Hər bir ölkədə demoqrafik vəziyyəti əks etdirən dəqiq siyahıyaalınma prosesinin həyata keçirilməsi, statistik işin yüksək səviyyədə təşkili bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Çünki bu siyahıyaalınma sadəcə, həmin ölkədə əhalinin sayını müəyyənləşdirmir. Bu, eyni zamanda xalqın “qocalma” və “cavanlaşma” tempini öyrənməyə, onun əmək qabiliyyətini və intellektual səviyyəsini müəyyənləşməyə, demoqrafik artımın sürətini təyin etməyə, habelə, bu göstəricilərdən irəli gələn digər məsələləri düzgün yerinə yetirməyə kömək edir.
Iqtisadi tərəqqi üçün “qızıl xəritə”, yaxud uğurun bir nömrəli şərti...
Əhalinin siyahıyaalınması dayanıqlı inkişaf üçün ən mühüm informasiya mənbəyidir. Əhalinin siyahıyaalınma prosesinin fundamental, davamlı inkişafı necə, hansı şəkildə şərtləndirdiyini daha yaxşı anlamaq üçün bəzi məqamlara diqqət yetirmək kifayətdir.
Məlumdur ki, istənilən iqtisadi tərəqqinin kökündə mövcud imkanların düzgün qiymətləndirilməsi, xammal bazası, istehlakçı potensialı, rəqabət mühitinin hərtərəfli öyrənilməsi və s. dayanır. Istənilən istehsal prosesinin arxasında insan faktorunun dayandığını nəzərə alsaq, bütün prosesin ən çox bu amildən – insan faktorundan asılı olduğu aydın olar. Bu isə o deməkdir ki, dayanıqlı, sistemli inkişafa nail olmaq üçün öncə bu faktorun – insan amilinin hərtərəfli öyrənilməsi və təhlili vacibdir.
Başqa sözlə desək, iqtisadi-sosial tərəqqiyə gedən yolun başlanğıcı məhz “demoqrafik xəritə”nin öyrənilməsindən keçir. Məhz bu “xəritə” istənilən ölkə və coğrafiyada məskunlaşan insanların sadəcə sayını deyil, onların cins və yaşını, dini və etnik mənsubiyyətini, əlillik göstəricisini, miqrasiya və təhsil səviyyəsini və s. kimi xüsusiyyətlərini öyrənməyə imkan verir. Bütün digər addımlar məhz bu informasiya üzərində “inşa edilir” ki, bu da nəticə olaraq hədəflənən uğurun sığortalanmasını təmin edir. Başqa sözlə desək, bu gün müasir dünyada dayanıqlı inkişafla bağlı ən təkmil baxış ilk növbədə “ali kapital” olan insanı öyrənməyə, inkişaf üçün gərəkli addımları onun mövcud potensialına uyğun ölçüdə atmağı tələb edir.
17 məqsəd və 169 hədəfdən ibarət yeni strategiya: Yeni hədəflərə yeni tələblərlə...
Xalq və toplumların dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyət və fərdlərin potensialının düzgün dəyərləndirilməsi müasir dünyamızda əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Təssadüfi deyil ki, beynəlxalq miqyasda “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı proqram qəbul edilib ki, bu proqram 17 qlobal məqsəd və 169 hədəfdən ibarətdir. Məlum proqram dayanıqlı inkişafı təmin etmək üçün əhali haqqında tam, dolğun və hərtərəfli informasiya bazasının yaradılmasıı və bu bazadan istifadəni nəzərdə tutur. Proqram iştirakçıları hesab edir ki, məhz “insan xəritəsi”nin müfəssəl mövcudluğu fonunda ciddi inkişafa nail olmaq, xalq və dövlətlərin daha yüksək sosial-iqtisadi tərəqqisinə nail olmaq mümkündür.
Xatırladaq ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı proqram ölkəmiz tərəfindən də öyrənilməkdə və beynəlxalq təcrübədən istifadə edilməkdədir.
Siyahıyaalınmanı Qarabağ probleminin həlli baxımından önəmli edən nədir?
Əhalinin dəqiq siyahıyaalınması, onun demoqrafik durumunun mənzərəsinin müəyyənləşdirilməsi Qarabağ probleminin taleyi baxımından da mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, məşhur politoloqların böyük əksəriyyəti bu faktoru Qarabağ probleminin həlli baxımından üç önəmli amildən biri hesab edir. Məsələn, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Qarabağ müharibəsinin taleyi gec və ya tez dərəcədə üç mühüm amildən asılı olacaq ki, onlardan biri iqtisadi tərəqqi, digəri hərbi inkişaf, üçüncüsü isə demoqrafik yüksəlişdir. Hansı ki, Azərbaycan hər üç göstəriciyə görə işğalçı Ermənistanı əhəmiyyətli dərəcədə üstələməkdədir. Əhalinin siyahıyaalınması ölkəmizin demoqrafik durumunu aydın şəkildə əks etdirir ki, bu da Qarabağ uğrunda hər an başlana biləcək müharibəyə hazırlıq baxımından vacibdir. Daha dəqiq desək, bu statistika insan resursunun düzgün heablanması və qruplaşdırılması baxımından böyük önəm kəsb edir. Bu isə əhalinin siyahıyaalınmasının dayanıqlı inkişafla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha etibarlı şəkildə təmini baxımından da önəmli rol oynadığını göstərir.
