirəm. Amma öyrənməyi, məlumatlanmağı
çox istəyirəm. Qədim kitablara aludə olmaq,
köhnə kağızların içərisində itib-batmaq kim bilir nə qədər
zövqvericidir... Məni lağa qoyacaqsınız, bilirəm. Amma ziyarətimə gəlməyinizə əngəl
olan bu rəssam (Verneri nəzərdə tuturdu) kimdir? Adını əvvəllər heç eşitməmişəm.
Yaşayırmı? Əsərlərini Parisdə görmək mümkünmüdür, görəsən? Sizin nələri
sevdiyinizi bilmək, beynimdə canlandırmaq üçün onun əsərlərini görmək istərdim.
Bu qədər çox çalışan adamın alnının arxasında
nələr olduğunu təxmin etmək, bu başa baxıb: bax, bunu düşünür – deyə
bilmək istərdim. Çalışmalarınıza qatılmaq nə böyük xoşbəxtlik olardı!”
Svan “xoşbəxt ola bilməmək
qorxusu”nu bəhanə gətirəndə Odetta “Sevgidənmi qorxursunuz? Nə qəribə... Mənimsə
həyatda axtardığım tək şey sevgidir, onu əldə etmək üçün canımı da verərdim...
Hər halda bir qadın üzündən acı çəkdiniz.
Başqa qadınların da onun kimi olduğunu zənn edirsiniz. O sizi anlamamışdır, siz
o qədər fərqlisiniz ki... Sizdə ilk xoşuma gələn də bu idi, başqalarına bənzəmədiyinizi
dərhal hiss etmişdim” – deyən Odettanın səsi o qədər səmimi və doğma idi ki,
Svanı mütəəssir etmişdi.
Romandakı Marsel müəllif Marseldirmi? Tam da yox! Prust özü də qəhrəmanlarının
prototipi olduğunu inkar edirdi. O, sadəcə həyatın bütöv bir parçasında (əslində
bütün dünyanı və bütün zamanları ehtiva edə biləcək ümumiləşdirilmiş bir
parçasında) yaşadığı ölkənin qanunlarına, adət-ənənəsinə, siyasətinə və müxtəlif
təbəqədən olan sosial tiplərinə, dini inanc və tarixi abidələrinə tədqiqatçı
kimi yanaşır, təhlillər aparırdı.
Sosioloq, psixoloq, tarixçi və filosof kimi ədəbiyyat yaradan yazıçı
missiyasında idi. İntuisiya, aşırı həssaslıq,
yaddaş enerjisi ilə zamanı geri qaytarır, yaxalayır və eksperiment obyektinə
çevirirdi. Ağlın təhlilləri isə ikinci sırada idi. “Ağıl hissin əldə etdiklərini
araşdırıb təsdiq edir. Yəni ağıl təqibedicidir, öncül deyil. Prust bir sənətçi
olaraq dağınıq və gizli duyğuları əqli təhlillər işığı altında isbatlayanda
özündən məmnun olurdu”. (D. Şayegan)
Prust
ictimai mənzərənin obrazını bir axşam ziyafəti, bir rəsm sərgisi kontekstində, müxtəlif sosial tiplərin portret cizgiləri
fonunda bütün xırdalıqları gözdən
qaçırmadan rəsm edə bilirdi. Məsələn, Odettanın təkidi ilə Verdyurengilə axşam
yeməyinə gedilir. Orada doktor Kotar həyat yoldaşı ilə, gənc pianist xalası ilə,
rəssam, Verdyurenin köhnə dostu Sanet və başqa etimad göstərilən şəxslər bir
araya gəlib nələrisə müzakirə edirdi. Onun bir çox səhnələrdə olduğu kimi
burada da sənət adamlarını diqqət mərkəzinə gətirməsi səbəbsiz deyil. Pianoçu,
rəssam... Musiqi və rəsmlərlə dünyanı nizamlı hala gətirmək cəhdi... Doktor
Kotarın portreti ətrafında aparılan söhbət və tanışlıqlar fransız cəmiyyətində elitanın maraqları, dünyagörüş və
həyata baxış meyarları, estetik zövq kredosu haqqında mükəmməl məlumat verir.
