Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğu, ordu daxilində rüşvət, korrupsiya, intizamsızlıq, “dedovşina” hallarnın çoxluğu düşmən mediasının özünün mütəmadi surətdə dilə gətirdiyi həqiqətlərdən biridir. Erməni ordusu üçün səciyyəvi olan başlıca problemlərdən biri də insan resursu çatışmazlığı fonunda fərariliyin artması, ordu sıralarındakı əsgərlərin ön xətdə xidmət etmək istəməmələridir.
Moderator.az erməni mənbələrinə əsasən xəbər verir ki, Paşinyan hökuməti Ermənistan ordusuna muzdlu döyüşçülər cəlb etmək, insanlarda orduda xidmətə marağı artırmaq üçün yeni layihəyə start verib. Ermənistan cəmiyyətinin ağır sosial durumudan istifadə edən Paşinyan, orduda müqavilə əsasında xidmət edəcək muzdluların mənzil probleminin mərhələli şəkildə həlli ilə bağlı layihə gündəmə çıxarıb. Layihəyə görə, Ermənistan ordusunda muzdla bəlli bir müddətdə xidmət edən hərbçilər mənzil tələbatlarını ödəmək üçün dövlətin onlara verəcəyi ipoteka kreditindən faydalana biləcəklər. Başqa sözlə desək, mənzilə ehtiyac duyan hər hansı bir erməni öz problemini həll etmək üçün ordu sıralarına daxil olmalı, illərlə erməni ordusunda xidmət etməlidir.
Məsələnin maraqlı tərəflərindən biri də bu layihədən heç də bütün muzdluların istifadə edə bilməyəcəyi ilə bağlıdır. Belə ki, hələlik müzakirə mərhələsində olan layihənin tətbiqi üçün lazım olduğundan dəfələlrə az vəsait təklif edilir ki, bu da erməni ordusundakı evsiz hərbçilərin böyük əksəriyyətinin mənzillə təminatı üçün yetərli deyil. Bu isə onu göstərir ki, Paşinyanın yeni layihəsi də erməni ictimaiyyətini aldatmaq, onlara sadəcə ümid verməklə insanları ordu sıralarına cəlb etmək, onlardan bu yolla faydalanmaq cəhdindən başqa bir şey deyil.
Seymur ƏLİYEV