Əhalinin siyahıyaalınması sosial-iqtisadi inkişafa hesablanan milli proqramların mayakı rolunda
Məlumdur ki, son illər prezident İlham Əliyevin rəhbərliyi və tövsiyyəsi ilə sosial-iqtisadi tərəqqiyə hesablanan bir sıra milli proqamlar qəbul edilib ki, bunlardan da biri “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlıdır. Ölkə başçısının 2016-cı il 6 oktyabr tarixli fərmanına əsasən yaradılan bu Şura, inkişaf üçün gərəkli olan prioritetlərin müəyyən edilməsini, dayanıqlı inkişaf üçün həyata keçiriləcək islahatların əsas istiqamətlərini müəyyən etməyi nəzərdə tutur. Lakin bu Şuranın fəaliyyəti üçün də tələb olunan ən əsas informasiya əhalinin statistikası, bu statistikanın mümkün qədər əhatəliyidir. Yalnız belə bir statistika mövcud olduğu təqdirdə dayanıqlı inkişaf üçün doğru addımın atılması mümkündür. Bu isə o deməkdir ki, əhalinin siyahıyaalınması, bu statistikanın müfəssəlliyi sosial-iqtisadi inkişafa hesablanan bütün milli proqramların icrası baxımından da həyati əhəmiyyət kəsb edir.
Xatırladaq ki, müstəqil Azərbaycan tarixində ilk siyahıyaalınma 1999-cu ildə, ümummilli lider Heydər Əliyevin 22 fevral 1996-cı il tarixli sərəncamı əsasında keçirilib.
1-10 oktyabr 2019-cu il siyahıyaalınması: Uğurlar, problemlər, perspektivlər...
Məlum olduğu kimi, cari ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin siyahıyaalınması həyata keçirildi. Əvvəlki siyahıyaalınmalarla müqayisədə bu dəfə siyahıyaalınma prosesi, bunun önəmi ilə bağlı təbliğat kampaniyasının daha geniş şəkildə təşkil edilməsi, KİV-də, ictimai yerlərdə bu barədə daha çox məlumatlandırıcı informasiyanın yer alması təqdirəlayiq hal kimi qeyd oluna bilər. Media nümayəndələri arasında “Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda müsabiqənin keçirilməsi də siyahıyaalınmanın önəminin təbliği baxımından mühüm addımlardan biridir. Lakin siyahıyaalınma prosesi başa çatandan sonra sosial şəbəkələrdə, habelə bir sıra media orqanlarında bəzi insanların siyahıyaalınma prosesindən kənarda qalması ilə bağlı informasiyalar yer almağa başladı.
Məsələn, sakinlərin verdiyi məlumata görə, 40-a yaxın universitet müəlliminin yaşadığı Yasamal rayonu, Yeni Yasamal, Kənar Dairəvi küçəsi, 11 ünvanında yerləşən binada siyahıyaalınma aparılmayıb və yalnız sakinlərin müraciətindən sonra Yasamal Rayon İcra Hakimiyyəti vətəndaşlara müraciət edərək onların da siyahıya alınacağını bildirib.
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, siyahıyaalınmanın nəticələrinin qiymətləndirilməsi üçün xüsusi komissiyanın yaradılması faydalı ola bilər:
“Siyahıya almanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya siyahıyaalma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitirinq edilməsini həyata keçirirə bilər. Bu baxımdan əhatəlik dairəsi və eyni zamanda siyahıyaalmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var”.
Şübhəsiz ki, hər zaman beynəlxalq təcrübənin öyrənilməsinə böyük maraq göstərən Dövlət Statistika Komitəsi siyahıyaalma prosesinin daha dəqiq icrası baxımından müasir dünyada özünü doğruldan sistem və texnologiyaların tətbiqinə nail olacaq, bununla da ölkəmizin demoqrafik mənzərəsinin daha dəqiq görüntüsünün əldə edilməsinə nail olacaq.
“Siyahıyaalınma iqtisadi siyasəti müəyyənləşdirən faktorlardan biridir”
Əhalinin siyahıyaalınmasının mühüm əhəmiyyətə malik olduğunu bildirən iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, əhali ilə bağlı statistika insan kapitalının inkiaşf tempini müəyyənləşdirməklə yanaşı, məşğulluq probleminin sərhədlərini müəyyənləşdirməyə imkan verir, bu problemin həlli istiqamətində daha dəqiq adddımlar atmağı stimullaşdırır:
“Əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.
BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial-iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, (halbuki, bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümükündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri-rəsmi məşğulluq, qeyri leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki, bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır”.
Göründüyü kimi, siyahıyaalınma sadəcə sıradan bir statistika deyil. Bu, dayanıqlı inkişafı təmin edən bir nömrəli informasiya bazasıdır. Hansı ki, bunsuz heç bir təşəbbüs fayda verə, lazımi rassional sonluqla nəticələnə bilməz. Bu baxımdan 1-10 oktyabr siyahıyaalınması, həm də iqtisadi inkişafımıza hesablanan mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.
Seymur ƏLİYEV
Məqalə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.