Svanın qadınlara olan həvəsi onuağlının yox, hissinin çəkdiyi yerə yönəldir. Məsələn,
ziyafət axşamında savadlı, intellekti
olan Sanetə doğru yox, (halbuki Sanet Svanla tanış olmaq istəyirdi) pianistin
xalasına doğru yönəldir diqqətini. Prustun obraz təqdimatlarında psixoloji
duyum istedadının və başqa adamların belə hissini, duyğusunu özündə yaşada bilmə
qabiliyyəti hər səhifədə müşahidə olunur. Məsələn, pianistin xalasının bilərəkdən
anlaşılmaz şəkildə danışmasını belə izah edir: “Pianistin xalası qaranın şüx və
hər zaman diqqəti cəlb edən bir rəng olduğunu zənn etdiyi üçün yenə qara paltar
geymişdi və hər yeməkdən sonra olduğu kimi üzü qıpqırmızıydı. Svanın qarşısında
hörmətlə baş əydi, amma dərhal da məğrurcasına başını dikəltdi. Heç bir təhsili
olmadığı və qüsurlu danışığından qorxduğuna
görə sözləri bilərəkdən anlaşılmaz şəkildə tələffüz edir, bir yanlış
yapacaq olsa da, anlaşılmazlığın içində itib gedəcəyini, açıqca fərq edilməyəcəyini
düşünürdü. Buna görə də, onun
nitqi yalnız bir neçə sözün seçilə biləcəyi səs-küylü qarışıqlıqdan ibarət idi.
Svan M.Verdyurenlə söhbət edərkən, pianistin xalasının yüngül bir hiylə ilə
danışmasına fikir vermədi, lakin M.Verdyuren bunu sezdirdi”.
Prust oxucuya özünü,
daxili ziddiyyətlərini açmaq, kəşf etmək üçün sonsuz imkanlar yaradır. Öxucu öz
duyğu və hisslərinin romanı ilə üz-üzə qaldıqda heyrətlənməyə bilmir. Dünyanın
istənilən ölkəsində, istənilən dilində Prust dili ilə özünü oxuya bilmək, xəbərsiz
olduğu daxili təbəddülatlarının obrazını görmək oxucu üçün ədəbiyyatın gücünü
açmaq idi. Romanda böyük hərflə yazıla biləcək bir “Mən” obyekti var.
Milyonlarla insanın “Mən” deyə biləcəyi elə bir “Mən” ki, bəşərilik xarakteri
daşıyır. Adəm və Həvva başlanğıcına qədər gedib çıxan və əslində bəzən də Həvvasız,
sadəcə “Mən” (Adəm) ilkinliyinin darıxan halı... Adəm yalnızlığı ilə yerə, bəlkə
böyük bir boşluğa düşmək acısı ürəyini darıxdırır. Boşluqlarda zaman olurmu?
Boşluğun zamanı hansı təqvimlə hesablanır? Məkan olaraq yerlə göy arasında qalan varlıqların dünəni, bu günü və sabahı
hansı müddətlərlə məhdudlaşır? “Dünən” (əslində bütün keçmiş) hara qədər
uzadılır? Milyon, min il, yoxsa bir sutka və ya bir neçə saatlıq zaman?
Yarıyuxulu vəziyyətdə ətrafa boylanan Marsel Adəm kimi bəlkə əbədi ayrıldığı cənnəti
itirdiyinə görə ruhsuz və nəşəsizdir? Yuxuya dalanda da, yuxudan həyəcanla
oyananda da özünə doğru gedir...
