Xəbər verdiyimiz kimi, sentyabrın sonundan etibarən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma Qarabağ “respublikası”nın “dövlət qurumları” və bələdiyyə orqanlarının da iştirakı ilə hərbi təlimlər keçiriləcək. Təlimlərdə məqsəd müharibə olacağı təqdirdə “dövlət qurumları”nın ordu ilə birlikdə fəaliyyətini təmin etməkdir.
Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev Qarabağda keçiriləcək hərbi təlimlərin əsl mahiyyətinə diqqət çəkib:
“Bunlara dövlət qurumu demək olmaz. Çünki Dağlıq Qarabağ dövlət deyil. Ermənilər qeyri-qanuni də olsa orada hakimiyyətin idarəetmə qurumlarını yaradıb. Idarəetmə qurumlarını bura cəlb etməkdə məqsəd Paşinyanın son zamanlar sayıqladığı bir məsələni gündəmə gətirməkdir. Paşinyan bildirir ki, Dağlıq Qarabağ danışıqlar prosesində üçüncü tərəf kimi iştirak etməlidir. Bu təlimlər qurtaran kimi Paşinyan elan edəcək ki, Dağlıq Qarabağın özünün öz “dövlət qurumları” var. Onlar ordu ilə birlikdə fəaliyyət göstərir. Onlar Azərbaycanı informasiya faktı qarşısında qoymağa çalışacaqlar. Məqsəd bundan ibarətdir”.
Seymur ƏLİYEV