Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının ikinci ildönümü təntənəli şəkildə qeyd edildi.
Maraqlıdır, Mənəvi Dəyərlərin Təbliği Fondunun 2 ilik fəaliyyəti cəmiyyətimizin həyatında, düşüncə tərzində hansı dəyişikliklərə səbəb olub? Ümumiyyətlə, belə bir fondun fəaliyyəti xalqımızın, dövlətimizin bu günü və gələcəyi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd etdi:
“Mənəvi dəyərlərsiz dövlətçilik yoxdur. Mənəvi dəyərlərsiz xalq yoxdur. Bizim mənəvi dəyərlərimizin min illik tarixi var. Sadəcə, dövlətimiz Mənəvi Dəyərlərin Təbliği Fondunu yaratmaqla bir təşkilatlanma həyata keçirdi. Müxtəlif tədbirlərin keçirilməsi, daha mütəşəkkil təbliğat işinin gerçəkləşdirilməsi, milli, mənəvi, dini dəyərlərin qorunub saxlanılması məqsədi ilə belə bir qurumun yaradılmasına qərar verildi. Bu iki il ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu öz fəaliyyəti ilə özünü doğrultdu. Həm paytaxtda, həm də regionlarda çoxsaylı tədbirlər keçirildi. Mənəvi dəyərlərimizin təbliğ edilməsi, dəstəklənəsi istiqamətində böyük işlər görüldü.
Mənəvi Dəyərlərin Təbliği Fondunun mövcudluğu bizim hər birimizə mövcudluğumuzun kökündə mənəvi dəyərlərin durduğu gerçəyini də xatırladır, bu gerçəyi unutmağa qoymur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti cəmiyyət tərəfindən də maraq və təqdirlə qarşılanmaqdadır. Bu fondun fəaliyyəti Azərbaycanın inkişafının kökündə həm də zəngin mənəvi dəyərlərin dayandığını bütün dünyaya nümayiş etdirir”.
Seymur ƏLİYEV