“Prust hər yazarın bir iç kitabı olduğunu söylər və deyirdi ki, yazarın vəzifəsi o iç kitabı oxuyub tərcümə etməkdir... Yazar içindəki simvolları kəşf edib Misir Heroqlif yazısının oxunub tərcümə edilməsi kimi izah etməlidir.Bu həqiqət kitabı sadəcə böyük bir yazarın ortaya çıxaracağı bir şey deyildir. Bu kitab hamımızın içərisində mövcuddur, onu tərcümə etmək lazımdır. İçimizdəki adı bilinməyən simvolların kitabını oxuyanda ilk olaraq daxili dünyamızın sirlərini kəşf etmək üçün özümüzdəki yaradıcı özəlliyin fərqində olmalıyıq”. (D. Şayegan)
D.Şayegan bir maraqlı faktı da vurğulayaraq bildirir ki, amerikalı yazar Andrev Holleran bir məktubunda dostuna yazır ki, axır ki, “İtmiş zamanın sorağında”nı oxuya bildim. Təsəvvür et ki, romanı mükəmməllik səviyyəsinə çatdıran Coys artıq geridə qaldı, Prust roman yazma sənətində aşılmaz bir zirvəyə yetişdi. Elə mükəmməl və elə qüsursuz bir üslub ki “Bundan sonra nə edəcəyik?” – deyə düşünməkdən başqa bir şey qalmır bizə”.
“Ağrı, əzab sənətkarın yaradıcılığını gücləndirir. Ona görə də Prust həqiqətə yaxınlaşmağı artezian quyusundakı qaynağa yetişməyə
bənzədir. Sənətçinin çəkdiyi sıxıntı quyunun dərinliyini bildirir. Su nə qədər
dərindən çıxarsa. O qədər bərəkətli olar. Sənətçi də nə qədər acı çəkərsə, o qədər
çox özünə yaxınlaşar, yaradıcılığı onu uzaqlara aparar. Dostoyevski də belə
düşünürdü və kədəri ədəbi əsərin qaynağı olaraq görürdü”. (D. Şayegan)
Aristokrat dairədə (Svan bu dairəni “kiçik qəbilə”
adlandırırdı) “mükəmməl bir centlmen” təyini
ilə ad çıxaran Svanla tanışlıq romanın I kitabından başlanır. Gözlə görünən
böyük hadisələr baş vermir. Svanın Odettaya olan məhəbbətinin romanı isə
kontrastlı səhnələrlə doludur. Adama elə gəlir ki, Svanın daxilindəki təlatümlər,
bütün hiss və duyğularını silkələyən düşüncələr seli gözlə görünən bir məkanda gözlə görüləcək bir
şəkildə baş versəydi, bəlkə də ətraf od
tutub yanardı. Sakit görünən bir insanın mənəvi-psixoloji dünyasının inqilab və
müharibələri, məğlubiyyət və təslimçilik halları hansısa bir ölkədə baş verən
ictimai-siyasi hadisələr çəkisinə bərabər durumda inikas edilir.
Odetta cavan, gözəl və
sevimli bir qadın kimi Svanın məhəbbət romanının baş qəhrəmanına çevrilir. Hər
axşam Odettanı Zəfər Tağının arxa tərəfində yerləşən evinə gətirən Svan uzun
müddət özünü xoşbəxt hiss edir. Odettanı zövqsüzlüyü, bilgisizliyi, anlaşılmaz
və qeyri-dürüst davranışları – bütün tərəfləri ilə sevir. Sənətşünas, tədqiqatçı,
aristokratiya qanunlarının nizamlayıcı şəxsi kimi qəbul edilən Svan Odettaya
qarşı bəzən kor kimi davrandığının da fərqindədir, lakin sevgi bütün
“olmaz”ları bağışlayır.
Prust romanının mənzərələri
təkcə insan düşüncələri, hiss və duyğuları, dialoqları, sevgi və tərəddüdləri
ilə təsvir edilmir, həm də hər bir obrazın daxili simasını, həyat tərzini,
estetik baxışlarını əks etdirən zahiri element və fraqmentlərlə canlandırılır.
