Oktyabrın 18-də Azərbaycanın müstəqillik əldə etməsinin 28-ci ildönümü tamam olacaq. Maraqlıdır, bu 28 il ərzində ölkəmizin müstəqilliyini, azadlığını vəsf edən yetərincə mahnı, musiqi əsəri yaradılıbmı? Bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama verən xalq artisti, görkəmli sənətkar, professor Azər Zeynalov Azərbaycanın müstəqilliyinə həsr edilən çoxlu sayda mahnıların, musiqi əsərlərinin ərsəyə gətirildiyinə diqqət çəkdi:
“Azərbaycana və Azərbaycanın müstəqilliyinə öz əsərlərində müraciət etməyən bəstəkarımız və söz yazarımız demək olar ki, yoxdur. Biz bir millət olaraq Vətənə bağlıyıq. Yaradıcı insanlara gəldikdə isə onların hər biri ölkəmizi və onun gözəlliklərini, qürurverici tarixi məqamlarınlı əsərlərində vəsf edirlər. Xüsusilə də müstəqillik əldə edildikdən sonra bu mövzuya neçə-neçə nəğmələr bəstələnib. Xoşbəxtlik burasındadır ki, peşəkar bəstəkarlarımız və şairlərimiz Vətən müvzusuna daim müraciət edirlər. 28 il öncə Azərbaycanın müstəqilliyinin şahidi olmuş qocaman bəstəkar və şairlərdən bu günkü gənc nəslin nümayəndələrinə qədər hər biri Azərbaycanı, onun müstəqilliyini öz yaradıcılıqlarında tərənnüm ediblər. Mən də bir müğənni kimi bu mövzuya hər zaman müraciət etmişəm. Hətta müstəqillik ərəfəsində ifa etdiyimiz “Ya azad ol, ya tamam yan, Azərbaycan” sözləri ilə yaddaşlarda qalan Etibar Qasımbəylinin Məhəmməd Şəhriyarın sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısı bu günə qədər dinləyicilərin xatirindədir. Bəstəkar Tofiq Quliyevin “Bəxtiyar” kinofilminə bəstələdiyi “Rusiya” adlı mahnını 1994-cü ildə “Azərbaycan”-a çevirib ifa etdim. Bu da Azərbaycanın müstəqilliyinə sevincimdən doğmüşdu. Hətta bu günə qədər Azərbaycana və Azərbaycanın müstəqilliyinə aid əsərlər ifa etməyi özümə borc bilirəm. Bəstəkar R.Mirişlinin bəstələdiyi gözəl bir mahnısı var- “Mənim Arazım”. Bu mahnı sovetlər dönəmində lentə alındığı üçün onu nikbin obrazla ifadə etmək o dövrün tələbi idi. Hətta mahnının söz yazarı Fikrət Qocanın Araz çayının Azərbaycanı ikiyə bölməsini bəyan edən sözləri o zaman bədii şuradan keşə bilməzdi və bunun üçün sözlərdə müəyyən dəyişiklik edildi və “Araz axar şirin-şirin” sözləri ilə ifadə olundu. Bir neşə il öncə Fikrət Qoca bu tarixçəni mənə danışdı və belə qərara gəldik ki, bu mahnını Fikrət müəllimin ilk dəfə yazdığı sözlərlə yenidən lentə alaq. 2018-ci ildə bu mahnını “Araz axar qəmli-qəmli” sözləri ilə ifa etdim. Hesab edirəm ki, yeni yaranan əsərlərlə bərabər müstəqil olmadığımız dövrdə qurban verdiyimiz bədii dəyərləri bu günkü müstəqillik dövrümüzdə qaytarmağa borcluyuq. Ümid edirəm ki, müstəqilliyə qovuşduğumuz kimi ayrı düşdüyümüz doğma torpaqlarımıza da tezliklə qovuşacağıq. Son olaraq bir yaradıcı kimi demək istəyirəm ki, müstəqilliyik mövzusuna incəsənətin bütün növlərində, eləcə də musiqidə və onun digər janrlarında daim müraciət etməliyik”.
Seymur ƏLİYEV