Erməni mənbələrinin yaydığı məlumata görə, sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Maraqlıdır, əgər deyilənlər həqiqətdirsə, o zaman Ermənistanla bu cür görüşlərin keçirilməsi nə dərəcədə məntiqlidir? Azərbaycan torpaqlarının işğalı siyasətindən imtina etməyən, əksinə Qarabağın ermənilərə məxsusluğunu nümayişkəranə surətdə dilə gətirən Ermənistanla diplomatik təmasları davam etdirmək əlavə vaxt və enerji itikisi kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri bu cür təmasları davam etdirməyin tamamilə əhəmiyyətsiz olduğunu vurğuladı:
“Hesab edirəm ki, bundan sonra Paşinyan hökuməti ilə danışıqlar masasında oturub Qarabağ problemini müzakirə etmək, hansısa problemin həllinə cəhd etmək əbəsdir. Çünki Ermənistanın yeni hökumətinin fikri birmənalı olaraq ortadadır. Paşinyan ikinci dəfə “Dağlıq Qarabağ Ermənistanındır” deyə açıqlama verib. Növbəti dəfə bunu təkrarlamaqla bu fikrin yalnız Ermənistan auditoriyasına yönəlik fikir olmadığını, bunun oturuşmuş yeni hökumətin siyasəti olduğunu təsdiq etdi. Ermənistan XİN-nin Qarabağ probleminə münasibətdə üç prinsipial yanaşması diqqət çəkir. Burada hər hansı güzəştdən ümumiyyətlə söhbət getmir. Ərazi bütövlüyündən də ümumiyyətlə danışılmır. Yalnız xalqların öz müqəddəratını təyinatı, Dağlıq Qarabağın təhlükəsizliyi məsələləri önə çəkilir. Görsənir ki, Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistan hər hansı güzəşt etmək niyyətində deyil. Bu faktın özü göstərir ki, bu məsələ Paşinyan hökuməti ilə həll ediləcək məsələ deyil. Paşinyanın bu açıqlamsına hansısa don geyindirməyə cəhd etmək doğru olmamaqla yanaşı, həm də özünü aldatmaq olar.
Azərbaycan Qarabağ proleminin Ermçənistanla diplolmatik müstəvidə müzakirəsini davam etdirməklə heç nə qazanmayacaq. Bu, əbəsdir. Azərbaycan bu vaxta qədər problemi sühdən yana həll etmək arzusunu ortaya qoyub. Artıq bu istəyi bundan sonra da bütün dünyaya sübut etməyə ehtiyac yoxdur. Bütün dünya da yaxşı bilir ki, bu problem Paşinyan hökuməti ilə sülh masasında həll edilə bilməz. Paşinyanın bu açıqlaması Rusiya, ABŞ diplomatları səviyyəsində narazılıqla qarşılandı. Belə olduğu təqdirdə Ermənistanla diplomatik təmasları davam etdirmək mənasızdır”.
Seymur ƏLİYEV