Odettanın yaşadığı evin zahiri təsviri də bəzi mesajlar verir. Ümumiyyətlə,
Prustun təfərrüata varma üslubunda məqsədsiz heç nə yoxdur. “Odettanın arxa tərəf
paralel küçəyə baxan, səkidən bir az hündürdə yerləşən yataq otağının sağından,
dik bir pilləkənlə tünd rəngə boyanmış, Şərq istehsalı qumaşların, türk
muncuqlarının və bir ibrişimin ucunda
(qonaqları Qərb sivilizasiyasının son ixtiralarından məhrum etməmək üçün
qazla yanan lampa) iri bir yapon fənərinin asıldığı divarların arasından keçərək,
salona və qonaq otağına çıxılırdı. Salonla qonaq otağının qarşısındakı dar dəhlizin
divarı, bağça hasarlarına bənzər ulduzlu barmaqlıqla əhatələnmişdi. Divarın sonunda dödkünc dibçəklərdə o dövrlərdə
hələ nadir olan, lakin bağbanların sonradan istixanada yetişdirə bildiyi növlərlə
müqayisə edilə bilməyən böyük xrizantemlər əkilmişdi”.
Odettanın evində Svanın
siqaret qutusunu unutması ilə əlaqədar onun qısaca məktubunda, kiçik bir yazı parçasında belə xarakteristika mesajı
verilir. “Tələsik, iri hərflərlə, səliqəsiz, ingilis sərtliyi ilə yazılmış,
savadsızlığın və dağınıq bir zehnin, iradəsizliyin işarəsi kimi görünə biləcək”
məktubda əslində sevgi dolu bir xəbər göndərilir: “Qəlbinizi də burada
unutsaydınız, onu sizə geri qaytarmazdım”.
Maraqlıdır ki, Svanın
ağlı “səliqəsizlik, savadsızlıq və dağınıq düşüncəli” qadını dərk edib olduğu
kimi qiymətləndirsə də, hissləri “Qəlbinizi
də burada unutsaydınız, onu sizə geri qaytarmazdım” hərarətinə məğlub olur.
M.Füzuli dediyi kimi “əql yar olmur”, hissin diktəsi qalib gəlir və Svanı uzun
müddət məğlub duruma sala bilir. Svanın lap əzəldən elə bir zövqü vardı ki, məşhur
rəssamların əsərlərində təkcə bizi əhatə edən reallığın görünə bilən ifadəsini deyil, əksinə, ilk baxışdan sezilməyən,
əslində isə tanış simaların gizlənən
cizgilərini tapa bilirdi. Məsələn, Antenio Rizzo tərəfindən hazırlanmış
Doge Loredanonun büstündə, məşqçi Remyunin məşhur yanaqlarını və kəsik
qaşlarını, ümumiyyətlə, ona heyrətamiz
bir bənzərliyi görürdü və s.
Ümumi intellektual və
estetik zövq baxımından Odetta onun istədiyi qadın tipi deyildi. Svan vaxtilə
tam əks tipdə olan qadın arzusunda olub. Hətta Svan bu qadına həssas estet nəzərləri
ilə baxanda, onun üzündə, bədənində gözəllik olub-olmaması sualları yaranır və
Odettanın gözəlliyi şübhə altına düşür, Svanın sevgisi sarsılırdı. Nəticədə
Svan gözəllik haqqındakı estetikasını dəyişdirib ona başqa gözlə baxır, eşqini
bərpa edib təzələyir və möhkəmləndirirdi. Hətta öpüşən zamanlarda Odettanın
simasında muzeyin ən qiymətli əsərini xəyalən canlandıra bilirdi. Svan reallıqla xəyal, canlı insanla köhnə bir
portret arasında qəribə eksperimentlər aparır, öz impravizə bacarığını konkret
olaraq tətbiq edirdi. Məsələn, xəyalən sevdiyi qadın tipi portretinin cizgilərini
və ifadə, jest elementlərini canlı qadın Odettanın simasına köçürüb onunla
sevişirdi. Əslində lap dərindən analiz edəndə Svan Odettanın şəxsində onun
özünü yox, öz estetikasındakı idealı sevirdi. Və o idealı Odettanın şəxsinə özü
köçürmüşdü. “Masanın üstünə Odettanın şəklini əvəz edə biləcək İoforanın
qızının portretini qoydu. Böyük gözlərə, cildin qüsursuzluğuna, xəyanət edən
üzünün incə xüsusiyyətlərinə, yorğun yanaqlarına düşən gözəl tellərə heyran
qaldı. Bu günə qədər estetik baxımdan gözəl hesab etdiyi şeyləri, canlı bir
qadının timsalına uyğunlaşdıraraq, bu gözəlliyi bir sıra fiziki fəzilətlərə
çevirdi, bu fəzilətlərin birləşməsini tanıdığı bir canlıda tapmağı bacardığı
üçün fərəhləndi”.
