Sentyabrın 18-i Milli Musiqi Günüdür.
Bəs çağdaş musiqimiz milli köklərə, dahi Üzeyir Hacıbəyov prinsiplərinə yetərincə bağlıdırmı? Musiqimizin peşəkarlıq səviyyəsi nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama verən xalq artisti Flora Kərimova Azərbaycan musiqisinin bu günü və gələcəyi baxımından pessimist olmadığını vurğuladı:
“Azərbaycan musiqisinin durumunu peşəkarlardan, musiqinin qədrini bilənlərdən, anlayanlardan, başa düşənlərdən tələb eləmək, onlardan ummaq lazımdır. Indi ara mahnıları oxumaq çox dəbdədir. Görünür, buna qazanmaq üçün, yaşamaq üçün əl atırlar. Mən onlara bir söz deyə bilmərəm. Onlar qaynayan suyun üzərindəki kəf kimidir. O kəfi gətürürsən, yerdə əsl musiqi, bu musiqini yaradan dahilər, onların davamçılarının adı qalır. Onların adı təmiz bulaq kimi insanı özünə cəlb edir. Onların zəhməti, musiqiyə göstərdikləri qayğı qalır. Ona görə də mən heç də qanımı qaraltmıram.
Bu gün bir tikə çörək üçün çox şey edirlər. Özlərini təbliğ edirlər, internetdən düşmürlər. Lakin baxın görün o mahnılar kimə lazımdır? Ayaq o mahnılara oynayır, amma ürək boşdur. Bir mahnı ki, insanı düşündürmədi, o nəyə lazımdır? “Toy olsun bayram olsun”, “Çal-çal-çal, oynasın qaynanalar” və s. kimi mahnılar görün nə qədər iz buraxdı. Onlar indiyə qədər sevilə-sevilə qarşılanır. Ara mahnılarının isə qarşısını almaq mümkün deyil. Çünki bu, yaşamaq tərzidir. Bu, onlar üçün çörək qazanmağın yeganə yoludur. Ona görə də mən qanımı qaraltmıram. Bu yol yanlış yoldur. Ona görə də onların ortaya çıxardıqları mahnılar unudulacaq.
Musiqimiz üçün yas qurmaq niyyətində deyiləm. Musiqimizin təntənəsi keçmişimizdə də var, bu gün də var. Bu gün musiqiyə qiymət verən cavanlarımız da var. Yuxarıda qeyd etdiyim mahnılar isə yaşamaq üçündür. Mən onlara nə isə desəm, onları çörək pulundan edə, xətirlərinə dəyə bilərəm. Onların zövqü artıq onların xətrinə də dəyib, onları təhqir də edib. Onların musiqiyə olan münasibəti onların özünü təhqir edib.
Bir insanın ki, zərrə qədər qiyməti yoxdur, o insan zavallı insandır. Onlar yoxdular. Onların haqqında danışmaq da lazım deyil. Bugünkü gün o təntənəyə, o varlığa alqış demək lazımdır”.
Seymur ƏLİYEV