Məlum olduğu kimi, bir müddət bundan öncə YAP-ın icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır” hərəkatının yaradılması təklifi ilə çıxış edib.
Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə, bu hərəkata cəmiyyətdə böyük maraq olduğunu, bunun sosial sifariş əsasında meydana çıxdığını vurğuladı:
“Qarabağ Azərbaycandır” hərəkatı təşkilati struktur deyil. Bu bir hərəkatdır. Bu, cəmiyyətin, onun ayrı-ayrı üzvlərinin, torpaqlarımızın azad edilməsində maraqlı olan hər bir kəsin təmsil oluna biləcəyi bir hərəkatdır. Bu hərəkat cənab prezidentimizin Rusiyada Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərlərinin iştirak etdiyi bir tədbirdə “Qarabağ Azərbaycandır və nida” ifadəsindən sonra meydana çıxdı. Gründüyü kimi, Azərbaycan xalqının iradəsi cənab prezident tərəfindən qəti şəkildə ortaya qoyuldu. Ölkə başçısı bir kəs daha bildirdi ki, Azərbaycan bu məsələdə heç vaxt heç kimə güzəştə getməyəcək. “Qarabağ Azərbaycandır” hərəkatının yaradılmasında məqsəd də cəmiyyətin bu sahədəki potensialını ortaya qoymaq, müxtəlif tədbirlər keçirmək, daha geniş təbliğat işləri aparmaq, gənc nəslin Qarabağ probleminin tarixi ilə bağlı məlumatlandırılması, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hər kəsin bu məsələdə fəallığının təmin edilməsidir. Bu, Azərbaycanın bu günü və sabahını birləşdirən bir hərəkatdır. Artıq bu hərəkatın yarandığını, dəstək qazandığını demək olar. Ölkəmizin müxtəlif bölgələrində bununla bağlı tədbirlərin keçirilməsi, gənclərin bu hərəkata böyük maarq göstərməsi, vizual təbliğat vasitələrinin yayılması, telekanallarda bununla bağlı verilişlərin yer alması, sosial şəbəkə istifadəçilərinin bu ideyanı dəstəkləməsi göz önündədir. Bu, göstərir ki, “Qarabağ Azərbaycandır” hərəkatı zamanın sosial sifarişidir”.
Seymur ƏLİYEV