Onların münasibətləri ətrafdakı
insanlar tərəfindən təhlil edilir, müxtəlif fikirlər söylənilirdi. Məsələn,
M.Verdyuren arvadı ilə bu barədə danışanda Svanı anlamadığını, onu olduğu kimi
görünməyən biri kimi qəbul etdiyini deyir. Odettadan sonra dostları da onu
tanıya bilmirdi. Heç bir qadınla maraqlanmır, kimsə ilə məktublaşmır və s.
Prust göstərir ki, insan aşiq olanda başqalaşır, onun əvvəlki obrazı dəyişir,
qarşımızda yeni bir insan peyda olur. Svanın dostları da bu halı müşahidə edir
və təəccüblənir. Həm də sevgi əzab verdikcə dəyəri artır sanki. Svanda yaranan
ürəksıxılması halı məhz Odetta sevgisi üzündəndir. “Bəlkə də Odetta bu ürəksıxılması
sayəsində Svanın gözündə önəm qazanmışdır. İnsanlarla adətən o qədər
maraqlanmırıq, lakin bizə bu qədər acı və
xoşbəxtlik verə bilmə gücünü bir adama yüklədiyimiz üçün o adam başqa bir
dünyaya aid imiş kimi görünür gözümüzə”.
Musiqi, rəsm əsəri vasitəsilə
yaddaş oyanır və həzz duyğuları ağılla dərk edilməyən vəziyyəti aydınlaşdırırdı. Svan şairlərdən, rəssamlardan,
bəstəkarlaradn Odettaya danışır, onunla
nələrisə bölüşmək istəyirdi. Dünyanın ən məşhur sənətçilərini müzakirə etmək
istəyən Svan Odettadan bu sözləri eşidirdi: “Təbii ki, şeirlər doğru
olsaydı, şairlər bütün söylədiklərinə
inansaydılar, şeir dünyanın ən gözəl şeyi olurdu. Amma adətən şairlər dünyanın ən
mənfəətçi adamları olurlar. Söhbətdən xəbərsiz deyiləm, bir dostum bir şairə aşiq idi. Adam şeirlərində elə hey eşqdən,
göy üzündən, ulduzlardan danışırdı. Yazıq qız havayı kötək yedi, adam üç yüz
min frankını oğurladı”.
Odettanın
zövsüzlüyü, əsl sənətdən xəbərsizliyi
Svanı narahat etmirdi, hətta onun xoşuna gəlirdi. Öz-özünə “nə xoş bir çevrə” –
deyirdi. Əsl gerçək həyatı bu çevrədə yaşayırdı, bu əhatədəki insanları yüksək
aristokrat dairəsinə aid olanlardan daha çevik, daha qabiliyyətli, daha sərbəst
və azad hesab edirdi.
M.Prust yaradıcılığında
bir çox estetik “izm” əlamətləri olsa da o, XIX əsrin 60-70-ci illərində
Fransada təşəkkül tapmış imressionizm incəsənət cərəyanından daha çox bəhrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbiyyatda
daha daha geniş yayılan impressionizm
zamanın böyük hadisələri fonunda yaranmış yeni ədəbi-mədəni, fəlsəfi-estetik
zövq və baxış forması idi. Bu yaradıcılıq metodu uzun müddət davam edən estetik
baxış növü kimi böyük (K.Hamsun, M.Prust, O.Uayld, G.Bar) sənətkarlar
yetişdirdi. “Ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi”
impressionist yazıçı metodunda əsas əlamət idi. Təsadüfi detallarla, ani təəssüratlarla
böyük həcm yaradan mətnin süjetini qurmaq üslubu yeni və maraqlı idi. Həm də insanların
yaşadığı hiss və həyəcanların ədəbiyyatda bu şəkildə inikası doğmalıq
yaratmışdı.
İradə Musayeva
Ardı var
13.08.2019
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247