Fransa parlamentinin 60 üzvü Suriyada apardığı anti-terror əməliyyatları səbəbi ilə Türkiyənin NATO-dan çıxarılması, habelə bu ölkəyə qarşı eyniylə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar kimi sanksiyaların tətbiqi ilə bağlı müraciət imzalayıb.
Maraqlıdır, Türkiyənin indiki məqamda NATO-dan uzaqlaşdırılması mümkündürmü? Əgər belə bir addım atılarsa, doğrudanmı bu məsələdə itirən sadəcə Türkiyə olacaq?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bu barədə deyilənlərin heç bir ciddiyyət kəsb etmədiyini vurğuladı:
“Bu məsələ Türkiyənin Suriyada anti-terror əməliyyatı aparılmasından sonra gündəmə gətirildi. Əvvəlcə bu cür fikirlər Amerikada səsləndirildi. Indi isə görürük ki, Avropada da bu cür təkliflər səslənməkdədir.
Qeyd edim ki, Türkiyənin NATO-dan uzaqlaşdırılması mümkün deyil. Türkiyə NATO üçün vacib ölkədir. Təsəvvür edin, Türkiyəni NATO-dan çıxarsalar, həm ABŞ, həm də Avropa Avrasiyada bütün rıçaqları itirəcəklər. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da açılamasında qeyd edib ki, Türkiyə ilə müansibətləri korlaya bilməzlər. Çünki Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. Türkiyə yeganə islam ölkəsidir ki, NATO-nun üzvüdür. Türkiyə bu mənada ABŞ və Avropa üçün çox vacib dövlətdir.
Bu gün bəzi qüvvələr Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatlarına qarşı çıxaraq Türkiyəni zəiflətməyə çalışırlar. Ona görə də bu cür təkliflər səsləndirirlər. Lakin unutmayaq ki, rəsmi strukturların verdiyi açıqlamalar fərqlidir. Nə ABŞ və Fransa prezidentləri, nə də Almaniya kansleri Türkiyənin NATO-dan çıxarılması ilə bağlı fikir səsləndirməyiblər. Bilirlər ki, bu, onların da marağına ziddir. Buna görə də inanmıram ki, bu cür təkliflər reallıqda öz əksini tapsın.
Bu günlərdə Fransa prezidenti, Almaniya kansleri və Böyük Britaniyanın baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyirlər. Bunu da nəzərə alsaq, o zaman Türkiyənin NATO-dan çıxarılması kimi bir addımın atılması ehtimalınım çox zəif olduğu anlaşılar”.
Seymur ƏLİYEV