Məlum olduğu kimi, türk ordusunun Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” anti-terror əməliyyatı uğurla davam etməkdədir. Anti-terror əməliyyatlarının bütün şiddəti ilə davam etdiyi bu günlərdə Əsəd hökumətinin Suriya ordusunu türk ordusuna qarşı göndərdiyi ilə bağlı informasiyalar yer almaqdadır.
Bəs Əsəd ordusu həqiqətən də türk ordusu ilə qarşılaşa bilərmi? Belə olarsa, bu, Türkiyənin anti-terror əməliyyatının taleyinə necə təsir göstərər?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə belə bir ehtimalın olmadığını vurğuladı:
“Suriya ordusunun türk ordusuna müqavimət göstərəcəyi ilə bağlı deyilənlər boş söhbətlərdir. Əsəd heç vaxt Suriya ordusunu türk ordusuna qarşı yönəltməyəcək. Bu cür informasiyalar sadəcə kütlə üçün ortaya atılan fikirlərdir. Suriya ordusu türk ordusu ilə vuruşmayacaq. Çünki türk ordusunun apardığı əməliyyatlar nəticə etibari ilə Əsəd üçün də faydalıdır.
Türk ordusu Suriya ərazisində olan və Türkiyə üçün təhdid təşkil edən kürd hərbi dəstələri ilə vuruşur. Hansı ki, onları Qərb ölkələri dəstəkləyir. Belə olan halda türk ordusu kürd silahlılarını əzərək hərbi-siyasi amil kimi ortadan qaldırarsa, o zaman bu, Əsəd hökumətinin də işinə yarayacaq.
Türkiyə Bəşər Əsəd hökumətini tanımır. Ondan icazə almadan Suriya ərazisinə daxil olub. Belə olan halda Əsədin əlindən bircə o gəlir ki, bu cür bəyanatlar versin. Əsəd gözləyir ki, türk ordusu tərəfindən əzilən kürd silahlıları ağıllarını başlarına yığacaq, anlayacaqlar ki, xarici qüvvələrə bel bağlamaq ağılsızlıqdır. Bunu anladıqdan sonra Dəməşqə gəlib Bəşər Əsədə yalvarıb bağışlanmaq istəyəcəklər. Bəşər türk ordusunun qalibiyyətini gözləyir. Başa düşür ki, əliyalın kürdlər daha sözəbaxan olacaq”.
Seymur ƏLİYEV