Təhsilin hər bir xalqın və cəmiyyətin həyatında mühüm rol oynadığı, müasir dünyamızda bu amilin öz həyati önəmini sürətlə artırdığı şübhəsiz. Lakin təəssüflər olsun ki, bəzi valideynlər övladlarının, xüsusilə də qızların təhsil almasına lazımi önəm vermir, bunu ikinci dərəcəli, bəzən isə gərəksiz bir bir iş hesab edirlər. Halbuki, günümüzün reallıqları təhsilin hər kəs üçün, qızlar üçün isə ikiqat önəm kəsb etdiyini göstərir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama veərn millət vəkili Fazil Mustafa qızların təhsil almasına xüsusi diqqət yetirməyin zəruri olduğuna diqqət çəkdi:
“Qız uşaqlarının təhsil alması məsələsində prinsipial siyasət yürüdülməlidir. Təhsilsiz qadın olmamaldıır. Bu, qadının iqtisadi müstəqilliyinin əsasıdır. Kişilər müəyyən bir ixtisas ala, yaxud gedib xaricdə işləyə bilirlər. Qadınlar üçün isə bu imkanlar məhduddur. Savadsız olanlar, təhsilsiz olanlar bəzən məcbur olur ki, öz həyatını öz iradəsindən asılı olmayan şərtlər əsasında qursun. Odur ki, qızların təhsil almasına xüsusi fikir verilməli, bu istiqamətdə daha ciddi addımlar atılmalıdır. Bu, həm vətəndaşlarımızın, həm də cəmiyyətimizin gələcəyi baxımından olduqca vacibdir”.
Seymur ƏLİYEV